PDF Oxu

Araşdırma

  • 13

Artıq Ermənistanda 11-12 yaşlı qızlar da "köhnə peşə sahibi"nə çevrilir

Artıq Ermənistanda 11-12 yaşlı qızlar da "köhnə peşə sahibi"nə çevrilir
İşğalçı dövlət Ermənistanda baş böhranlı vəziyyət getdikcə ağırlaşmaqdadır. Müxtəlif beynəlxalq qurumlar tərəfindən aparılan araşdırmalar 2010-cu il ərzində işğalçı ölkədə korrupsiya, inhisarçılıq, inflyasiya, ifrat yoxsulluq, orduda özbaşınalıq, siyasi gərginlik, yüksəkrütbəli məmurlar arasında qarşıdurma, müəmmalı qətl, cinayətkarlıq, kütləvi miqrasiya hallarının daha da artaraq yüksək həddə çatdığını göstərir. Bütün bunlar isə öz növbəsində Ermənistanda ayrı-ayrı fərdlərin həyat şəraitinə, psixoloji vəziyyətinə, eyni zamanda, cəmiyyətin təməlini təşkil edən ailə, bütövlükdə, cəmiyyətə siraət edərək, dövlət, sosial və ictimai institutların tənəzzülünü tezləşdirir. Ermənistanda mövcud sosial-iqtisadi böhran bu ölkənin cəmiyyətinin deqradasiyasına da gətirib çıxarıb. Söylənilənləri "WikiLeaks" saytında Ermənistanla bağlı dərc olunan son materiallar da təsdiq edir. Qeyd edək ki, bu günlərdə sözügedən sayt ABŞ-ın məxfi diplomatik teleqramlarından Ermənistana aid iki sənədi yayıb. Sənədlərdən biri Ermənistanda kütləvi xarakter almış insan alveri, digəri isə hakimiyyətin nə dərəcədə kriminallaşmasından bəhs edir. Adıçəkilən sənədlərdə Ermənistan hakimiyyətinin kriminal və mahiyyətcə quldur rejim olması faktı öz təsdiqini tapıb. Tert.am saytının məlumatına görə, "WikiLeaks" saytında dərc olunan məxfi sənədlərdə ABŞ diplomatlarının həyəcan təbili çaldığı əks olunur: Ermənistanda işsizliyin fəlakət dərəcəsinə çatması saysız-hesabsız qadınları fahişəlik etmək məcburiyyətilə üz-üzə qoyub. "Artıq Ermənistanda 11-12 yaşlı qızlar da pozğunluğa başlayır", - deyə vaxtilə Birləşmiş Ştatların Yerevandakı səfiri olmuş Con Evans bildirib: "Onlar valideynləri tərəfindən Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə göndərilir. Hökumət isə insan alveri kimi problemi görmür: Ermənistanın baş prokuroru iddia edir ki, diplomatların söhbət etdiyi qadınlar onları aldadır". Saytda yer almış materiallara görə, Evans deyib: "Ermənistana baş çəkən insanların əksəriyyəti yalnız meydanları, parıldayan "Hammer"lər, "BMW X5"lərin olduğu Yerevanı görür. Bu səbəbdən də ölkədə iqtisadi vəziyyətin yaxşı olduğunu düşünürlər. Amma ölkəni yaxşı tanıyan ermənilər və əcnəbilər 2 Ermənistandan danışır: Yerevan və ölkənin qalan hissəsi". Evans konkret olaraq Vanadzor şəhərində qaranlıq düşdükdən sonra fahişələrin "işə çıxdığı"nın şahidi olub: "Onların hamısına eyni sualı verdik: Ermənistanda insan alverinin qarşısını almaq üçün nə etmək olar? Heç biri suala cavab verə bilməsə də, bir məqamla razılaşdılar ki, işsizlik qadınların özlərini həm Ermənistanda, həm də ondan kənarda satmasına səbəb olur". Saytın dərc etdiyi sənəddə Ermənistanın Vanadzor şəhərinin polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin rəhbəri Rudik Varosyanın sözlərinə istinad edilərək göstərilir ki, yetkinlik yaşına çatmayanların alveri adıçəkilən şəhər üçün daha da ciddi problemə çevrilib. Belə ki, şəhərdən bu peşə ilə məşğul olmaq üçün Türkiyəyə yola düşən qadınlar bu işlə bilə-bilə məşğul olurlar. Yəni onları bu çirkin işə aldadaraq cəlb etmirlər: "Get-gedə daha çox ailələr azyaşlı qızlarını ora qazanc dalınca göndərirlər. Heç vaxt uşaqların xarici ölkəyə valideynlərinin icazəsi olmadan çıxarılması halları ilə qarşılaşmamışıq" , - R.Varosyan deyib. Bundan başqa, ABŞ-ın Ermənistandakı hazırkı səfiri Mari Yovanoviç tərəfindən ötən il göndərilmiş teleqramda işğalçı ölkədə baş vermiş çoxsaylı kriminal insidentlərdə baş rolları nüfuzlu şəxslərin, oliqarxların və onların yaxın ətrafının oynadığı deyilir. Sənəddə, həmçinin, Ermənistan hakimiyyətində təmsil olunan oliqarxlar, onların qohumları və nəzarətlərində olan silahlı qrupları arasında müxtəlif vaxtlarda baş vermiş silahlı qarşıdurmalar, qətllər, o cümlədən, Stepanavan şəhərinin yeni seçilmiş merinin siyasi rəqibləri tərəfindən hücuma məruz qalması, xarici biznesmenlərə, o cümlədən, Ukrayna səfirinə hücum edən mütəşəkkil cinayətkar qruplaşmaların sərbəst dolaşması faktlarından bəhs edilir. Səfir teleqramda 2008-ci ilin oktyabrında İrəvanda gündüz saatlarında diskotekada baş vermiş atışmanı xatırladaraq, bu insidentin hakim koalisiyada təmsil olunan "Çiçəklənən Ermənistan" partiyasından yüksək vəzifəli şəxsi tərəfindən törədildiyini bildirib. Xatırladaq ki, həmin insident zamanı 1 nəfərin öldürülməsinə baxmayaraq, Ermənistan Baş Prokurorluğu cinayətin iştirakçılarını məsuliyyətə cəlb etməyib. Yayılan sənəddə həmçinin, prezident S.Sarkisyanın qardaşı Saşikin və onun mühafizəçilərinin dəfələrlə silahlı insidentlərdə iştirak etdiyi, lakin heç bir halda istintaqa cəlb olunmadıqları göstərilir. Bir sözlə, baş verənlər Ermənistan cəmiyyətinin deqradasiyaya uğradığını göstərir. Artıq Ermənistanda əxlaq, ailə institutu məhv olur, işğalçı ölkədə kütləvi mənəviyyatsızlıq tendensiyası hökm sürür. Bu isə erməni cəmiyyətinin sonu deməkdir.

Digər xəbərlər