AZƏRBAYCAN REALLIĞINA ŞOVİNİZM MÜDAXİLƏSİ
Son zamanlar Azərbaycanın daxili işlərinə, eyni zamanda, haqq səsinə inadkarcasına və bilərəkdən müdaxilələrdə bulunan İranın "Səhər 2" televiziya kanalı ölkə ictimaiyyətinin, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporası nümayəndələrinin qəti etirazlarına baxmayaraq, öz çirkin niyyətini davam etdirməkdədir. Qeyd edək ki, bu cür arzuolunmaz, qəbuledilməz halların daha öncələr və bu gün baş verməsinin arxasında dayananlar yalnız "Səhər 2" televiziya kanalının işçiləri deyil, o cümlədən, həmin kanalın işlərini yönəldən İran rejiminin, həmçinin, fars şovinizminin təbliğat-təşviqat işlərini quran "ali din adamlarıdır".
Daha dəqiq desək, ayətullah və molla rejimidir. Lakin bütün bunlara baxmayaraq, bir daha xatırlatmaq yerinə düşərdi ki, ümumiyyətlə, İran İslam Respublikasının yürütdüyü siyasətindəki bütün məqamlarda qapıbir "qonşu" və dinbir "qardaş" amili (35 milyon azərbaycanlımızı xüsusilə vurğulamaq istərdim-R.R) hər zaman ikinci, üçüncü, dördüncü və hətta daha sonrakı yerləri tutmuşdur. Yəni yeri gəldikcə öz "dövlətçilik" xeyri, (əslində, burada heç bir xeyir-səmərə mövcudluğu yoxdur-R.R.) qazanacağı qeyri-real siyasi dividendləri bahasına ölkəmizə qarşı yanlış mövqeyini sərgiləmişdir. Fəqət, bütün bunlara son qoyulacağını ümid edən Azərbaycan dövləti yürütdüyü qətiyyətli və müdrik siyasəti sayəsində cərəyan edən arzuolunmaz amillərin aradan qalxmasına səbr, təmkin göstərir. Onu da vurğulamaq lazımdır ki, bütün hallarda ölkəmizə qarşı şovinist siyasət yürütməyə cəhd edən molla rejimi nəticə etibarı ilə Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməlidir. Bu, ən azından dövlətlərarası etik normalara, münasibətlərin mənfi hal almamasına tərəf atılan düzgün siyasi addım kimi də qəbul edilə bilər. Ancaq üzr istəmək reallığı, təəssüflər olsun ki, nədənsə hələ də gecikməkdədir...
"Artsax"a yönəlmiş panfarsist məhəbbəti
Yaxın günlərdə İranda fəaliyyət göstərən internet portallarının birində (Karabax.com saytı) yenidən Azərbaycanın ərazi bütövlüyü təhrif olunmuş, hətta dövlət rəmzimiz sayılan üçrəngli bayrağımızın rənglərinə belə müdaxilə olunmuşdur. Qeyd edim ki, adıçəkilən saytı çalışdıranlar İranda yaşayan ermənilər və fars millətindən olan şəxslərdir. Həmin şəxslər, eyni zamanda, Ermənistan-İran dostluğu adı altında çat (söhbətləşmə) versiyası yaradaraq, əsasən, siyasi mövzularda yazılar, fikirlər bildirirlər. Lakin bütün bunlar bir yana, onların əsas məqsədləri yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək işlərlə məşğul olmalarıdır. Məsələn, fars şovinistləri və onların quyruqları hesab edilən ermənilər qondarma xəritə yaratmaqla, animasiya şəklində həmin xəritəni bölür, istədikləri əraziləri özünküləşdirirlər. Bəlkə də bu olaya ötəri nəzər salanlar da, lakin belə həyasızlığa qətiyyən ötəri nəzər yetirmək yolverilməz bir haldır. Eləcə də, əgər bizlər bunun şahidi oluruqsa, demək, 100 faiz əminliklə deyə bilərik ki, həmin halın mövcudluğundan İranın din-dövlət strukturlarının da xəbəri var. Və əgər varsa, bu biabırçılığa son qoymağa borcludurlar!
Bəs bütün bunlar-erməniyə yönəlmiş panfarsist məhəbbəti hardan qaynaqlanır? İranın Ermənistan sevdası arxasında daha hansı məqsədlər güdülür?
Məlum olduğu kimi, işğal olunmuş Dağlıq Qarabağ ərazilərimizdə, demək olar ki, həyat yoxdur, orada insanların məskunlaşması belə qeyri-mümkün sayılır.Çünki 1-ci Qarabağ savaşında həmin yerləri məhz ermənilərin özləri dağıdaraq məhv ediblər. Bu gün isə həmin yerlərdə tikinti-inşaat işlərinin görülməsində, yenidən həyat səviyyəsinin qaldırılmasında nə separatçıların, nə də ki, işğalçı Ermənistan dövlətinin iqtisadi-maliyyə durumları imkan vermir. Çünki dilənçi səviyyəsinə düşmüş ermənilər, sadəcə, ianələr hesabına ayaqda durmaq imkanına malikdirlər. Bu və digər səbəblərdən, hazırda oradan narkotranzit kimi istifadə edilir və burada, təbii ki, başqa dövlətlərin (bilavasitə İranın) rolu mövcuddur. Eləcə də, işğal olunmuş ərazilərimizdə İrana məxsus ağır tonajlı yük-tranzit maşınlarının İran ərazisindən keçərək, "qondarma respublika"ya daxil olması arxasında da əmmaməlilərin müəmmalı "əmma"sı dayanır. Hər halda, od olmayan yerdən tüstü çıxmaz.
Digər tərəfdən, İran İslam Respublikası olaraq, öz ölkəsi ərazisində narkotiklərin alışı, satışı, istifadəsinə görə asılmaqla edam cəzasını tətbiq edir. Bu cəzaların çıxarılmasında isə dini məhkəmələrin xüsusi yeri mövcuddur. Hətta mollalar edam cəzasına məhkum olunmuş şəxslərin ölüm fətvasını dəyişə bilmək qədər nüfuza malikdirlər. Əgər bu, belədirsə, o zaman erməni separatçıları ilə iş birliyində olan narkotranzitçilər hansı səbəbdən İranda məhkəmə qarşısına çıxarılaraq cəza almırlar? Təbii ki, bu sualları cavablandırmaq İranın panfarsist, şovinist mollalarına sərf etmir. Çünki həmin qara bizneslərdə onların da müəyyən maraqları var. Əks təqdirdə, bizlər "Səhər 2" telekanalında Dağlıq Qarabağda narkotik maddələrin satışı maddəsi ilə tutulan İran vətəndaşının edamının sərgiləndiyini yayımlayardılar. Hər halda, bu barədə də düşünməyə dəyər...