PDF Oxu

Araşdırma

  • 12

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması beynəlxalq birliyi narahat edir

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması beynəlxalq birliyi narahat edir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün dünyanın bir sıra münaqişə ocaqları ilə yanaşı dayanan və eyni zamanda, beynəlxalq ictimaiyyəti də narahat edən münaqişələrdəndir. Tez-tez bu münaqişənin beynəlxalq təşkilatların gündəliyinə gətirilməsi və onun həllinin tezləşdirilməsi ilə bağlı çağırışların edilməsi bir daha məsələnin ciddiliyindən xəbər verir. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının iclasında da Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş və onun həllinin vacibliyi qeyd edilmişdir. Belə ki, burada çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ətrafında artan gərginlik təşviş yaradır. "Bu uzadılmış münaqişənin Minsk Qrupu həmsədrlərini daha fəal iştirakı yolu ilə nizamlanmasında ATƏT-in rolu davam edəcək. Mən münaqişə tərəflərini etibarın möhkəmlənməsi üzrə tədbirlər görməyə, o cümlədən, snayperlərin təmas xəttindən təxirə salınmadan çıxarılmasına və ATƏT-in monitorinqlər üzrə fəaliyyətinin möhkəmləndirilməsinə çağıracam" - deyə ATƏT sədri bildirib. Onun sözlərinə görə, Litvanın sədrliyi Cənubi Qafqaz icmaları arasında gərginliyin azalmasına və etibarın möhkəmlənməsinə kömək edəcək. Qeyd edək ki, bu məzmunlu daha bir bəyanat bir neçə gün bundan öncə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi tərəfindən də verilmişdi və o da münaqişəli vəziyyətin narahatlıq doğurduğunu xüsusi vurğulamışdı. Beynəlxalq təşkilatlar, xüsusilə də, münaqişənin həlli ilə məşğul olan ATƏT və onun Minsk Qrupu öz vəzifələrini yetərincə yerinə yetirmirlər. Vasitəçilik missiyasının öhdəsindən layiqincə gələ bilməyən həmsədrlər münaqişənin nizamlanması üçün lazımi tədbirləri görmürlər. Bu tədbirlərə isə tərəflər arasında ortaq mövqeyin yaradılmasından tutmuş, Ermənistanın tutduğu mövqedən geri çəkilməsi üçün ona təzyiqlərin göstərilməsinə qədər ən müxtəlif məsələlər daxildir. Nədənsə bu gün dünyanın ən nüfuzlu ölkələrinin təmsil olunduğu həmsədrlər institutu bu addımları atmaqdan çəkinir. Lakin onlar anlamalıdırlar ki, bu vəziyyət davamlı olaraq belə qala bilməz. Bu gün dünya ictimaiyyəti tərəfindən bu məsələyə belə narahatlıqla yanaşılması da onları daha aktiv fəaliyyət göstərməyə sövq etməlidir. Belə olmayacağı təqdirdə, onların vasitəçiliyindən iimtina olunması da istisna olunmur.

Digər xəbərlər