PDF Oxu

Araşdırma

  • 15

BORÇALI TORPAQLARI HƏRRACA QOYULUB

BORÇALI TORPAQLARI HƏRRACA QOYULUB

Əsrlər boyu Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri hökm sürmüşdür. Müstəqillik əldə etdikdən sonra bu ənənələr yeni müstəvidə davam etdirilir, hətta hər iki respublika indi strateji müttəfiq hesab olunur. Gürcüstan və Azərbaycan arasında qarşılıqlı münasibətlərdə Borçalı regionu çox mühüm əhəmiyyət kəsb edən amil olmuş və indi də belə bir amil olaraq qalır.
Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyev Borçalının Azərbaycan üçün əhəmiyyətini yaxşı dərk edərək "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin Gürcüstandan keçməsini öz polad iradəsi ilə təmin etdi. Gürcüstana iqtisadi güzəştlər edəndə də Ulu Öndərimiz bu ölkə ilə dostluğa sədaqətini sübut etməklə yanaşı, həm də soydaşlarımızın taleyini düşünürdü. Gürcüstana səfərlərində soydaşlarımızla görüşən, onların vəziyyətilə dərindən maraqlanan, onların qayğısına qalan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi borçalıların qəlbində əbədi yer almışdır. Belə səfərlərdən birində Gürcüstanın o vaxtkı prezidenti E.Şevardnadze: "Gürcüstan dövləti burada yaşayan azərbaycanlılarla onların Gürcüstan tarixində və müasir dövründəki xidmətlərinə görə fəxr edir... çalışacağam ki, qardaşım və dostum Heydər Əliyevlə bir amal, bir məqsəd uğrunda yaşadığımız kimi, xalqlarımız da bir məqsədlə, bir arzu ilə, bir niyyətlə yaşasınlar... Gürcüstanda yaşayan azərbaycanlılara diaspor demək olmaz" - dedikdə, dahi şəxsiyyət, böyük insan Heydər Əliyev çox müdrik cavab verdi: "Azərbaycanlılar Gürcüstanda öz vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdadlarının, öz ulu babalarının yaşadıqları diyarda, eldə-obada yaşayırlar. Borçalı Azərbaycan xalqının ən dəyərli diyarlarından biridir. Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi Azərbaycan üçün də əziz olmuşdur və bu gün də əzizdir. Mənim dostum E.Şevardnadze doğru deyir, Gürcüstanda yaşayan azərbaycanlılara heç diaspor demək olmaz. Çünki kənardan gəlmiş azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış Azərbaycanlılardır".
Rusiya ilə münasibətləri gərginləşəndə ona ilk yardım əlini Ulu Öndərimizin layiqli varisi ölkə Prezidenti İlham Əliyevin başçılıq etdiyi və onun şəxsi təşəbbüsü ilə Azərbaycan Respublikası uzatdı. Biz həmişə dostluğa sadiq olmuşuq. Bəs qarşı tərəf?
Uşaqlığı və gəncliyi Borçalıda onun dilbər guşəsi Qarayazıda keçən bu sətirlərin müəllifi kimi onu qeyd etmək istəyirəm ki, zaman-zaman sadə gürcülərin dostluğunun şahidi olmaqla yanaşı, rəsmi siyasətbazların şovinist münasibətlərinin də bütün ağırlığını, ağrı-acılarını hiss etmişəm. Sovet dönəmində də, Z.Qamsaxurdianın hakimiyyəti dövründə də azərbaycanlılar gizli, açıq ayrı-seçkiliyə məruz qalıb. M.Saakaşvilinin prezidentliyi zamanı Gürcüstanda demokratik mühit yaranıb, korrupsiyaya amansız müharibə elan edilib, qanunun aliliyi gerçəkləşməkdə, ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti formalaşmaqdadır. Əsrlər boyu torpağa bağlı olan azərbaycanlıların torpaq hüququ sahəsində hələ də pozuntulara yol verilir. Lakin heç bir prezident, hətta Azərbaycanın ən yaxın dostu hesab olunan E.