PDF Oxu

Araşdırma

  • 9

Serj Sarkisyan Ermənistanı sosial partlayışa aparır

Serj Sarkisyan Ermənistanı sosial partlayışa aparır
Ermənistan növbəti kütləvi aksiyalar mühitini yaşamaqdadır. Səbəb isə, bütün inkişaf imkanlarından məhrum olan işğalçı Ermənistanın iqtisadiyyatının çökməsidir. Ölkə rəhbərliyi hər ay "artım" göstəricilərinə əsaslanaraq, nikbin proqnozlar səsləndirsə də, işsizlik və səfalətdən əziyyət çəkən Ermənistan əhalisini rəqəmlərlə doyurmaq mümkün deyil. Ermənistan iqtisadiyyatının durumu zaman keçdikcə daha da pisləşir. İşğalçı ölkənin iqtisadiyyatını bürüyən böhran nəinki səngimir, əksinə, sürətlə dərinləşərək aradan qaldırılması ən azı onilliklər tələb edən fəsadlar yaradır. Bu hal özünü iqtisadiyyatın bütün sferaları üzrə göstəricilərdə aydın şəkildə büruzə verir. İqtisadi gerilik, təbii olaraq, hər şeydən əvvəl, əhalinin sosial-maddi rifahına mənfi təsir göstərir. Üstəlik, işğalçı ölkədə yeni müəssisələrin, sosial obyektlərin tikintisinin, demək olar ki, yox səviyyədə olması yeni iş yerlərinin də yaranmasına əngəl törədir. Vəziyyətdən çıxış yolu kimi gənclər iş tapmaq məqsədilə xarici ölkələrə üz tuturlar. İndi Ermənistanda ailələrin böyük əksəriyyətinin əsas dolanışıq mənbəyi qohumlarının onlara xaricdən göndərdiyi maliyyə vəsaitləridir. Bir çoxları isə ağır həyat şəraitinə dözməyərək, ölkəni birdəfəlik tərk edirlər. Bunun təsdiqi kimi nüfuzlu "Gallup" təşkilatının bu yaxınlarda Ermənistanda keçirdiyi sorğunun nəticələrini xatırlatmaq olar. Həmin sorğunun nəticələrinə görə, Ermənistanda əhalinin 44 faizi xaricdə işləmək istəyir. Yeri gəlmişkən, bir faktı da xatırladaq ki, bu ilin əvvəllərində açıqlanan başqa bir sorğunun nəticələrinə görə isə, Ermənistan gənclərinin 70 faizi ölkəni tərk etmək və xaricdə məskunlaşmaq istəyir. Bütün bunlar, əslində, ölkənin durumu ilə bağlı ciddi siqnaldır. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi insanları daha da təşvişə salmamaq üçün ölkədəki real vəziyyəti, yəni iqtisadiyyatın çökməsini əhalidən gizlətməyə çalışır. Lakin işğalçı ölkədəki "iqtisadi artımı" öz gündəlik həyatında hiss etməyən sadə ermənilərin xarici ölkələrə axınının qarşısını heç nə ala bilmir. Hər il on minlərlə insan ağır sosial şərait üzündən xaricə üz tutur. Kütləvi miqrasiyanın yaratdığı demoqrafik problemlər isə artıq Ermənistan ictimaiyyətində həyəcan təbilinin çalınmasına səbəb olub. Belə ki, əhalinin əsasən gənc və orta nəslin nümayəndələrindən ibarət iş qabiliyyətli hissəsi ölkəni kütləvi şəkildə tərk edir ki, bu prosesin davam edəcəyi təqdirdə, yaxın gələcəkdə Ermənistan əhalisinin sürətlə qocalması problemi qaçılmaz olacaq. Çünki artıq Ermənistan rəhbərliyinin əməlləri ortaya çıxmağa başlayıb. Serj Sarkisyan və onun komandasının hakimiyyət səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı bu günlərdə ortaya çıxan fakt isə oturduğu prezident kreslosunun bir az da laxlaması oldu. Ermənistan prezident administrasiyasının baş mühasibi Anait Zaxaryan və daha üç nəfər əməkdaşın korrupsiya halları ilə bağlı işdən qovulması Ermənistanda korrupsiyanın səviyyəsinin ən yüksək həddə olduğunu bir daha təsdiqlədi. Lakin baş verənlərdən bu nəticəyə gəlmək olur ki, əksinə, Serj Sarksiyan və onun yaxın ətrafı bu adamlardan öz korrupsiya məqsədlərini həyata keçirmək üçün bir alət kimi istifadə ediblər. ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının Astana Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dünya birliyi, eləcə də, ATƏT-ə üzv olan və ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr qarşısında qəti və sərt mövqe nümayiş etdirməsi Ermənistana beynəlxalq təzyiqlərin artması ilə müşayiət olunmaqdadır. Baxmayaraq ki, bu, hələlik, özünü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı prosesdə o qədər də qabarıq şəkildə büruzə vermir, bununla belə, ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının Astana Sammitindən az sonra Ermənistanın adının daha bir qalmaqalda - İrana silah verməkdə ittiham edilməsi dünya birliyinin, xüsusilə də, İranı "qara üçbucağ"a salmış Qərb dövlətlərinin Yerevana münasibətdə mövqeyinin sərtləşməsi ilə müşayiət olunur. Görünən odur ki, Rusiyanın, hər zaman olduğu kimi, bu prosesləri neytrallaşdırmaq cəhdləri də artıq nəticə vermir. Serj Sarkisyan və onun administrasiyası siyasi partlayışla üz-üzə Bütün bu geosiyasi gərginliklərin baş verdiyi bir vaxtda Ermənistan prezidentinin özünün antikorrupsioner dövlət başçısı imici yaratmaq cəhdləri də boşa çıxdı. Siyasi analitiklər isə hesab edirlər ki, artıq həm ölkə daxilində, həm də ölkə xaricində ona olan etimadı itirən Serj Sarkisyanın və onun administrasiyası Ermənistanda siyasi partlayışla üz-üzə qala bilər. Çünki artıq Serj Sarksiyan və onun komandası diasporanın etimadını itirib. İrana gizlin silah satışı ilə bağlı məsələ isə Qərbin Ermənistana maliyyə yardımlarını kəsməsi hesabına başa gələ bilər ki, bu da onsuz da heç bir iqtisadi perspektivi olmayan Ermənistan üçün məhvə bərabərdir. Bu baxımdan da ekspertlər hazırda həm siyasi, həm də korrupsiya problemləri ilə bağlı ciddi təhlükə qarşısında qalan Ermənistan rəhbərliyinə Rusiya tərəfindən də elə bir dəstəyin gələcəyini gözləmirlər. Ekspertlərə görə artıq Sarkisyan hakimiyyəti öz davranış və diplomatik çərçivədən kənar hərəkətləri ilə özünü həm Rusiyanın, həm də Qərbin qarşısında "yandırıb". Digər tərəfdən, yoxsul həyat tərzi erməni cəmiyyətində başqa bir təhlükəli demoqrafik problem olan ana və uşaq ölümünün sayını artırır. "World Vision Armenia" beynəlxalq humanitar təşkilatının bu günlərdə yaydığı məlumata görə, Ermənistanda yoxsul ailələrdə uşaq ölümünün sayı hər 1000 nəfərə 41 nəfərdir ki, bu da dünya miqyasında olduqca yüksək göstərici hesab olunur. Ermənistanda iqtisadi durumun getdikcə ağırlaşdığını nəzərə alsaq, bu ölkədə demoqrafik problemlərin də paralel surətdə artmaqda davam edəcəyini söyləmək olar. Erməni ekspertlər hesab edirlər ki, indiki vəziyyətdə parlamentin qəbul etdiyi gələn ilin dövlət büdcəsinin heç bir köməyi olmayacaq. Ermənistanın 2011-ci il dövlət büdcəsi ilə bağlı qəbul etdiyi qərara münasibət bildirən keçmiş baş nazir Qrant Baqratyan ölkə iqtisadiyyatı ilə bağlı həyəcan təbili çalıb. Onun sözlərinə görə, 2011-ci il üçün qəbul edilən dövlət büdcəsi 2008-ci ildə başlanan və bu gün də davam edən ölkə iqtisadiyyatının çökməsinin göstəricisidir. Qeyd edək ki, bu ölkədə yeni büdcə ironiya ilə "səssizlik büdcəsi" adlandırılır. Q.Baqratyan