PDF Oxu

Araşdırma

  • 17

Təhrif olunan həqiqətlər

Təhrif olunan həqiqətlər
Hələ bir müddət öncə - yanvar ayının 13-də Azərbaycanda səfərdə olmuş Avropa Komissiyasının Prezidenti Joze-Manuel Barrozu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi fikirlərini, təmsil etdiyi qurumun mövqeyini açıq şəkildə bildirmişdi. Ölkə başçısı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandıran Avropa Komissiyasının prezidenti bildirmişdi ki, Avropa Birliyi, əlbəttə ki, tərəfdaşlarının, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir: "Biz ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik və əgər tərəflər razıdırsa, biz bundan sonra sülh prosesinə siyasi dəstək verə və etimadyaratma tədbirlərini maliyyələşdirə bilərik".
Verilmiş açıqlamadan da göründüyü kimi Barrozunun rəsmi münasibəti bilavasitə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində həqiqətləri etiraf edən, eyni zamanda, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş addım kimi qəbul edilir. Bu açıqlamanı ölkədəki müxtəlif siyasi dairələr, eləcə də, ictimaiyyət məlum münaqişənin ədalətli prinsiplər çərçivəsində həll olunmasına hesablanmış bəyanat kimi də qəbul edərək, onu alqışladılar. Ancaq təəssüflə qeyd etməliyik ki, Barrozunun söylədiyi fikirlər Avropa Komissiyasının saytında köklü dəyişikliklərə məruz qaldı və qatı təhriflərə yol açan məlumatlar yalan şəklində dünya ictimaiyyətinə çatdırıldı. Təhrif olunmuş məlumatlar isə bütün həqiqətlərin üzərindən çarpaz xəttlər çəkərək, bu cür ifadə olunub: " Dağlıq Qarabağ məsələsində irəliləyişin olmadığına görə narahatçılığımı bölüşdüm. Bundan əziyyət çəkən bütün cəmiyyət və ailələrə öz dərin başsağlığımı çatdırdım. Bütün tərəflərin tez sülhün əldə olunması naminə əllərindən gələni etməsi üçün çoxdan vaxt çatıb. Nəticə etibarı ilə ATƏT-in Minsk Qrupu ilə işlər davam etdirilməlidir. Avropa Birliyi bunun üçün bütün səyləri dəstəkləyir. Əgər bütün tərəflər razıdırsa, Avropa Birliyi bundan sonra da dəstək olmağa hazırdır".
Hətta təhrif olunmuş yalan məlumatlardan beynəlxalq aləmdə kifayət qədər tanınan digər xəbər saytları və KİV-lər də istifadə edərək dünya ictimaiyyətində çaşqınlıq yaradan xəbərlər dərc etdi. Bəs bütün bunlar nədən baş verdi və Manuel Barrozunun Azərbaycanı tərk etdikdən sonra fikirlərinin təhrif olunması arxasında hansı görünməyən tərəflər mövcuddur ? Axı təhrif variantından fərqli olaraq Bakıda verilən açıqlamalar AB komissiya prezidentinin münaqişənin həlli ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ortaya qoyduğu rəsmi mövqedir və bu mövqe hələ 2010-cu ilin mayında Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə ilə, demək olar ki, üst-üstə düşür. Belə ki, Avropa Parlamentinin qətnaməsinə diqqət yetirdikdə, bir daha deyilənlərin şahidi oluruq. Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirillovun məruzəsi əsasında "Avropa Birliyinin Cənubi Qafqazda strategiyasına tələb" adlı 2009/2216 saylı qətnamədəki "Dağlıq Qarabağ münaqişəsi" bölməsində tələb olunur ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Dğlıq Qarabağ bölgəsindən və onun ətrafındakı rayonlardan dərhal çıxılmalıdır. Eyni zamanda, həmin qətnamədə vurğulanır ki, münaqişə beynəlxalq prinsiplər və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Onu da xatırladaq ki, ədalətli prinsipləri özündə ehtiva edən bu qətnaməni Azərbaycanın Xarici İşlər Nazirliyi də rəsmi bəyanat yayaraq alqışlamışdır.
