PDF Oxu

Araşdırma

  • 17

2011-ci il “Turizm ili” elan olunub

2011-ci il “Turizm ili” elan olunub
Məlum olduğu kimi, bu günlərdə dövlət başçısı İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda 2011-ci ilin "Turizm ili" elan olunması qərara alınıb.
Belə olan halda, görəsən, parlamentin qarşıdan gələn yaz sessiyasında "Turizm ili" ilə bağlı hansı qanun layihələrinin hazırlanması, müzakirələrə çıxarılması nəzərdə tutulur və ya tutula bilər? Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, əvvəla, turizm dünyanın həm maddi-maliyyə, həm də insan həyatının mənalılığı baxımından təkcə perspektivli yox, eyni zamanda, böyük əhəmiyyətli bir məsələsi, sahəsidir. Komitə sədri qeyd edib ki, turizm həm ölkəyə, həm bölgəyə bütövlükdə gəlir gətirir, həm də insanlar özləri çox maraqlıdırlar ki, həyatlarını səmərəli keçirə bilsinlər: "İndi Azərbaycanın bu gün bu sahədə xüsusi bir mövqe qazanmağa çalışması və cənab Prezidentin də bu barədə birinci dəfə deyil, dəfələrlə mövqe ortaya qoyması çox əhəmiyyətli bir hadisədir. Azərbaycanda bu yöndə çox böyük layihələr həyata keçirilib, çox işlər görülüb və görülməkdədir. Eyni zamanda, əgər bu il "Turizm ili" kimi elan olunursa, bu, artıq həm də o deməkdir ki, biz buna hazırıq və sözün həqiqi mənasında, buna bir debüt ili kimi başlaya bilərik. Turizmin olması Azərbaycanın mədəniyyət abidələrinin bərpa olunması deməkdir ki, bu iş də artıq çoxdan başlayıb. Turizm şəbəkəsinin mövcudluğu Azərbaycanın dünya üçün maraqlılığının artırılması deməkdir ki, bu da çoxdan start götürüb. Bu, həmçinin, Azərbaycanın dünyaya inteqrasiyası deməkdir ki, bu da çoxdan başlayıb".
Komitə sədrinin fikrinə görə, Azərbaycan dünya turizmi üçün maraqlı ölkə olduğunu da qeyd etdi: "Doğrudur, turizmlə bağlı müxtəlif komitələrin işləri əlaqələndirilməlidir. Burada iqtisadi, maliyyə, təsərrüfat məsələləri və sair var. Amma bununla yanaşı, turizm həm də bir mədəniyyət hadisəsidir. Ona görə biz bu məsələyə hələ komitəmizin payız sessiyasının iclasında yüngülvari şəkildə toxunmuşduq. Yəni, mədəniyyət abidələrinin, memorial abidələrin bərpası və onların qorunması ilə bağlı müəyyən prinsiplərin işlənilib hazırlanması, sonra Azərbaycanda təsviri sənətin, eləcə də, bir sıra yaradıcılıq sahələrinin inkişafı üçün qanunların qəbul olunması çox vacib məsələdir".
N.Cəfərov uzun illər ərzində üzərində işlənilən "Mədəniyyət haqqında" Qanunda çox ciddi dəyişikliklər edilməli və yaxud bu sənədin bütövlükdə yeniləşdirilməsinə də toxundu: "Burada da turizmin inkişafından irəli gələn məsələlərə diqqət yetiriləcək və yetirilməlidir ki, bunların da bir hissəsi konkret məsələlərdir. Belə deyək, bu gün Azərbaycan təbiətinin çox gözəl olduğu elə yerlər var ki, orada tarixi abidələr bərpa olunsun. Azərbaycan təbiətinin əslində gözəl olan, amma bu gün o qədər gözəl görünməyən, yəni, yollar, istirahət yerləri məsələsi var. Məsələn, Azərbaycanın Kür qırağı, Araz qırağı, yəni, Kür-Araz sahillərində çox böyük tarixi hadisələr baş verib ki, onlar dünyanın böyük tarixçilərinin əsərlərində əksini tapıb. Buna görə də, həmin yerlərdə qazıntı işlərinin aparılması, orada tarixi abidələrin ortaya çıxarılması, onların dünyaya təqdim olunması lazımdır. Mədəniyyət Komitəsi də, öz növbəsində, müvafiq təhlillər, müzakirələr aparır və onlar bizim "Mədəniyyət haqqında" qanunumuzda müvafiq şəkildə əks olunmalıdır. Yəni, Azərbaycanın regionlarının təbiəti, mədəniyyəti müxtəlif olduğu kimi, ona uyğun da qanunvericilikdə müəyyən təfsirlər verilməlidir. Bu mənada, müxtəlif turist fəaliyyətlərdən ötrü Azərbaycan turizm üçün maraqlı olan bir hala gətirilməlidir. Bir var ki, bir xalçanı və ya hansısa çarğatı texniki şəkildə təqdim edəsən, bir də var onu pasportu, etnoqrafik adı, toxuyanın, hazırlayanın tərcümeyi-halı ilə təqdim etsin. Demək istəyirəm ki, bu tipli məsələlər heç də həmişə qanuna sığmır, amma bununla yanaşı, müəyyən tövsiyə xarakterli məsləhətlər də olmalıdır ki, bu, artıq bir kanona çevrilsin. Kanona çevrilsin ki, bu məsələ bu şəkildə olmalıdır. Odur ki, 2011-ci ilin "Turizm ili" elan olunması Azərbaycanın bir turizm ölkəsi kimi böyük gəlirlər qazanmasında və dünyanın turist panoramında görünməsində böyük cəhdlər ili olacaq".
N.Cəfərov Azərbaycanın tanınmış qoruq yerləri, o cümlədən, Qobustan qayaları, Göy-göllə və sair, tarixi - təbiət abidələri ilə bağlı ayrıca qanunların qəbul olunmasının vacibliyini də vurğuladı: "Bilirsiniz, ötən payız sessiyası zamanı millət vəkili Rəfael Hüseynovun məlum təklifləri çox yerində olan təkliflər idi. Həqiqətən də, "Babadağ", "Göy-göl", eləcə də, Abşeron kəndləri, Azərbaycanın digər tarixi yerləri, regionları ilə bağlı sahəvi qanunların hazırlanması və qəbulu mümkündür. Bunlar, sadəcə, bir təbiət hadisəsi, coğrafi məkan deyil, həm də bir mədəniyyət hadisəsidir. Ona görə o cür regionlar, tarixi - təbiət abidələri, qoruq yerləri haqqında müəyyən qanunvericilik aktları qəbul etmək olar. Bir də, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın sayəsində, Qobustanla, İçərişəhərlə bağlı xeyli işlər görülüb. İndi burada bir məsələ var, görülən işlər o qədər böyükdür ki, digər işləri də ortaya çıxarır. Yəni, bizim coğrafiyanın landşaftında tək təbiət deyil, bir mədəniyyət landşaftı da var ki, onlar bir-birilə əlaqədədir. Bu baxımdan, elə bilirəm ki, bu qanunları müxtəlif komitələrlə hazırlamalı, müzakirələrə təqdim etməliyik. Amma mən də belə düşünürəm ki, bu yöndə silsilə qanunlara ehtiyac var. Belə demək mümkünsə, gələcəkdə həmin regionların inkişafı, onların turizm üçün maraqlı olması ilə bağlı silsilə qanunların qəbuluna ehtiyac var".

Digər xəbərlər