“Müharibənin yenidən başlanmaması üçün hər şeyi etmək lazımdır”
Erməni Milli Konqresinin (EMK) üzvü və sabiq xarici işlər naziri Aleksandr Arzumanyan regiondakı son proseslərlə bağlı mətbuat konfransı keçirib. SİA-nın "news.am" xəbər agetliyinə istinadən verdiyi məlumata görə, o, bildirib ki, Ermənistanın qarşıya qoyduğu ən vacib məsələ müharibənin yenidən başlamasına icazə verməməkdir.
A.Arzumanyan "heç bir məsələ erməni əsgərinin həyatına dəyməz. Buna görə də müharibənin yenidən başlanmaması üçün hər şeyi etmək lazımdır" deyib. Keçmiş xarici işlər naziri 2011-ci ildə bir sıra ölkələrdə, o cümlədən Türkiyə, ABŞ və Rusiyada seçkilərin keçiriləcəyini və buna görə də beynəlxalq cəmiyyətin Dağlıq Qarabağ münaqişəsinə yetərincə diqqət verəcəyinin gözlənilmədiyini söyləyib. EMK üzvü Ermənistan iqtidarının nə xarici, nə də daxili legitimliyə sahib olduğunu bildirib. A.Arzumanyan hazırkı iqtidarın status-kvonu qorumağa çalışacağını, Dağlıq Qarabağ məsələsinin həllinin təxirə salınması və seçkiqabağı mərhələyə çatana qədər hər şeyi edəcəyini dilə gətirib.
Sabiq xarici işlər naziri xarici siyasət sahəsində bir çox şeyin "Nabucco" enerji layihəsi ilə bağlı olduğunu qeyd edib: "Mən əsla siyasət və iqtisadiyyatı bir-birindən ayırmıram. Xüsusilə inkişaf etmiş ölkələrdə xarici siyasəti iqtisadiyyat müəyyənləşdirir. Bir çox şey qaz müharibələrinin necə nəticələnəcəyi ilə bağlıdır".