PDF Oxu

Araşdırma

  • 19

Ermənistan 2011-ci ildə daha dərin böhranla üzləşəcək

Ermənistan 2011-ci ildə daha dərin böhranla üzləşəcək
Ermənistanda müşahidə olunan qeyri-sabit ictimai-siyasi durum son zamanlar daha da davamlı xarakter almağa başlayıb. Belə ki, ictimai narazılıqların başlıca mənbəyi sayılan sosial-iqtisadi böhran Ermənistan dövlətinin qarşısını ala bilmədiyi problemlərdəndir. Ölkənin iqtisadi cəhətdən geriləməsi ölkədə ictimai narazılığın yaranması ilə yanaşı, eyni zamanda, hakimiyyət böhranının da yaranmasına səbəb olmuşdur. Heç təsadüfi deyil ki, hökumət strukturlarındakı son istefalar məhz iqtisadi böhranla əlaqələndirilir. Bu vəziyyətin yenicə qədəm qoymuş 2011-ci ildə daha da kəskin xarakter alacağı və daha böyük qalmaqallara səbəb olacağı proqnozlaşdırılır.
Bu günlərdə Ermənistanın müxalifət partiyası sayılan Liberal Partiyanın sədri Ovanes Ovanesyan da verdiyi açıqlamada Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin dərinləşməsindən danışıb. Onun sözlərinə görə, 2010-cu ildə Serj Sarkisyan hökumətinin sayəsində Ermənistanın reytinqi onlarla bənd aşağı düşüb. İndi bu ölkənin adı demokratiyanın zəif inkişaf etdiyi ölkələr siyahısında belə axırıncı yerlərdə qərarlaşıb. İqtisadi cəhətdən isə ölkənin daha fəlakətli zonada yerləşdiyini deyən O.Ovanesyan ölkə hakimiyyətinin bunu gizlətdiyini və olmayan inkişafı diqqətdə saxlamağa cəhd etdiyini bildirmişdir. Xalqı aldatmaqla hakimiyyət haqqında ictimai rəyi yüksəltmək fikrində olan dövlət günü-gündən qiymətləri artırmaqla məşğuldur. Bunları nəzərə çatdıran Ovanesyan, həmçinin, bildirib ki, artıq adi bir erməni vətəndaşının bu acınacaqlı vəziyyətdən çıxmaq üçün heç bir perspektivi yoxdur. Onun sözlərinə görə, bu il Ermənistan əhalisinin sosial vəziyyəti yoxsulluq səviyyəsindən də aşağı düşəcək və bu özünü qazın bahalaşmasından sonra daha çox büruzə verəcək.
Erməni siyasətçinin dediklərindən də aydın olur ki, bu gün Ermənistan cəmiyyəti böyük bir sosial-iqtisadi böhranın içərisinə yuvarlanıb. Bu isə digər mühüm əhəmiyyətli problemlərin yaranmasına müsbət zəmin yaradır. Bu problemlər içərisində isə miqrasiya başlıca yer tutur. Ötən illərdə olduğu kimi, bu il də Ermənistanda emiqrasiya probleminin yaşanacağı gözlənilir. Məlum olduğu kimi, ötən illərdə Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk etməklə buradakı prblemlərdən qurtulmaq niyyətində olmuşlar. Onların əsasən iqtisadi cəhətdən əziyyət çəkməsi və gənclərdə hərbi xidmətdən yayınmaq istəyinin olması bu kütləvi miqrasiya probleminin əsas səbəbi kimi göstərilir. Nəzər alsaq ki, Ermənistan getdikcə daha böyük sosial- iqtisadi problemlərlə üzləşəcək onda, bundan sonra ölkədə yeni miqrasiya dalğasının vüsət alacağını proqnozlaşdırmaq olar. Burada qalanların isə daha böyük əziyyətlərlə üzləşəcəyi və bunları aradan qaldırmaq üçün Ermənistana xas olan metodlarla - ekologiyaya ziyan vurmaqla problemi həll edəcəklər. Bu isə sonradan demoqrafik və ekoloji fəlakətlərə səbəb olacaq.
Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti açıq-aşkar öz xalqını və dövlətini talan edir. Qazın qiymətinin qalxması isə bu günlərdə daha çox diqqət mərkəzində saxlanılan problemlərdəndir ki, bunun da sonradan bütün yerli istehsal olan ərzağın da qiymətinin qalxacağına və ixracın sıfıra enəcəyinə, vətəndaşların idxal məhsullarından asılı vəziyyətə düşəcəyinə səbəb olacağı gözlənilir. Bunu erməni ekspertlər də etiraf etməkdən çəkinmirlər.
Erməni siyasətçilər və müxalifət düşərgəsinin liderləri isə hazırkı vəziyyətdən yeganə çıxış yolunu indiki Ermənistan hakimiyyətinin istefasında və növbədən kənar seçkilərin keçirilməsində görür. Bu səbəbdən də onlar artıq kütləvi etiraz mitinqlərinin keçirilməsinə də başlayıblar. Paytaxt Yerevanda keçirilən bu mitinqlərdə səsləndirilən əsas şüarlar da məhz bundan ibarətdir.
Görünür, Ermənistan hakimiyyəti artıq çıxılmaz bir vəziyyətdə qalıb. Bir tərəfdən daxili etirazlar, digər tərəfdən isə xaricdən Ermənistan hakimiyyətinə qarşı olan təzyiqlər onu pis vəziyyətdə qoymuşdur. Odur ki, artıq Serj Sarkisyan hökumətinin istefası labüddür.

Digər xəbərlər