BQXK əsirlərin qaytarılması üçün Azərbaycan və Ermənistan tərəfi ilə danışıqlar aparır
Həm Azərbaycan, həm də Ermənistan rəsmiləri tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciətlər daxil olub ki, qurum əsirlərin qaytarılması ilə bağlı vasitəçilik etsin. Bu barədə SİA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi də insanların öz ölkələrinə qaytarılması üçün vasitəçilik xidmətlərini təmin etməyə hazır olduğunu bildirib. Prosesin baş verməsi üçün hazırda danışıqların davam etdiyini deyən İ.Hüseynova qeyd edib ki, bunun nə zaman başlanacağı isə iki ölkənin müvafiq qurumlarından asılıdır. "BQXK o halda vasitəçilik edir ki, həmin şəxs öz arzusunu bildirir və ölkəsinə qayıtmaq istəyir. Qarşı tərəf də həmin şəxsi qaytarmağa razılıq verdiyi, digər tərəfin də həmin şəxsi qəbul etməyə razı olduğu halda BQXK vasitəçilik xidmətlərini həyata keçirir. Qeyd edim ki, hazırda Ermənistanda 2 azərbaycanlı hərbi əsir var. Azərbaycanda isə Ermənistanın 3 nəfər hərbi əsiri, 6 nəfər mülki internə olunmuş şəxsi var. 6 nəfər mülki şəxsdən 5-i bir ailənin üzvüdür", - deyə o əlavə edib.