Azərbaycanda bir sıra xarici media quruluşlarının yerli şöbələri və büroları sərbəst fəaliyyət göstərir. Bunlardan biri də "Azadlıq" radiosudur. O radio ki, bütün dünyada ABŞ-ın siyasətini həyata keçirir və fəaliyyət göstərdiyi ölkələrdə antimilli, antidövlət səpkili proqramlar yayımlayır.
Saxta "Azadlıq" nəğmələri
Bu radio ilə tanışlığımız sovet hakimiyyətinin son illərindən- Azərbaycanda Milli Azadlıq Hərəkatının vüsət aldığı zamanlardan başlayıb. Mirzə Xəzərin təqdimatında Münhendən yayımlanan bütün verilişləri böyük maraqla dinləyirdik. O zamanlar "Azadlıq" radiosu kapitalist dünyasından təcrid olunmuş, bir növ informasiya blokadasında yaşayan sovet vətəndaşları üçün əsas xəbər qaynağı idi.
Radionun efirində xaricdə baş verənlərlə yanaşı, SSRİ-də yaşananlar da açıq şəkildə yayımlanırdı. Milli azadlıq mübarizəsi zamanı dünyanın altıda birini əhatə edən qüdrətli bir dövlətin daxilində mehriban yaşayan xalqların milli hisslərinin qızışdırılması və dövlətə qarşı mücadiləyə təhrik olunmasında bu radionun da önəmli rolu var idi.
Radionun Azərbaycan bölməsinin efirində daim cənublu-şimallı milli problemlərimiz işıqlandırılır, xalq mərkəzi hakimiyyətə qarşı milli mücadiləyə təhrik olunurdu. Yeri gəlmişkən, eyni missiyanı "Amerikanın səsi" radiosu da həyata keçirirdi.
O zaman sadəlövh gənclər olaraq bizlər bunu "sivil dünya"nın milətimizin halına yanmağı kimi anlayırdıq. Gerçək amacın millətlərarası münasibətləri qızışdıraraq Sovet İttifaqını içdən parçalamaq kimi müdhiş və qlobal strateji planı həyata keçirmək olduğunu sonralar- artıq bu nəhəng superdövlət dağıldıqda anladıq.
"Azadlığ"ın azad olmayan efir yayımları
Müstəqlliyimizi bərpa edəndən sonra ölkədə azad mətbuat ortaya çıxdı və xarici yayımlara tələbat azaldı. Lakin bu qlobal yayım qurumları ölkəmizdə olan media azadlığından yararlanıb, paytaxtımızda bürolarını açdılar və ölkənin içində fəaliyyət göstərməyə başladılar.
Hazırda "Azadlıq" radiosu anti-Azərbaycan siyasəti yürütməkdə davam edir. Radionun verilişlərini və internet saytında yaydığı məqalələri analiz etdikdə ortaya maraqlı mənzərə çıxır- "Azadlıq" radiosu bütün fəaliyyətini Azərbaycanda siyasi, dini, sosial gərginliyi artırmağa, cəmiyyətdə qarşıdurmalar yaratmağa istiqamətləndirib.
Misal üçün, baxın, ABŞ dövlətinə məxsus olan və Vaşinqtondan idarə olunan bu radio məscid adlandırılan qanunsuz bir tikilinin sökülməsini neçə şişirdir, radikal dindarların icazəsiz aksiyalarını necə dəstəkləyir, dövlət və cəmiyyətlə dindarlar arasında münasibətləri gərginləşdirmək üçün hansı texnologiyalardan istifadə edir? Hicabın hətta orta məktəblərdə təhsil alan azyaşlı uşaqlara belə geyindirilməsinə şərait yaradılmasını necə təbliğ edir?
Yaxud, ölkədəki siyasi müxalifətlə iqtidar arasındakı narazılıqları necə gücləndirir, onların funksionerlərini bir-birilərinə qarşı açıqlamalarını necə şişirdiliş şəkildə cəmiyyətə çatdırır? Hansısa sosial problemləri qabardaraq insanlarda dövlətə qarşı inamsızlıq yaratmaq, hakimiyyət-cəmiyyət münasibətlərini gərginləşdirmək üçün hansı oyunlardan çıxır? Özü də bütün bunlar demokratiya, insan haqları kimi adlar altında necə cəmiyyətə sırınır.
