Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edir
Cari ilin yanvar ayının 24-dən etibarən öz işinə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Xüsusilə, Azərbaycan üçün bu sessiyanın mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmək lazımdır. Belə ki, məhz bu il Azərbaycanın Avropa Şurasına üzv olmasının 10 ili tamam olur.
Bu əlamətdar hadisə də sessiya zamanı diqqətdə saxlanılmış və ötən 10 ildə əldə olunmuş nailiyyətlər qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, sessiya çərçivəsində sessiyada iştirak edən Türkiyə prezidenti Abdullah Gülün Azərbaycan nümayəndə heyəti ilə görüşməsi və quruma üzvlüyümüzün 10 ili münasibətilə təbrik etməsi xüsusi bir əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Buna, həmçinin, A.Gülün görüş zamanı və görüşdən sonra dediyi sözlər də imkan verir.
Türkiyə prezidenti Abdullah Gülün AŞPA-nın qış sessiyası çərçivəsində etdiyi çıxış artıq geniş müzakirə mövzusuna çevrilib və Azərbaycan ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Türkiyə prezidentinin Azərbaycana göstərdiyi böyük diqqət bu beynəlxalq qurumda da özünü göstərib. A.Gülün Azərbaycanın Avropa Şurasına üzv olmasının 10-cu ildönümü münasibətilə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüb, onları təbrik etməsi bunu deməyə əsas verir. A.Gül Bakıya bundan sonra da Ankaranın dəstək verəcəyini ifadə edib və Ermənistanla münasibətlərə də toxunub. Görüşdən sonra deputatların suallarını cavablandıran A.Gül Türkiyənin bütün qonşu ölkələrlə yaxşı münasibətlərinin qurulmasının tərəfdarı olduğunu bildirib. Onun Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə yanaşması tamamilə Azərbaycanın mövqeyinə və rəhbər tutduğu siyasətə uyğun olub. "Türkiyənin son vaxtlar tətbiq etdiyi xarici siyasətdən xəbəriniz var. Türkiyə qonşuları ilə sıfır problemə söykənən xarici siyasət kursu həyata keçirir. Ermənistan da bizim qonşumuzdur və biz Birinci Dünya müharibəsində acı hadisələrin yaşandığı bir neçə ili çıxmaq şərti ilə min illər birgə yaşamışıq. Bunun xaricində, bizim ortaq mədəniyyətimiz, ortaq anlayışlarımız var. Ermənistanla da münasibətlərimizi yaxşılaşdırmağı çox arzu edirik. Bildiyiniz kimi, iki ölkə arasında protokollar imzalandı. Bunların ratifikasiya olunmasını arzu edirik. Lakin Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı faktı BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub və tanınır. Bu işğala son verilməsi tələb olunur. Bunu gərəksiz bir hadisə kimi bir kənara qoymaq olmaz".
A.Gül, həmçinin, Ermənistan tərəfinin də işğal etdiyi torpaqların Azərbaycana aid olduğunu bildiyini deyib. "Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır, hətta Ermənistan da işğal etdiyi torpaqların Azərbaycana aid olduğunu bilir. Qafqazın təhlükəsiz əməkdaşlığa dayanan regiona çevrilməsi vacibdir. Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya da daxil olmaqla bu coğrafiyanı təhlükəsiz əməkdaşlığa dayanan region halına gətirmək lazımdır. Bu problemlərin olduğu halda, Qafqaz regionu Avropa ilə Asiya arasında divar olaraq qalacaq. Amma burada təhlükəsizlik təmin olunsa, problemlər həll edilsə, o zaman Qafqaz Avropa ilə Asiya arasında çox böyük bir qapıya çevrilər, bütün Qafqazın rifahı, iqtisadiyyatı sürətlə inkişaf edər. Buna görə, hamımızın birgə bu problemləri həll etmək üçün səy göstərməyimiz lazımdır. Bizim bu istiqamətdə çox böyük siyasi iradəmiz var. Ümid edirik ki, regiondakı problemlər həllini tapacaq və Qafqaz yüksək səviyyəli əməkdaşlıq regionuna çevriləcək və inkişaf edəcək. Biz indiyə qədər atdığımız addımların arxasındayıq və bunu davam etdirməkdə qərarlıyıq".
A.Gülün belə bir çıxış etməsi, əlbəttə ki, Türkiyə dövlətinin Azərbaycanın ərazi bütövlüyünə və torpaqlarının işğaldan azad olunmasına verdiyi böyük dəstəyin göstəricisidir. Bu gün Azərbaycanla hərtərəfli əməkdaşlıq münasibətləri quran Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında da özünün tam dəstəyini əsirgəmir. Digər beynəlxalq qurumlarla yanaşı, AŞ-da da Azərbaycanın haqq işinə verdiyi dəstəyi bir daha nümayiş etdirən Türkiyə dövləti prezident səviyyəsində bütün məsələlərə aydınlıq gətirdi. Artıq yəqin ki, A.Gülün bu çıxışından sonra beynəlxalq ictimaiyyətin də Türkiyənin hər zaman Azərbaycanın yanında olacağına dair heç bir şübhəsi qalmaz. Belə ki, bu gün Ermənistanı dəstəkləyən bəzi beynəlxalq qüvvələr Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasına ümid etdikləri halda, Türkiyə tərəfi bir daha açıq olaraq bunun yalnız və yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra baş tuta biləcəyini nəzərə çatdırdı. Bu, eyni zamanda, Ermənistan tərəfinə verilmiş bir mesaj xarakteri də daşıyır. Ermənistan rəhbərliyi də artıq anlamalıdır ki, onun təhlükəsiz regionda yaşaması və qonşuları ilə əməkdaşlıq münasibətləri qurması üçün işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi mütləqdir.
Bunlarla yanaşı, bir mühüm məqamı da nəzərə çatdırmaq lazımdır. AŞPA-nın qış sessiyası bir daha Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini göstərmiş oldu. Yüksək qarşılıqlı-faydalı əməkdaşlıq və bir-birinin mövqeyini üstün tutma, onu hər bir qurumda müdafiə etmə prinsipləri üzərində qurulan bu münasibətlərə hər hansı bir qüvvənin xələl gətirməsinin qeyri-mümkünlüyü bir daha nümayiş etdirildi. Nəzərə alsaq ki, tarix boyu daim bu münasibətlərə kölgə salmaq, ona xələl gətirmək istəyində olanlar az olmayıb, və hazırda da belə qüvvələr mövcuddur, onda Türkiyə prezidentinin çıxışı onlara da cavab kimi qiymətləndirilə bilər. Bu mənada, Türkiyə xarici işlər nazirinin də eyni qurumda bir neçə gün bundan öncə, etdiyi çıxış da yüksək qiymətləndirilməlidir. O bildirib ki, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır.
Beləliklə, Türkiyə rəsmilərinin də verdiyi açıqlamalardan məlum olur ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə daim Azərbaycanın mövqeyini müdafiə edəcəkdir. Bu yolda atacağımız istənilən addıma Türkiyə tərəfindən dəstək veriləcəyi şübhəsizdir. Türkiyənin dünya siyasi arenasında günü-gündən möhkəmləndiyi bir dövrdə onun bu dəstəyi Azərbaycan üçün çox əhəmiyyətlidir.