PDF Oxu

Araşdırma

  • 17

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Xalqımızın ən dəhşətli günlərindən biri olan 20 Yanvar faciəsindən 21 il ötür. Həmin gün xalqımızın azadlıq mübarizəsinə qalxdığı gündür. Yəni, 20 Yanvar həm hüzn günü, həm də şərəfli tarixi günlərimizdən biridir. Həmin gün şəhid olan Azərbaycanın oğul və qızları bu torpağa azadlıq toxumu səpdilər.
20 Yanvar faciəsinə ilk hüquqi qiymət müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verildi. Bu faciə neçə illərdir ki, xalqın hüzn günü kimi qeyd olunur. Yaddaşımıza qara hərflərlə yazılan 20 Yanvar faciəsinin işıqlandırılmasında Azərbaycan mətbuatının rolu necə olub? Ölkə mətbuatı bu faciəni yetərincə işıqlandıra bilirmi? Bu və digər suallarla qəzet baş redaktorlarına müraciət etdik.

Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin
baş redaktoru:

- Baş verən hadisələrin ertəsi günü 20 Yanvar faciəsi ilə əlaqədər olaraq, "Səhər" qəzeti çox böyük tirajla nəşr olunmuş və yayılmışdı. Bu hadisələrin ölkə xaricində işıqlandırılması üçün, Ramiz Əskərin baş redaktorluq etdiyi "Odlar Yurdu" qəzeti çox böyük fəaliyyət göstərmişdir. Həmin vaxtlar Naxçıvan televiziyası bu istiqamətdə fəallıq nümayiş etdirmişdir. Bir sözlə, 20 Yanvar faciəsi və Azərbaycanın digər tarixi faciələri mətbuat orqanlarında kifayət qədər işıqlandırılır və cəmiyyətə çatdırılır.
Təbii ki, illər keçdikcə, ağrılar bir az səngiyir. O hadisələrin baş verdiyi dövrdə, 20 il bundan əvvəl olduğu kimi, mətbuat həmin hadisələrin üstünə müntəzəm şəkildə qayıtmır. Bununla yanaşı, 20 Yanvar faciəsinin təbliğatı ilə bağlı, məşğul olan bütün xüsusi qeyri-hökumət təşkilatları, onların keçirdiyi tədbirlər var. Hesab edirəm ki, hadisələr haqqında xeyli yazı yazmağa, həm də yeni, xüsusi tədqiqatlar aparılmasına ehtiyac duyulur. Çünki faciə qurbanlarının sayı, istifadə olunan silahlarla bağlı müəyyən mübahisələr var.

Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:

- Həmin dövrdə, fövqəladə hal vəziyyətində məlumatların yayılması olduqca çətin idi. Həmin vaxtlar, Azərbaycan mətbuatının nümayəndələri, 20 Yanvar faciəsi ilə əlaqədər olaraq, obyektiv informasiyaları cəmiyyətə çatdırırdılar. Bu baxımdan, hesab edirəm ki, istər 20 Yanvar hadisələrinin baş verdiyi dövrdə, istərsə də sonrakı mərhələdə Azərbaycan mediası baş verən hadisələri kifayət qədər obyektiv şəkildə işıqlandırıb. Bir sözlə, ölkə mətbuatı hər zaman 20 Yanvar faciəsini diqqət mərkəzində saxlayır. Mətbuatımız hazırda baş verən bu faciəni yetərincə işıqlandırır. Təbii ki, burada subyektiv yanaşma tərzi ortaya qoymaq mümkündür. Ancaq bunu birmənalı şəkildə demək olmaz. Çünki elə mətbuat orqanları var ki, yalnız gündəlik dedi-qodu ilə məşğul olurlar. Onlar üçün milli məsələlər önəm kəsb etmir. Əksər mətbuat orqanları, yəni, dövlətin, millətin, milli maraqların keşiyində dayanan mətbuat orqanları, mütəmadi olaraq, 20 Yanvar hadisələrini diqqət mərkəzində saxlayırlar.

Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:

- Məbuatın bu sahədə rolu təqdirəlayiqdir. Mən müqayisə apararaq, demək istərdim ki, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsi və bununla bağlı həqiqətlərin dünya ictiamiyyətinə çatdırılması məsələsində mətbuat həm siyasi partiyalardan, həm də müəyyən inzibati hüquqi orqanlardan qabaqda gedir. Bir sözlə, mətbuatın bu məsələdə rolu çox böyük və önəmlidir. Çünki 20 Yanvar hadisələri ilə bağlı, əgər bu gün dünyada və Azərbaycan ictimaiyyətində yetərli rəy yarada bilmişiksə, bu daha çox mətbuatımızın xidmətidir. O illərdə Azərbaycanın yeni-yeni yaranan, o qədər də müstəqil olmayan hərbi və siyasi senzurasının nəzarəti altında çıxan zəif mətbuatı da, bu gün tam azad bir şəraitdə fəaliyyət göstərən azad mətbuatımızda 20 Yanvar hadisələri ilə bağlı çox yüksək səviyyədə izahat, təbliğat işləri aparıblar və bu gün də aparırlar. Yəni, mətbuat bu məsələdə bütün digər institutlarla müqayisədə daha yüksək səviyyədə fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan mətbuatının bu hadisələrin işıqlandırılmasında rolunu yüksək dəyərləndirirəm.

Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- O zaman yanvarın 19-da, axşam saat 8 radələrində televiziya partladıldı. Azərbaycan bundan sonra demək olar ki, informasiya blokadasına alındı. Gecə isə saat 12-də rus qoşunları Bakıya girdi. Həmin vaxtlar, baş verən bu hadisələri mətbuatda işıqlandırmaq mümkün deyildi. O vaxtlar gizli qəzetlər buraxırdıq. Yalnız gizli qəzetlər vasitəsilə 20 Yanvar hadisələrini işıqlandırırdıq və xalqa bu barədə məlumat verirdik. Odur ki, 20 Yanvarın işıqlandırılması bağlı 1990-ci ildə həmin günü heç bir qəzet o barədə yazı yazmamışdı. Yalnız, Moskvanın rəsmi məlumatları verilirdi ki, hakimiyyəti ələ almaq istəyən bir qrupa, Xalq Cəbhəsinin üzvlərinə görə, sovet ordusu Bakıya daxil olub və ölənlər, itənlər var. Yəni, baş verənləri bütün dünyaya Mixail Qorbaçov belə çatdırmışdı. Bəli, indiki dövrümüzdə Azərbaycan mətbuatında 20 Yanvar faciəsi yetərincə işıqlandırılır. Elə başa düşürəm ki, artıq, bu hadisəni faciə kimi yox, Azərbaycan müstəqilliyinin başlanğıcı kimi qələmə vermək olar. Əslində, bu faciə Azərbaycan müstəqilliyinə yol açdı və Azərbaycanın azadlığı məhz 20 Yanvardan başladı. Həmin vaxtlardan bu günə qədər ölkə mətbuatı və qəzetlər baş verən bu hadisəni kifayət qədər işıqlandırırlar və hər il də işıqlandırmaqda davam edirlər. Amma mən 20 Yanvara artıq faciə kimi yox, bir bayram - Azərbaycan müstəqilliyinin başlanğıcının bayramı kimi baxıram. Çünki zaman keçəcək, Şəhidlər Xiyabanına getmək ənənəsi qalsa da, artıq insanlar bunu bayram kimi qeyd edəcəklər. Çünki azadlığın və müstəqilliyin başlanğıcı, məhz 20 Yanvardan başlayır.

Digər xəbərlər