PDF Oxu

Araşdırma

  • 13

Ermənistanın hakim koalisiyası dağılır

Ermənistanın hakim koalisiyası dağılır
Ermənistanda mövcud olan böhranlı vəziyyət günü-gündən dərinləşməkdədir. Ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşması əhalini mövcud rejimə qarşı qaldırmağa sövq edir, onlar arasında uçurumun yaranmasına münbit şərait yaradır. Belə bir məqamda isə daha çox fürsətdən istifadə edən, təbii ki, Ermənistan müxalifətidir. Təsadüfi deyil ki, bir neçə gündən sonra keçirilməsi planlaşdırılan kütləvi aksiyalar, məhz Ermənistan müxalifəti tərəfindən təşkil olunacaq.
Belə ki, fevral ayının 18-dən etibarən Ermənistan Milli Konqresinin təşkilatçılığı ilə paytaxt Yerevanda kütləvi etiraz aksiyalarının iqtidarın istefası tələbi ilə müşahidə olunacağı gözlənilir. EMK-nın əsas tələbi hakimiyyətin istefa verməsi və növbədənkənar seçkilərin keçirilməsidir. Mitinqdə, həmçinin, seçkinin nəticələrinin saxtalaşdırılması, kiçik və orta biznes, eləcə də, cəmiyyətin orta təbəqəsinin problemləri, qiymətlərin qeyri-qanuni qaldırılması, sosial-iqtisadi vəziyyət və s. məsələlərə toxunulacaq.
Uzun müddətdir ki, Ermənistanda mövcud olan böhranlı durum bütün sahələri əhatə etməkdədir. Bu rəqəmlər və faktlar da göstərir. Ermənistan dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən açıqlanan hesabatlarda da Ermənistanın acınacaqlı vəziyyəti özünü göstərməkdədir. Son hesabatlardan birini misal çəkmək Ermənistanın vəziyyətini təsəvvür etmək üçün kifayətdir. 2010-cu ildə MDB ölkələri arasında kənd təsərrüfatı sahəsində ən böyük tənəzzül Ermənistanda qeydə alınıb. Bunu MDB-nin Dövlətlərarası Statistika Komitəsi açıqlayıb. Birlik üzvlərindən kənd təsərrüfatı məhsullarının istehsalına görə ilk yeri Moldova tutub (7,9%). Tacikistan və Özbəkistanda, həmçinin, Belarusda da artım qeydə alınıb. Qalan ölkələrdə isə bu sahədə geriləmə var. Ən ciddi geriləmə isə Ermənistandadır (mənfi 13,5%).
Ölkədən çıxanlarla yanaşı, qalanların da olması onların mövcud vəziyyətə və bu vəziyyətin yaranmasında birbaşa günahkar olan hakimiyyətə qarşı çıxmaqla, onun istefasını tələb etməklə bu vəziyyəti düzəltməyə çalışır. Bu gün, demək olar ki, əhalinin böyük əksəriyyəti Ermənistanda hakimiyyətdən narazıdır və başda prezident Serj Sarkisyan olmaqla onun istefasının tərəfdarıdır. Paytaxt Yerevanda keçirilən bütün etiraz aksiyalarında və mitinqlərdə iqtidarın istefası tələb olunur. Xüsusilə, Serj Sarkisyanın yeritdiyi siyasətdən narazı qalan xalq onun tezliklə ölkə prezidenti postundan getməsini tələb edir. Ölkə müxalifəti tam əminliklə Sarkisyanın istefasının Ermənistanın xilasına yol açacağını bildirir.
Görünür, Ermənistan prezidentinin öz mühafizəsini gücləndirməsi də təsadüfi deyil. Belə ki, S.Sarkisyan mühafizəçilərinin sayını iki dəfə artırıb. Ölkədə baş verən son daxili siyasi hadisələr fonunda Sarkisyan ən yaxın adamlarına zirehli jilet geyinməyi və öz maşınlarını evlərinin qarşısında deyil, Milli Təhlükəsizlik Xidmətinin həyətində saxlamaq barədə göstəriş verib. Onun belə bir addım atması heç də təəccüblü deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq ölkədə əhalinin böyük bir hissəsinin Sarkisyana qarşı çıxması onda qorxu yaradıb.
Erməni ekspertlər də Ermənistanın hakim koalisiyasının dağılmasının zamanla bağlı məsələ olduğunu qeyd edirlər. Ekspert Yervand Bozoyan bildirib ki, Ermənistan rəhbərliyi "Çiçəklənən Ermənistan"ı 2012 və 2013-cü il seçkilərinə birgə getmək haqda razılaşmanın imzalanmasına məcbur etməklə yanlış addım atıb: "Əvvəlcədən məlum idi ki, "Çiçəklənən Ermənistan" buna getməyəcək. Ölkə rəhbərliyinin bu təşəbbüsünün iflası onu pis vəziyyətdə qoydu. Əvəzində, nüfuzu onsuz da Respublika Partiyasından yüksək olan "Çiçəklənən Ermənistan" reytinqini daha da artırdı. Onun hakim koalisiyanı tərk etməsi sadəcə zaman məsələsidir. Onlar üçün bu addımı indi atmaq məqsədəuyğun deyil. Parlament seçkisindən bir qədər əvvəl "Çiçəklənən Ermənistan" böyük ehtimalla hakim koalisiyanı tərk edəcək".
Digər erməni ekspert Sergey Minasyan da oxşar fikirdədir. Koalisiya daxilində yaşananları parlament seçkisi öncəsi kampaniyanın nəticəsi sayan ekspert hesab edir ki, "Çiçəklənən Ermənistan"ın parlament seçkisinə ayrıca qatılacağı daha ehtimal olunandır.
Bütün bunlar, bir daha onu deməyə əsas verir ki, artıq mürtəce Ermənistan hakimiyyətinin sonu gəlib və onun istər daxildə, istərsə də xaricdə yeritdiyi yarıtmaz siyasət məhvə məhkumdur.

Digər xəbərlər