Amma nədənsə Manuel Barrozu şəxsi və rəsmi fikirlərinin təmsil olunduğu qurumun internet saytındakı səhifəsində təhrif olunmasına hələ də münasibət bildirməyib. Görünür, burada da "erməni faktoru" timsalında məqamlar mövcuddur və bu məqamların arxasında qeyri-ciddilik, rəsmi fikirlərdən imtina kimi amillər dayanır. Bunu deməyə isə bəzi əsaslar var. Yəni həmin əsaslarda sırf erməni müdaxiləsinin olduğu şübhə doğurmur. Eləcə də, Avropa Birliyinin son zamanlardakı mövqeyindən möhkəm nigaran olan, narahatçılıqdan az qala başlarını itirən ermənilər Manuel Barrozunun mətbuat katibinə müraciət edərək, ondan məlum məsələyə münasibət bildirməyini istəyiblər. Ermənilərin müraciətlərinə cavab olaraq M. Barrozunun mətbuat katibi Maykl Katniçnik şəxsi mövqeyini bildirərək, demişdir ki, Dağlıq Qarabağla bağlı Avropa Birliyinin və onun nümayəndələrinin mövqeyini başqalarının yazdığından deyil, Avropa Birliyinin rəsmi internet saytından öyrənmək lazımdır. (?!)
Yəqin Maykl Katniçnik yersiz açıqlamaları ilə öz səlahiyyətlərini aşdığının fərqinə varmayıb. Hər halda, mötəbər Avropa qurumunda mətbuat katibi olaraq çalışan Katniçnik bilməlidir ki, istənilən mətbuat konfranslarında (o ki qalsın rəsmi dövlət səviyyəli konfranslarda-R.R.) tərəflərin söylədikləri hər bir cümlə, hər bir fikir, hər bir münasibət rəsmiləşdirilmiş qəbul olunur, eyni zamanda, protokollaşdırılır. Həmçinin, mətbuat nümayəndələrinə verilən cavablar müxtəlif KİV-lər tərəfindən eyni məzmunda ictimaiyyətləşdirilir. İndi onun öz rəhbərinin fikirlərini istədiyi kimi, təmsil olunduğu qurumun internet səhifələrində təhrif etməsi, guya Avropa Komissiyasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməməsi tipli açıqlamalar yayması arxasında şəxsi maraqların dayandığını da desək, yanılmarıq.
Digər bir mühüm nüansı da ictimaiyyətə təqdim etməyi özümüzə borc bilərək, qeyd etməliyik ki, Barrozunun Bakıda verdiyi açıqlamaları başqa tərzdə də təhrif olunmuşdur, bu da onun videogörüntüləri ilə bağlıdır. Daha dəqiq desək, M. Barrozunun xarici və yerli kütləvi informasiya vasitələri qarşısında etdiyi çıxış Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməmiş və çıxışın videogörüntülərində Azərbaycanın ərazi bütövlüyünə aid rəsmi çıxış hissəsi bilərəkdən çıxarılaraq, digər təhrifedici fikirlərlə əvəz edilmişdir. Və təbii ki, burada Katniçnikin ermənilərlə qurduğu gizli iş birliyi ifşa olunmuşdur.
Əgər nəzərə alsaq ki, bu günə qədər müxtəlif beynəlxalq qurumlar, mötəbər təşkilatlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində rəsmi mövqelərini bildiriblər, bu zaman Avropa Komissiyası prezidentinin Bakıda söylədiyi rəsmi ifadələrinin təhrif olunduqdan sonra onun tərəfindən bir daha səsləndirməsində hansı problemlər var? Axı BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və bu kimi bir neçə nüfuzlu qurumlar dəfələrlə Azərbaycanın haqlı mövqeyinə rəsmi dəstək veriblər. Məhz bu səbəblərə görə Azərbaycan ictimaiyyətini, eləcə də, Azərbaycanda baş verən hadisələrlə maraqlanan dünya ictimaiyyətini bir sual maraqlandırır: Azərbaycan üçün mühüm və həyati əhəmiyyət daşıyan ciddi məsələlərə bu cür səthi yanaşan, ən ali səviyyədə ifadə olunmuş siyasi mövqedən bir anda geri çəkilən qurumla Azərbaycan necə səmərəli, hərtərəfli əməkdaşlıq edə bilər? Əgər bu qurumun rəhbəri-Manuel Barrozunun rəsmi ifadələrini məhz onun rəhbərlik etdiyi komissiya tərəfindən təhrif olunmasının qarşısı alınmırsa, bu zaman onun prezidentlik prinsiplərində zəifliyin müşahidə olunması labüdləşir. Eyni zamanda, onun səmimiliyi də kölgə altında qalır. Hər halda, Bakıda bir cür, Avropada isə başqa cür danışan, fikirləri təhrif olunan, eləcə də, təhrif olunmuş rəsmi ifadələrini təkzib edərək, öncəki fikirlərini bərpa edə bilməyən şəxs haqqında bu cür fikirləşməyə dəyər...

P.S. Əslində, heç də kiçik görünməyən bu halın mövcud olması
Avropa Birliyi kimi nüfuzlu quruma, onun siyasi imicinə səmərə vermir. Hər halda, AB və Azərbaycan arasında imzalanmış "Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi"nin müddəalarına zidd olayların cərəyan etməsi bunu deməyə əsas verir. Azərbaycan ictimaiyyəti isə inanaır... İnanır ki, Avropa Komissiyası rəsmiləri sözügedən məsələyə aydınlıq gətirəcək və yaşanmış arzuolunmaz problem qısa zaman kəsimində öz ədalətli həllini tapacaqdır.

Digər xəbərlər