Dağlıq Qarabağ münaqişəsinin hər an alovlanma təhlükəsi var
Cənubi Qafqaz regionu bu gün dünya ictimaiyyəti üçün mühüm əhəmiyyəti olan regionlardandır. Bu regionda mövcud olan münaqişəli vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən böyük narahatlıqla qarşılanmaqdadır. Beynəlxalq və regional qurumlar da bölgədə baş verən hadisələrə yüksək həssaslıqla yanaşırlar. Bu günlərdə ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında da bu məsələ diqqət mərkəzində saxlanılmışdır.
İclasda çıxış edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çıxış edərək, Cənubi Qafqazdakı münaqişəli vəziyyətdən və onun doğura biləcəyi mənfi nətiəcələrdən danışıb. "Cənubi Qafqazda həll olunmamış münaqişələr əvvəlki tək regionda sabitlik üçün əsas təhlükə mənbəyidir. Dağlıq Qarabağda təhlükəsizilik sahəsində vəziyyət xüsusi narahatlıq doğurur"-deyə Piter Semnebi bildirib. Semnebi, həmçinin, münaqişə tərəflərini atəşkəslə bağlı razılaşmanı möhkəmləndirməyə, beynəlxalq təşkilatları isə Gürcüstan, Azərbaycan və Ermənistanla qarşılıqlı əlaqələri aktivləşdirməyə çağırıb: "Beynəlxalq təşkilatlar münaqişələrin nizamlanması və həllinə dair səylərə sadiqliyini qoruyub saxlamalıdır. Buraya ATƏT-in regiondakı aktiv iştirakı da daxildir". P.Semnebi, həmçinin, bildirib ki, münaqişələrin nizamlanması üçün vəsaitlərin ayrılması vacibdir.
Bu məsələnin belə bir mötəbər tədbirdə səsləndirilməsi və hətta bu barədə Avropa Birliyinin nümayəndəsi tərəfindən həyəcan təbilinin çalınması vəziyyətin ciddiliyindən xəbər verir. Əlbəttə ki, bu regionda digər münaqişəli vəziyyətlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə, diqqət mərkəzində saxlanılan və təhlükə mənbəyi olan əsas münaqişə ocağıdır. Atəşəkəsin elan olunmasına baxmayaraq, müharibə vəziyyətinin hələ də qalması və cəbhə xəttində tez-tez atəşkəsin pozulması hələ də vəziyyətin ağır və təhlükəli olmasından xəbər verir. Hər an müharibənin başlaması təhlükəsinin qalması beynəlxalq ictimaiyyətin və xüsusilə də, regionda maraqlı olan qüvvələri narahat etməyə bilməz. Odur ki, ATƏT-in Daimi Şurasının iclasında da məsələyə xüsusilə toxunulmuş və onun tezliklə həllolunma vacibliyi vurğulanmışdır. Əlbəttə ki, bu məsələyə belə bir münasibət göstərilməsi mühüm hadisədir. Lakin adıçəkilən və digər beynəlxalq təşkilatlar tərəfindən də bu sahədə siyasi iradə göstərilməsi vacibdir. Belə ki, həmin təşkilatlar öz səlahiyyətlərində istifadə edərək münaqişəyə daha ciddi yanaşmalı və onun həll olunması üçün bütün vasitələrdən istifadə etməlidirlər. İşğalçı dövlət olan Ermənistana qarşı öz mövqeyindən geri çəkilməsi üçün təsir və təzyiq metodlarından istifadə edilməsi də məhz beynəlxalq qurumların üzərinə düşən vəzifədir ki, onlar da bunu etməkdən çəkinirlər.