Din pərdəsi altında aparılan oyunlar
Müasir düşüncəyə malik Azərbaycan cəmiyyəti daha mütərəqqi ideyaların və humanist dəyərlərin ətrafında cəm olub. Daima tərəqqidə olan, özündə daha yüksək elitar dəyərləri daşıyan cəmiyyətin orta əsr düşüncəsi ilə hərəkət etməsi mümkün deyil. Əgər kimlərsə, öz maraqları və istəkləri naminə bu cür düşünmək itstəyirlərsə və bunun üçün də, müəyyən şəxsləri şirnikləndirici vədlərlə ətrafına toplamaqla gərginlik yaratmaq iddiasına düşürlərsə, bunun başqa adla adlandırılması yanlışlıq olardı. Kimsə dinlə, ibadətlə məşğul olursa, bu, onun iradəsindən asılı olan məsələdir. Çünki ölkəmizdə ən yüksək səviyyədə bütün dinlər üçün bərəbər mühit yaradılıb. Azərbaycan tolerant bir ölkə kimi bütün dünyaya nümunə göstərilir. Bizim ölkəmizdə kimisə evində və yaxud məsciddə namaz qıldığına və hansı dinə sitayiş etdiyinə görə şallaqlamırlar. İstənilən vətəndaş öz iradəsinə uyğun olan dinə sitayiş edə, məsciddə, kilsədə öz ibarətini heç bir maneə ilə üzləşmədən həyata keçirə bilər. Amma kimlərsə, din pərdəsi altında müəyyən qüvvələrin diqtəsi ilə çirkin əməllərə yol verirsə, təbii ki, bunun bir qanun-qayda ilə tənzimlənən tərəfi olmalıdır. Doğrudur, bəzən dindarlar öz əməllərinə müəyyən dərəcədə "haqq" qazandırmağa da çalışırlar. Amma unutmaq olmaz ki, din, ibadət, Allah sevgisi ilə başqa məsələləri bir tərəziyə qoymaq olmaz. Əgər kimsə dinlə məşğul olursa, sərbəst şəkildə öz ibadətini etsin. Namaz qılıb çıxıb çöldə mən "namaz qıldım" demək belə qəbul olan hal deyildir. Əsil dindar necə olmalıdır sualı da elə bu məqamda özünü büruzə vermiş olur.
Allahın yaratmış olduğu canlı varlıqlar sırasında ən ali dərəcədə insan dayanır. İnsanın yemək, içmək, yatmaq, cinsi tələbatını ödəmək və s. qədər onun ruhu qida almaq kimi zəruri ehtiyacları da vardır. Bu haqqı isə insanın əlindən almaq heç bir halda mümkün olmayıb. Hətta yaxın tariximizdə yəni, sovet totalitar rejimində ateistliyin təbliğ olunduğu bir zamanda belə insanlar öz ibadətlərindən imtina etmədilər. Yarı gizli-yarı aşkar formada olsa belə insanlar öz dini inanclarının mənsub olduğu ibadət nöqtələrini, nəinki itirdilər, əksinə, daha da möhkəmlətmiş oldular. Ölkəmiz ikinci dəfə öz milli müstəqilliyini bərp etdikdən sonra isə, istənilən sahədə olduğu kimi, dini sahədə də sərbəstlik, azadlıq, tolerantlıq mövcud oldu. Bütün dinlərin təmsilçilərinin, ayrı-ayrı dini cəmiyyət nümayəndələrinə öz iradələrini ifadə etmək üçün maneəsiz şərait yaradıldı. Və bu gün Azərbaycan dünyaya örnək olacaq səviyyədə dini tolerantlığın hökm sürdüyü ölkədir. Amma təəssüflə qeyd etmək istərdik ki, hələ də, müstəqil düşüncəyə malik ola bilməyənlər, elm və dinin vəhdətindən çıxış etməyi bacarmayanlar öz yanlışlıqları ilə cəmiyyətdə müəyyən gərginlik yarada biləcək hərəkətlərə yol verirlər. Bir məqamı da vurğulamaq lazımdır ki, əksər hallarda öz maraqlarını istədikləri müstəvidə reallaşdıra bilməyən pozucu qüvvələr məhz din amilindən təsiredici faktor kimi istifadə etməyə çalışırlar. Fakt olaraq bu gün dünyanın bir sıra ölkələrində hələ də bu sindrom öz mövcudluğunu saxlamaqdadır. Çünki həmin ölkələrdə cəmiyyət mütərəqqi ideyalardan elmi yanaşmalardan, fəlsəfi düşüncədən çox uzaqdadır. Müasir Azərbaycan cəmiyyətində isə bu tendensiyadan yararlanmaq belə düşüncədən kənar bir şeydir. Başlıcası odur ki, cəmiyyətimiz inkişaf edir, mütərəqqi dəyərlərlə silahlanır. Bu baxımdan da, dini fanatizm, radikal dini təşkilatlanma, din-terror məsələləri kimi "terminlər" bizdən uzaqdır. Baxmayaraq ki, son günlər müəyyən maraqlı dairələr, xüsusən də, müxalifət mətbuatında din məsələsi gərginlik yaradacaq səviyyə kimi qabardılır. Elə buradan bir məntiqi sual yarana bilər ki, istənilən bir dindar ölkə vətəndaşıdır. Bu isə, o deməkdir ki, onun vətəndaş kimi konstitusyon hüquqları ilə yanaşı, vəzifələri də mövcuddur. Çünki ölkə konstitusiyası başda olmaqla heç bir qanunumuzda dindara silah saxlamağa, ictimai çaşqınlıq yaratmağa dair əlahiddə səlahiyyətlər verilməyib. "Əgər dindarsansa, bu, o, demək deyil ki, cəmiyyətin baş biləni sənsən? Bu, yanlış düşüncədə olanlar gec, ya da tez nə dərəcədə primitiv çərçivəyə salındıqlarını anlayacaqlar. Zəruri məqamların sırasında diqqətçəkən amillərdən biri kimi İran dövlətinin dinə və ölkəmizdə dini məsələlərlə bağlı söz-söhbətlərə münasibət bildirməsidir. Elə bu səbəbdən də, molla rejiminin uşaqlarına və Azərbaycan oturub, gərginlik yaratmaq istəyində olanlara demək istəyirik ki, "sizin sitayiş" etdiyiniz dövlətdə insanları xırda səhvinə gör qaldırıcı "kran"lardan asırlar. Daha dar ağacını da insan mənəviyyatına "çox" görüblər. Ona görə də, yuxarıda sadaladığımız və sadalaya bilmədiyimiz dəyərlər, insan vicdanı öz haqqını tapdalamamağa səsləyir.