Əhməd Davudoğlunun müşaviri Azərbaycana səfər edəcək
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdrmalar Mərkəzinin direktoru, xarici işlər naziri Əhməd Davudoğlunun müşaviri, professor Bülənt Arasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. SAM-dan SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdrmalar Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandum imzalanacaq. Türkiyəli qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidləri yad edəcək, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaqlar.
Azərbaycana səfər çərçivəsində Bülənt Aras və onun başçılıq etdiyi nümayəndə heyəti cəbhə xəttində yerləşən "N" saylı hissəyə baş çəkəcəklər. Həmçinin Türkiyə XİN-nin Strateji Araşdırmalar Mərkəzinin direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dəyişən dünya sistemi və onun Cənubi Qafqaz regionuna təsiri" mövzusunda mühazirə ilə çıxış edəcək.