2011-ci ildə də uğurlu inkişaf modeli mükəmməl şəkildə davam etdiriləcək
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa uyğun olaraq, Azərbaycan davamlı sosial-iqtisadi inkişafa nail olmaqdadır. Bu uğurların təminatçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bir daha vurğulandı. Söhbət etdiyimiz iqtisadçılar 2010-cu ili Azərbaycan üçün bütün sahələr üzrə uğurlu il hesab etdiklərini bildirdilər.
Millət vəkili Musa Quliyev: "Yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu il Azərbaycanın sosial-iqtisadi inkişafına dair iclasında cənab Prezidentin söylədiyi kimi, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu olmuşdur. Baxmayaraq ki, 2009-2010-cu illər dünya iqtisadiyyatı tarixində kəskin maliyyə-iqtisadi böhranı ili kimi qalacaqdır. Amma bu illər Azərbaycanda iqtisadi tənəzzül və iqtisadi durğunluq deyil, əksinə, iqtisadi inkişaf olmuşdur. 2009-cu ildə ümumdaxili məhsul 3,5 faiz, 2010-cu ildə isə 5 faiz artmışdır. Dünyanın bir çox ölkələrində ümumdaxili məhsulun azalması, büdcə kəsirlərinin yaranması, bir çox sahələrə investisiya qoyuluşunun və hətta sosial sahədə maliyyələşmənin dayanması halları baş vermişdir. Bütün bunlar onu göstərir ki, ümumdünya iqtisadi böhranı ərəfəsində Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, onu göstərir ki, Azərbaycanda daxili siyasət, sosial-iqtisadi siyasət çox uzaqgörən, düzgün hesablanmış strategiyaya əsaslanır. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın çoxillik iqtisadi inkişaf konsepsiyasıdır və cənab Prezident İlham Əliyevin müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirərək, həyata keçirdiyi uğurlu fəaliyyətin nəticəsidir.
Cənab Prezidentin həmin müşavirənin açılışındakı giriş nitqi və müşavirənin sonundakı yekun nitqi, deyərdim ki, 2010-cu ilin iqtisadi-sisial həyatına bir baxış olmaqla yanaşı, həm də 2011-ci ildə Azərbaycan daxili siyasətinin sosial sahədəki fəaliyyətinin proqram müddəalarıdır. Cənab Prezidentin nitqində göstərildiyi kimi, Azərbaycanda bizim əldə etdiyimiz sosial-iqtisadi uğurların ən böyük şərti düzgün balanslaşdırılmış və şaxələndirilmiş iqtisadi siyasətin həyata keçirilməsidir. Dörd il bundan öncə, daxili və xarici ekspertlər Azərbaycanın yaxın illərdə holland sindromuna məruz qalacağına iddia edirdilərsə, indi isə bu barədə hətta həmişə qeyri-obyektiv mövqe tutan müxalifət ekspertləri də ən yaxşı halda susurlar. Azərbaycanda nəinki holland sindromu baş vermədi, hətta qeyri-neft sektorunun inkişaf həyata keçirildi. Cənab Prezidentin elan etdiyi "Biz neft kapitalını insan kapitalına çevirəcəyik", "neft gəlirlərini qeyri-neft sektoruna yönəldəcəyik" fikirləri artıq bu gün real həyatda öz təsdiqini tapmışdır. Birinci növbədə, 2004-cü ilin fevralında imzalanmış "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" bu gün də uğurl davam etdirilir.
Azərbaycanın neft sektorundan əldə etdiyi gəlirlər qeyri-neft sektoruna qoyuldu və ölkəmizin inkişafı üçün güclü infrastruktur yaradıldı. Azərbaycanın bu gün Şimaldan Cənuba, Şərqdən Qərbə bütün magistral yolları ən müasir standartlara cavab verən səviyyəyə gəlib çatmışdır. Azərbaycanın böyük şəhərlərində Lənkəranda, Gəncədə, Zaqatalada müasir tələblər səviyyəsində beynəlxalq aeroport tikilib istifadəyə verilmişdir. Bu gün Azərbaycanın nəqliyyat sistemində xüsusi çəkisi olan dəmiryol nəqliyyatının, həm də müasir şəkildə zənginləşdirilmiş aeroport və hava nəqliyyatının tam modernləşdirilməsi prosesi gedir.
Bütün bunlar onu göstərir ki, bu infrastruktur layihələrin sosial sahələrin və regionların inkişafına birbaşa təsiri ilə bağlı inkişaf göstəriciləridir. Qaz və elektrik xətlərinin çəkilməsi bölgələrdə enerji təminatı işini, demək olar ki, başa çatdırmışdır. Bütün bunlar sübut edir ki, Azərbaycan düzgün hesablanmış iqtisadi siyasət həyata keçirir və bu siyasət bundan sonra da Azərbaycana uğurlar gətirəcək".
İqtisadçı-ekspert Aydın Hüseynov qeyd etdi ki, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün ümumən uğurlu il olub: "2010-cu ildə ümumdaxili məhsul 5 faiz artaraq, 41 milyard manatı ötmüşdür. Eyni zamanda, orta illik inflyasiya idarəolunan səviyyədə - 5,7 faiz olmuşdur. Bu, əldə olunan nailiyyətlər təsadüfi deyil. Bu uğurların arxasında cənab Prezidentimizin iqtisadiyyatımızı dərindən təhlil edərək, həyata keçirdiyi tədbirlərin nəticəsidir. Əgər 2009-2010-cu illərdə dünya iqtisadi böhrana məruz qalsa da, Azərbaycanda bu proses yaşanmadı. Ümumilikdə, bütün sahələrdə - səhiyə, təhsil, iqtisadiyyat, infrastruktur və s. uğuru və Azərbaycanın gələcək inkişafını təmin edə biləcək layihələr həyata keçirildi.
Cənab Prezidentin keçirdiyi müşavirənin başlıca xüsusiyyətlərindən biri o oldu ki, əldə olunan nailiyyətlər təhlil olunaraq, 2011-ci ildə qarşıda duran prioritet əsas vəzifələr müəyyənləşdirildi və bu proqram olaraq qəbul olunmalıdır".