PDF Oxu

Araşdırma

  • 17

Ermənistan dünya birliyindən təcrid olunur

Ermənistan dünya birliyindən təcrid olunur
- Elman müəllim, Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsində ABŞ-ın rolunun artırılmasının vacibliyini qeyd edir. Onun bu fikri nə dərəcədə səmimidir?
- Burada heç bir səmimiyyətdən söhbət gedə bilməz. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin siyasəti ondan ibarətdir ki, sülhpərvər dövlət olması ilə bağlı bir fon yaratsın. Təbii ki, beynəlxalq ictimai fikri də bu yolla aldatmağa çalışır, özünə qarşı ola biləcək mümkün təzyiq və təsirləri neytrallaşdırmaq istəyir. ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşündə Serj Sarkisyanın sülh prosesinin sürətləndirilməsinə maraqlı olması və ABŞ-ın bu istiqamətdə daha aktiv fəaliyyət göstərməsilə bağlı fikirləri isə, əslində, həmsədr dövlət olan ABŞ-ın gözündə də eyni məntiqlə özlərinin, yəni Ermənistanın sülhpərvər obrazını yaratmaq istəyirlər. Əslində isə, onların dəyişməz taktikası ondan ibarətdir ki, müddətsiz danışıqlar yolunu seçsinlər və vaxtı bununla uzatmaqla özlərinin Dağlıq Qarabağda süni şəkildə yaratdıqları status-kvo vəziyyətini qoruyub saxlasınlar. Məqsəd də ondan ibarətdir ki, bu status-kvo nə qədər uzun çəkərsə, işğal altında olan və beynəlxalq nəzarətdən kənarda qalan ərazilərdə müqavilələrin qeyri-qanuni dövriyyəsindən çox böyük gəlir əldə etsinlər. Bildiyiniz kimi, o fakt da bəllidir ki, dünyada ən böyük gəlir gətirən sahə əgər silah satışıdırsa, ikinci yerdə narkotiklərin qeyri-qanuni dövriyyəsindən gələn gəlirdir. Bu nöqteyi-nəzərdən, həmin ərazilər narkotiklərin keçirilməsi və Avropaya çatdırılması üçün çox əlverişli bir yerdir. Deməli, bu sahədə çox böyük gəlirlər əldə ediblər. Onlar Dağlıq Qarabağ ərazisində Azərbaycanın mədəni abidələrini və ekoloji vəziyyətini korlamaqla qazanc əldə edir, mineral və qızıl ehtiyatlarından istifadə etmək nəticəsində böyük qazanc götürürlər. Bundan sonra Qarabağdakı ərazilərin bir çoxunu icarəyə verərək, həmin icarə haqqından böyük gəlirlər götürürlər. Bu proses nə qədər çox uzun çəkərsə, Dağlıq Qarabağın taleyi məsələsi gec həll olunarsa, onlar daha çox gəlir əldə edəcəklər. Ermənilər bilirlər ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Həm Azərbaycanın güclənməsi qarşısında bir vahimə var, həm də beynəlxalq birliyin təzyiqləri artıq real ola bilər. Ona görə də onlar hər zaman danışıqlardan imtina etmir, danışıqların görüntüsünü yaradır və dünyanın digər nüfuzlu dövlət başçıları ilə görüşlərində hamıdan çox sülh ifadəsindən istifadə edirlər. Bir sözlə, onlar gecə-gündüz digər işğal niyyətlərini sığortalamaq üçün sülhdən danışırlar. Ona görə də, hesab edirəm ki, Ermənistan prezidentinin ABŞ-ın dövlət katibi ilə görüşündə sülh prosesinin sürətləndirilməsi ilə bağlı fikirləri Ermənistanın məkrli siyasətinin məntiqi davamı və onun tərkib hissəsidir. Heç bir halda, regionda sülhə və sabitliyə istiqamətlənməmiş bəyanatlardır. Sadəcə olaraq, bu bəyanatlar altında özlərinin antisülh siyasətini pərdələmək istəyirlər.
- Birmənalı mövqe ondan ibarətdir ki, Rusiya faktoru olmadan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkün deyil. Bu halda, Azərbaycan Ermənistanla deyil, Rusiya ilə danışıqlar apara bilərmi?
- Bu münaqişənin iki tərəfi var ki, bu da Ermənistan və Azərbaycandır. Həmsədr dövlətlər isə vasitəçilik funksiyasını həyata keçirirlər. Prinsip etibarilə o da bəllidir ki, burada əsas söz sahibi Rusiyadır. Lazım gələrsə, Rusiya Ermənistanın mövqeyini 180 dərəcə dəyişmək iqtidarındadır. Amma burada məsələ ondadır ki, formal baxımından Ermənistanın danışıqlarda iştirakı tələb olunur. Çünki Rusiya deyil, məhz Ermənistan bu münaqişənin tərəfidir. Heç şübhəsiz, Azərbaycan onun fərqindədir ki, Rusiyanın dəstəyi ilə Ermənistan belə aqressiyasını həyata keçirə bilib. Amma bu anlama gəlməməlidir ki, biz bu həqiqəti bilərək Rusiya ilə münasibətləri kəsməliyik. Yəni, belə olmamalıdır. Əksinə, biz bilməliyik ki, dünyanı maraqlar idarə edir. Bir sözlə, dünyada daimi dostlar yoxdur, daimi maraqlar var. Biz çalışmalıyıq ki, Rusiya-Azərbaycan maraqları daha böyük müstəvidə üst-üstə düşsün. Bir sözlə, daha çox bu istiqamətdə fəaliyyət göstərməliyik. Heç şübhəsiz ki, həmin fəaliyyətin ən mühüm istiqaməti odur ki, bu proseslər nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə və Ermənistana qarşı təzyiqinə nail ola bilək. Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın strateji maraqlarının üst-üstə düşməsinə şərait yaradan addımlar atılmalıdır və bu addımların fonunda Ermənistan kənarda qalmalıdır. Bir sözlə, bu istiqamətdə iş getməlidir.

Digər xəbərlər