Ermənistanda Azərbaycana obyektiv münasibət bəsləyənlər işgəncəyə məruz qalır
Son illər Azərbaycanın sürətli inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması Ermənistan əsas müzakirə mövzularından birinə çevrilib. SIA-nın araşdırmalarından da məlum olub ki, ermənilər arasında prezident İlham Əliyevin siyasətini təqdir edənlərin sayının artması, paralel olaraq prezident S.Sarkisyanın nüfuzunun getdikcə aşağı düşməsi Ermənistan hakimiyyətini narahat edən əsas məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, son bir neçə ildə Azərbaycana obyektiv münasibət nümayiş etdirən Ermənistan vətəndaşlarına qarşı təqib və təzyiq metodlarından geniş istifadə olunur.
İnternet vasitəsilə yayılmış məlumata görə, Yerevan Dövlət Universitetinin İcevan filialının qiyabi və hazırlıq şöbələrinə rəhbərlik edən Felmira Artavazdovna Davtyan Azərbaycanın əldə etdiyi uğurlardan danışdığına, Azərbaycan Prezidentinin siyasətini təqdir etdiyinə görə uzun müddət ali məktəb rəhbərliyinin təzyiqinə məruz qalıb. Filialın direktoru Samvel Arakelyan müəllimləri və tələbələri arasında F.Davtyanın "Azərbaycanın agenti" olması barədə rəy formalaşdırıb, onun alçaldılması və təhqir edilməsinə şərait yaradıb. Sonra qurama iş əsasında F.Davtyanın həbsi təşkil edilib. Belə ki, EQU-nun İcevan filialının 2-ci kurs tələbəsi Edqar Amiryanın imtahanlardan yaxşı qiymət müqabilində F.Davtyanın ondan 100 min dram rüşvət tələb etməsi barədə təhlükəsizlik orqanlarına yazılı müraciəti təşkil olunub və bu müraciət əsasında 2009-cu il martın 27-də F.Davtyan həbs edilib. Ermənistanın Tavuş rayonunun 1-ci instansiya məhkəməsinin qərarı ilə F.Davtyana 3 il 6 ay həbs cəzası kəsilib. Məlumata görə, həbsi ərəfəsində F.Davtyan Moskvaya xəstə qardaşının yanına səfər etməyi planlaşdırıb, hətta bilet də alıb. Səfərə bir neçə gün qalmış məlum hadisə baş verir, onun biletləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cırılıb atılır. F.Davtyanın özü isə təcridxanada qeyri-insani rəftara məruz qalır, təhqir olunur, onun əlləri sındırılır və bədənini yandırmaqla işgəncə verilir. Xüsusi xidmət orqanlarının əməkdaşları iddia edirlər ki, guya F.Davtyan Moskvaya, ondan isə Azərbaycana səfər etməyi planlaşdırırmış. Həmçinin, bildirilir ki, artıq 1 il 10 aydır ki məhbus həyatı yaşayan F.Davtyan təcridxanada da işgəncələrə məruz qalır, həbsxana rəhbərliyinin qəddar münasibəti nəticəsində o, infarkt keçirib.