Şevardnadze də, M.Saakaşvili də gürcüləşdirilmiş kənd adlarını bərpa etmədi. Təkcə bu il Gürcüstanın azərbaycanlılar yaşayan Qardabani şəhəri, Kosalı və Nəzərli kəndlilərinin azərbaycanlılara məxsus torpaqları hərraca qoyularaq, gürcülərin "Aqroqaftinoba" firması tərəfindən alınıb. Bu firma:
1. Kosalı kəndinin 423 hektar biçənək, 181 hektar mal-qara üçün;
2. Qardabani şəhərinin təsərrüfatlarına Kosalı kəndinə məxsus icarayə verilmiş 110 hektar mal-qara üçün otlaq yerini;
3. Nəzərli kəndinin 87 hektar mal-qara üçün otlaq yerini satın almışdır.
Bu firma azərbaycanlılara məxsus 800 hektardan artıq torpağı mənimsəmişdir. Əslində, hər şey "qanuni"dir. Buradan bir sual ortaya çıxır: bəs bütün bunların günahkarı kimdir və ya kimlərdir?
Birincisi, Gürcüstanın müvafiq dövlət orqanlarıdır. Hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu əsas məqsəd seçmiş, Avropa Şurasının üzvü, NATO-ya və Avropa Birliyinə üzv olmaq istəyən bir ölkə, Kvemo-Kartli (Borçalı) quberniyası, Qardabani rayon icra hakimiyyəti və kənd icma nümayəndəliyi kövrək bir zonada, azərbaycanlıların yaşadıqları bir regionda onların torpaqlarını heç olmazsa özlərinə satmalıdır.
İkincisi, əhalinin qeyri-fəallığı. Azərbaycanlılar öz hüquqları uğrunda daha fəal mübarizə aparmalıdırlar (ölkə qanunlarını pozmadan).
Üçüncüsü, sapı özümüzdən olan baltalar. Öz şəxsi mənafeyini hər şeydən üstün tutan, qabiliyyətsiz azərbaycanlı məmurlar kənd icma nümayəndəliyindən tutmuş, rayon icra hakimiyyəti və quberniyaya qədər vəzifələr tutsalar da, yerli əhalinin mənafeyinə laqeyd münasibət bəsləyirlər. Vaxtilə sürücü işləyən azərbaycanlının rayon icra hakimiyyətində məsul vəzifədə çalışması nə dərəcədə məqsədəuyğundur?
Dördüncüsü, borçalıların hüquqlarını müdafiə etməyi qarşılarına məqsəd qoymuş yerli və Borçalıdan kənar ictimai-siyasi təşkilatlar, Xaricdə Yaşayan Azərbaycanlılarla Əlaqələr üzrə Dövlət Komitəsi. Bütün yerli və Borçalıdan kənar - Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi və dövlət təşkilatları səylərini birləşdirmələri, Borçalı əhalisinin hüquqları uğrunda sivil qaydada birgə mübarizə aparmalıdırlar. Ancaq belə olduqda, bu təşkilatlara borçalılar etimad göstərə bilər, ümid bağlaya bilərlər.
Borçalı əhalisi "Səs" qəzetinə böyük ümidlər bəsləyir. Onlar inanırlar ki, borçalıların səsini bu qəzet müvafiq dövlət orqanlarına çatdıra bilər. Borçalının hərraca qoyulmuş torpaqları yalnız Azərbaycan dövlətinin səyi ilə öz qanuni sahiblərinə qaytarıla bilər.
Əgər bu torpaqlar əldən getsə, yeganə yaşayış mənbəyi torpaq olan Borçalı əhalisi yeni qaçqınlıq dalğası ilə üzləşə bilər. Onsuz da qocaların ümidinə qalan Borçalının boşalması, azərbaycansızlaşması prosesi daha da sürətlənə bilər. Bu prosesin qarşısı bu gün alınmasa, sabah gec ola bilər.

Vahid Ömərli,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi

Digər xəbərlər