"Bizim kimsədən dərs almağa ehtiyacımız yoxdur"
Rusiya prezidenti Dmitri Medvedev Davos zirvəsində çıxış edib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda siyasət və işadamları qarşısında çıxış edən Rusiya prezidenti terrorun hədəfinin iqtisadi yüksəlişin qarşısını kəsmək olduğunu bildirib. Rusiyanın bəzən haqlı, bəzən də haqsız olaraq beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunduğuna diqqət çəkən Medvedev "Rusiya demokratiyanın zəifliyi, totalitar meyllər, hüquq sistemindəki çatışmazlıqlara görə, ittiham olunur. Həqiqətən də müasir Rusiyanın qurulmasında çətinliklərlə qarşılaşırıq. Ancaq əhəmiyyətli dəyişikliklər də etdik" deyib. Rusiyaya dost olan ölkələrin tövsiyələrini də nəzərə aldıqlarını deyən Medvedev "bizim kimsədən dərs almağa ehtiyacımız yoxdur" söyləyib. Terrora qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının vacib olduğunu vurğulayan Rusiya prezidenti bildirib ki, Rusiyanı diz üstə çökdürmək istəyirlər: "Onlar Rusiya dövlət başçınının Davosa gəlməməsinə və foruma qatılmamasına ümid edirdilər. Ancaq onlar səhv etdilər. Heç bir ölkə dünyada terrordan sığortalanmayıb. Terror hücumu Rusiyada olduğu kimi, dünyanın hər hansı bir yerində də ola bilər".