isə sözügedən büdcə layihəsini "arzular və imkanların kompromisi"ni özündə əks etdirən büdcə adlandırıb. Onun sözlərinə görə, 2011-ci ilin büdcəsinin gəlir hissəsi 2008-ci ildə qəbul edilən büdcənin gəlir hissəsindən 13,9 faiz çox olsa da, ötən 4 il ərzində ölkədə qiymətlər 26,3 faiz artıb. Bu isə, o deməkdir ki, yüksək inflyasiya büdcənin gəlir hissəsindəki artımı tamamilə əhəmiyyətsiz edib. İşğalçı ölkənin səfil büdcəsi İndiki büdcəni səfil büdcə adlandıran Baqratyan bildirib ki, onun hansı əsaslarla tərtib edildiyini müzakirə etməyə belə ehtiyac yoxdur: "Bu büdcə tərtib olunarkən Beynəlxalq Valyuta Fondu ilə məsləhətləşmələr aparıldığını deyirlər. Bu, sadəcə, dəhşətlidir. Ya Beynəlxalq Valyuta Fondundakılar dəhşətdirlər, yaxud da ki, bu hökumətdə təmsil olunanlar olduqca dəhşətlidirlər". Keçmiş nazir ölkənin daxili borcunun təhlükəli həddə çatdığını bildirib. Onun sözlərinə görə, ölkə rəsmiləri daxili borcu ÜDM-in həcmi ilə müqayisə edirlər, əslində isə, ixracın ümumi həcmi ilə müqayisə edilməlidir: "Onda Ermənistanda bu rəqəm 435 faiz olacaq. Təbii ki, bu da dünya üzrə pis göstərici deyil, Seneqaldan sonra. Bu, onun göstəricisidir ki, parlamentdə əyləşən insanlar elementar savada belə malik deyillər". Baqratyanın bu sahədə proqnozu daha bədbindir. Onun sözlərinə görə, dövlət köhnə borcları ödəmək üçün yeni borca girməli olacaq ki, bu da ölkə iqtisadiyyatını əvvəlkindən də çətin duruma salacaq. Əminliklə söyləmək olar ki, Ermənistanın yeni büdcəsi ölkə iqtisadiyyatı üçün səciyyəvi hallardan olan işsizliyin kütləvi hal alması və bu səbəbdən ölkədə əmək qabiliyyətli əhalinin böyük hissəsinin xaricə üz tutması probleminin qarşısını ala bilməyəcək. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu ilin yanvar-oktyabr aylarında Ermənistanda işsizliyin səviyyəsi 7,1 faiz təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 6,9 faiz olub. Rəsmi məlumatlara görə, bu ölkədə 1 vakant yerə 77 işsiz düşür. Göründüyü kimi, Ermənistanda işsizliklə bağlı vəziyyət kritik həddə çatıb. Buna görə də, erməni ailələri ilk fürsətdə ölkəni tərk edir. Ölkədə normal yaşayışı təmin etmək gücündə olmayan Sarkisyan hakimiyyəti isə kütləvi miqrasiyanın qarşısını almaqda acizdir. Ölkə iqtisadiyyatı ilə bağlı verilən proqnozlar isə vəziyyətin daha da pisləşəcəyini deməyə əsas verir. Bu ölkədə etiraf edirlər ki, vəziyyət belə davam edərsə, Ermənistan iqtisadiyyatını 2012-ci ildə defolt gözləyir. Sonda deyilənləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Sarkisyan rejimi yeritdiyi indiki daxili və xarici siyasətdə köklü dəyişikliklər etmədən Ermənistanı düşdüyü bəlalardan xilas edə bilməz. Eyni zamanda, Ermənistan nə qədər işğalçılıq siyasətinə davam edəcəksə, bir o qədər də iqtisadi blokada şəraitində qalacaq. Çünki işğalçılıq siyasəti ilə bu ölkə özünü Cənubi Qafqazdakı bütün iqtisadi təşəbbüslərdən, layihələrdən təcrid etmiş olur. Faktiki olaraq, aclıq və səfalət Ermənistanı bürüyüb. Bunu rəsmi Yerevan və erməni müxalifəti də gözəl başa düşür. Və zaman göstərir ki, Ermənistan Cənubi Qafqazda Azərbaycansız heç nə edə bilməz. Ona görə də bütün ermənilərin ölkəni tərk etməsinin qarşısını almaq üçün bir yol var: işğala son qoymaq.

Digər xəbərlər