"Ermənistanla əlaqələrin normallaşması çox çətin və həssas prosesdir"
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın "Hannoverşe Algemayne" qəzetinə müsahibəsində bildirib ki, Ermənistanla əlaqələrin normallaşması çox çətin və həssas prosesdir.
Türkiyə hökuməti başçısının sözlərinə görə, Ankara öz ətrafında sülh, təhlükəsizlik və sabitlik şəraitinin bərqərar olmasını istəyir. Ermənistanla normallaşma prosesi də bu səbəbdən başladı. 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanmış protokollar bu istiqamətdə əldə olunmuş ən böyük uğurdur. Orada əldə olunmuş konsensusun iki ölkənin qarşılıqlı münasibətləri ilə yanaşı, bütün Cənubi Qafqaz bölgəsinə də təsiri ola bilərdi. Lakin normallaşma prosesi həm Türkiyə, həm də Ermənistan üçün çətin prosesdir. Rəcəb Tayyib Ərdoğan deyib ki, təqribən 800 il birlikdə yaşamış türk və ermənilərin yaddaşında bir dava olduğu açıqdır. Biz öz yaddaşımızda olanları başqalarına təlqin etməyə çalışmırıq. Heç kimin də öz yaddaşında qalanlarla bizə təzyiq etməyə haqqı yoxdur. Türkiyə 1915-ci ildə baş verənlərin bir tərəfin o birinə "soyqırımı" kimi təqdim etməsinə qarşıdır. Hadisələrin bu cür təqdim olunması ermənilərin milli düşüncələrini önə çıxarmaqla türklərin itkilərini görməməkdir.