PDF Oxu

Araşdırma

  • 11

Müharibənin başlanması reallığa çevrilə bilər

Müharibənin başlanması reallığa çevrilə bilər
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi Azərbaycanı konkret hərbi variant üzərində düşünməyə vadar edə bilərmi? Sizcə, müharibə başlayarsa, beynəlxalq güclərin buna reaksiyası necə ola bilər? Bu suallara aydınlıq gətirmək üçün, politoloq Elman Nəsirova müraciət etdik.
- Ümumiyyətlə, Ermənistanın apardığı siyasət müddətsiz və primitiv danışıqlardan ibarətdir. Yəni, burada işğalçı ölkə, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların vaxtını uzatmaq istəyir. Bildiyiniz kimi, Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında qeyd edib ki, biz bu danışıqlara, sadəcə, danışıqlar naminə getmirik, konkret nəticə əldə etmək üçün gedirik. Nəticə isə odur ki, Azərbaycan torpaqlarının işğaldan azad olmasını özündə ehtiva edir. Belə olan təqdirdə isə, heç şübəsiz ki, Azərbaycanın xarici siyasətində, Dağlıq Qarabağ probleminin həlli, bir nömrəli məsələdir. Bu məqsədə nail olmaq üçün Azərbaycan hərb yolundan da bir vasitə kimi istifadə edə bilər. Yəni, istənilən halda Azərbaycan hərbi yola əl ataraq, işğal altında olan torpaqlarını azad etməyə hazırdı. Bildiyiniz kimi, BMT nizamnaməsinin 51-ci maddəsi də bizə bu hüququ verib. Həmin maddədə aydın şəkildə qeyd olunub ki, ölkə ərazisi hərbi müdaxiləyə məruz qalarsa, həmin ölkənin hərbi və kollektiv müdafiə hüququ var. Beynəlxalq hüquq da bizə hərbi yolla Dağlıq Qarabağ münaqişəsini həll etmək ixtiyarını və hüququnu verib. Amma indiki məqamda, Azərbaycan tərəfi düşünür ki, hələ ki, bu danışıqları tamamilə dayandırmağın vaxtı gəlib çatmayıb. Bu baxımdan da, martın 5-də Soçidə, Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticəsi, bundan sonrakı proseslərə xeyli dərəcədə aydınlıq gətirəcəkdir. Yəni, ola bilsin ki, bu danışıqlardan sonra, Ermənistanın mövqeyində müəyyən mənada müsbətə doğru dəyişiklik olsun. Amma ola bilsin ki, Ermənistan, həmişə olduğu kimi, əvvəlki vəziyyətində qalsın və heç bir dəyişiklik olmasın. Əgər dəyişiklik olmayacaqsa, bu danışıqların kəsilməsi ehtimalı böyük ola bilər. Belə olacağı təqdirdə, artıq açıq şəkildə müharibəyə hazırlıq və müharibənin başlanması reallığa çevrilə bilər. Bu baxımdan da, martın 5-də Soçidə keçiriləcək prezidentlərin görüşü diqqət mərkəzindədir.
Təbii ki, beynəlxalq güclər müharibənin başlanmasının əleyhinədir. Xüsusilə də, Minsk Qrupunun həmsədri olan ölkələr, müharibənin başlanmasını istəmir. Amma məsələ ondadır ki, bunu istəməyən tərəflər gərək onun da fərqində olsunlar ki, Azərbaycan da bu müharibəni başlamağını istəmir. Ancaq Azərbaycan tərəfi məcburən müharibə variantını seçə bilər. Hesab edirəm ki, Azərbaycan dövləti o halda, hərbi varianta əl atacaqdır ki, bütün hallarda dinc tənzimlənmə prosesi tükənəcək. Bunun tükənməsi ilə bağlı da Azərbaycan həm beynəlxalq ictimaiyyəti, həm də həmsədr olan ölkələrə bəyanat verəcəkdir. Yəni, son dəfə, Azərbaycan tərəfi beynəlxalq birlikdən xahiş və tələb edəcək ki, işğalçı Ermənistana təzyiqlər edərək, onu sülhə məcbur etsinlər. Bunun baş tutmayacağı təqdirdə, Ermənistanı sülhə məcbur etməyən tərəflərin boynuna bütün məsuliyyət düşəcəkdir. Yəni, burada Azərbaycanı sülh danışıqlarına çağıran, lakin bu istiqamətdə Ermənistana heç bir təzyiq etməyən tərəflərin üzərinə böyük məsuliyyət düşəcəkdir.

Digər xəbərlər