"Azadlığ"ın "demokratiya" dərdi
Maraqlıdır, "Azadlıq" radiosu demokratiya beşiyi kimi təqdim etdiyi ABŞ-da və bir çox Avropa ölkələrində ölüm hökmünün ləğv edilmədiyini, xarici yerüstü yayımların ölkə ərazisinə soxulmasına imkan verilmədiyini, zəncilərin hələ də aşağılandığını, Amerika əsgərlərinin İraqda, Vyetnamda, Koreyada, Əfqanıstanda və s. ölkələrdə dinc sakinlərə necə divan tutduğunu... bilə-bilə başqa ölkələrdən hansı demokratiyanı tələb edir?
Bir şey maraqlıdır- həmişə islamafobiyadan danışan, dinin güclənməsini istəməyən kimi görünən ABŞ əcəba nədən başqa ölkələrdə hətta təhlükəli hesab etdiyi və terrorçuluqda ittiham etdiyi radikal dini qruplaşmalara yardım edir, onları müdafiə edir? Nədən Vaşinqtona bağlı təşkilatlar başqa ölkələrdə heç bir ictimai dayağı olmayan siyasi, dini qüvvələri dəstəkləyir, nədən sosial problemləri qərəzli şəkildə təqdim edir?
Bura Azərbaycandır, ser!
Son vaxtlar Yaxın Şərq ölkələrində törədilən və "Ağ Ev"dən idarə olunan daxili qarşıdurmalar həmin ölkələrdə fəlakətli nəticələrə gətirib çıxarıb. 2 aydır ki, bu ölkələrdə qan su yerinə axır. Şəhərlər xaraba qoyulub, günahsız insanlar öldürülür. Amma Vaşinqtonu bunlar yox, hakimiyyətin dəyişməsi maraqlandırır.
ABŞ-ın nədən türk və ərəb dövlətlərində radikal islamçılara dəstək verdiyinin, zərərli dini meyilləri gücləndirməyə çalışdığının gerçək səbəbini anlamaq çətin deyil. Dindar kütlə əsasən savadsız, mövhumata meyilli olur, dünyanın siyasi-iqtisadi mənzərəsini analiz edə bilmir, təhsildə, elmdə, mədəniyyətdə yeni dövrün tələblərinə cavab verə bilmir və s. Nəticədə zəif, geridə qalmış ölkələr ortaya çıxır ki, onları da idarə etmək və sümürmək asan olur. Bu qədər bəsit...
Bir sözlə, ABŞ-ın dünyada və bizim bölgədə pis nəticələr doğuracaq siyasəti güclü informasiya təbliğatı aparılmaqla, ictimai zəmin yaradılmaqla həyata keçirilir. Bu prosesi həyata keçirən media quruluşlarından biri- Dövlət Departamentinin yayım orqanı olan "Azadlıq" radiosu heç günahsız öldürülən, şikəst edilən, dilənçi kökünə salınan milyonların səsini eşitmir-eşitdirmir, amma amerikan casusları ifşa edilərək, həbs olunanda şivən qoparır.
Beləliklə, ABŞ Dövlət Departamentinin nəzarətində olan qlobal media quruluşları sırf Vaşinqtonun siyasətini yeritməklə qalmır, eyni zamanda, ölkələrə təzyiq vasitəsi kimi istifadə edilir. Azərbaycanda bu missiyanı yerinə yetirən ən böyük qurum isə "Azadlıq" radiosudur.
Bu radio öz qərəzli fəaliyyətini hələ də davam etdirir. Baxmayaraq ki, indiyədək qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Ola da bilməz! Çünki bura nə Pakistan, nə də Əfqanıstandır, bura Azərbaycandır! Azərbaycanda vətəndaş həmrəyliyi, dövlət-xalq birliyi güclüdür- belə ölkələri isə içdən parçalayıb dağıtmaq qeyri-mümkündür.