"Yaxın vaxtlarda daha 30 tədris ocağında yenilik tətbiq olunacaq"
Təhsil Nazirliyində "Elektron Təhsil" layihəsinin təqdimat mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ölkədə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.
Nazir "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində 20 orta təhsil müəssisəsinin "Elektron Məktəb" pilot layihəsinə qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə çatdırıb.
Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanın MDB məkanında öncül yerlərdən birini tutduğunu qeyd edən "Ultra" şirkətinin prezidenti Tahir Mirkişili "Elektron Təhsil" layihəsi haqqında məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə elektron dərslərdən istifadə imkanının olduğunu vurğulayan T.Mirkişili Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları əsasında 4500 məktəbin şagird və müəllim kontingenti barədə məlumatların Data Mərkəzə daxil edildiyini söyləyib.