"Qəzzafinin davranışı nə qədər ekstravaqantdırsa, İranda şiələrə qarşı davranış bir o qədər məntiqsiz və ziddiyyətlidir"
"5 şiənin ölümünə görə Bəhreyndən səfirini geri çağıran İran İslam Respublikası 30 min şiənin qanını tökmüş, 1 milyon şiəni qaçqın vəziyyətinə salmış Ermənistanda səfiri geri çağırsaydı, indi Bəhreyndə bəlkə də belə vəziyyət yaranmazdı". Bu fikirləri Milli.Az xəbər portalına açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirib.
Politoloq deyir ki, İranın qonşuluğunda Bəhreyndə Qərbin və Səudiyyə Ərəbistanın belə rəftarı zahiri baxımdan məntiqli görünür. "İranın şiələrə qarşı davranışının təhlili paradoksal maraqlı nəticələrə gətirib çıxarır. İranın davranışından belə başa düşmək olar ki, bu ölkə İraq, Bəhreyn, Azərbaycan və Səudiyyə Ərəbistanındakı şiələrdən öz maraqları üçün istifadə edir. Bu zaman İran adı çəkilən ölkələrdəki şiələrin dini və vətəndaş hissiyyatı ilə rəzilcəsinə rəftar edir" - deyən M.Əhmədoğlu əlavə edib ki, İraqda müharibə zamanı ABŞ desantçıları səhvən İranın ərazisinə düşdü. İran hərbiçiləri bataqlığa düşmüş ABŞ desantçılarının əyin- başını təmizləyib öz maşınlarında İraqla sərhədə apardılar. Ermənistan isə 20 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Qarabağ müharibəsində ermənilər böyük əksəriyyəti şiə təriqətli olmaqla 20 min azərbaycanlını qətlə yetirib, 1 milyon azərbaycanlını didərgin salıb: "İran belə Ermənistana 20 il ərzində 2 milyard dollarlıq investisiya yatırıb. Elə ABŞ da 20 il ərzində Ermənistana 2 milyard dollar yardım edib. Azərbaycan və İraqa qarşı İranın belə davranışını Qərb dünyası düzgün başa düşür və başa düşdüyü istiqamətdə də planlar qururlar". Ərəb dünyasında son hadisələrdə Qərbin və Ərəb dünyasının belə sərt davranışı Liviyaya və Bəhreynə qarşı oldu. Liviyanın lideri M. Qəzzafinin zahiri davranışı nə qədər ekstravaqantdırsa, İran İslam Respublikasında şiələrə qarşı davranışı bir o qədər məntiqsiz və ziddiyyətlidir - politoloq belə hesab edir.