PDF Oxu

Araşdırma

  • 20

Ermənistanda regionçuluq qarşıdurmaları vətəndaş müharibəsinə çevrilməkdədirKlan davasından qan davasına doğru

Ermənistanda regionçuluq qarşıdurmaları vətəndaş müharibəsinə çevrilməkdədirKlan davasından qan davasına doğru

Ermənistanda Ter-Petrosyan iqtidarı tənəzzülə uğradıqdan sonra, ardarada hakimiyyətə yiyələnmiş "qarabağlılar" klanı bu gün işğalçı ölkəni vətəndaş qarşıdurmalarına qədər gətirib çıxarıb.
Ter-Petrosyanın Qərb baxışlarından fərqli olaraq Rusiyanın ayaqları altına düşən, öncə Köçəryan, daha sonra Sarkisyan hakimiyyəti öz ətraflarına Qarabağdan olan "həmyerlilərini" yığaraq, paytaxt Yerevandan tutmuş bütün şəhər və rayonlarda at oynadıblar. Eyni zamanda, hazırkı iqtidarın regionçuluq siyasəti ilə yanaşı, Rusiyanın vassalı kimi də formalaşması yerli əhalini getdikcə daha da hiddətləndirməkdədir. Buna misal olaraq, bütün biznes strukturlarında, bank sistemlərinə nəzarətlərdə və digər sahələrdə "qarabağlılar"ın əsas sözü diqtə etməsi vəziyyəti daha da gərginləşdirməkdədir. Onu da vurğulayaq ki, Qarabağ klanının bütün varidatları və maliyyə gəlirləri Rusiyanın müxtəlif banklarında yüksək faiz dövriyyəsindədir. Hətta yaxınlarda ABŞ-da məlum bank maxinasiyaları cinayəti törətmiş amerikalı ermənilərin ucbatından həmin ölkədə hesabları dondurulmuş "qarabağlı" erməni biznesmenlərinin milyonları da Rusiya banklarına transfer edilmişdir.
Bunlardan fərqli olaraq, əslən yerevanlı olan iş adamları və sahibkarlar, o cümlədən, ictimai-siyasi xadimlər maliyyə vəsaitlərini və digər bank prosedurlarını istədikləri şəkildə həyata keçirə bilmirlər. Təbii ki, bu da "Qarabağ" klanının göstərdiyi region siyasəti ilə bağlıdır. Bu və ya digər hallarda istər sosial, istərsə də ictimai həyatda məngənədə sıxılıb qalan yerli insanlar məcburiyyət qarşısında hazırkı iqtidara qarşı çevriliş planları hazırlayırlar.

Hakimiyyətə qarşı Bəyləryan taktikası
Yuxarıda qeyd olunan faktlara qarşı heç bir tədbir görə bilməyən müxalifət partiyaları və onlara dəstək verən ictimai birliklər, qeyri -hökumət təşkilatları çıxış yolunu bütöv bir qurum yaratmaqda görürlər. Əslində, bu barədə istər Ermənistanda, istərsə də, xarici dövlətlərdə yaşayan Yerevan əsilli ermənilərdə fikir çoxdan aktuallaşmışdı. Sadəcə, bunu reallaşdırmaq, həyata keçirmək lazım idi. Bunun üçün, ilk növbədə, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyana müraciət edilsə də, müxtəlif səbəblər üzündən onun namizədliyi üzərindən xətt çəkilmişdi. Lakin iqtidarın hakim strukturlarında son vaxtlar baş verən ziddiyyətlər, qarşıdurmalar həmin qurumlardan qopan yerevanlı siyasətçilərin yeni lider ortaya çıxarmaqlarına səbəb oldu. Yerevan meriyasında uzun müddət rəhbərlik etmiş Qarik Bəyləryan və onun ətrafı yeni namizədlərin başında dayanır. Eyni zamanda, onun iqtidarda təmsil olunduğu vaxt "Zəngin Yerevan" ictimai-siyasi təşkilatının adı dəyişdirilərək, "Yerevanlılar" adı altında fəaliyyət göstərməkdədir. Təşkilatın adından da bəlli olduğu kimi, onun hərəkət istiqaməti bilavasitə "Qarabağlılar" klanına qarşı yönəlmişdir. Xüsusilə vurğulayaq ki, istənilən halda hazırkı iqtidarı devirməyi qarşısına məqsəd qoyan Bəyləryanın ətrafında xeyli elektorata malik güclər toplaşmaqdadır.
Məhz bu səbəbdən Ermənistan televiziyasına verdiyi müsahibələrin birində erməni lobbisinin hazırkı iqtidara yardımının azaldılmasını deyən Serj Sarkisyan bütün günahları adıçəkilən şəxslərdə görür. Daha dəqiq desək, Bəyləryanın daha öncədən beynəlxalq aləmdə fəaliyyət göstərən erməni lobbiləri ilə əməkdaşlığı və razılaşması sözügedən yardımların Ermənistana çatmasına ciddi əngəl törədir.

Müharibədən doğan müharibə
Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən təcavüzkar Ermənistanın bu cür vəziyyətə düşməsinə səbəb hazırda onun ordusunda yaranmış gərginlikdir. Ordu daxilində baş verən özbaşınalıqlar və "dedovşina" halları birbaşa yerlibazlıq halları ilə də əsaslandırılır. Hazırda demək olar ki, hər həftə işğalçı ordu daxilində ölüm və intihar halları artmaqdadır. Bunun digər səbəbi isə "qarabağlı" və "yerevanlı" məsələsi ətrafında cərəyan edən hadisələrdir. Hətta vəziyyət o yerə çatıb ki, övladlarını işğal olunmuş ərazilərdə hərbi xidmətə göndərməkdən imtina edən valideynlər hakimiyyət qarşısında şərtlərlə çıxış edirlər. Onlar övladlarının öz şəhərlərində xidmət göstərmələrini hakimiyyətdən tələb edirlər. Eləcə də, işğal olunmuş ərazilərdə məskunlaşmış erməni ailələri öz övladlarını Ermənistan ərazisində xidmət göstərmələrini istəməyərək, müxtəlif yollarla onları bundan yayındırırlar. Beləliklə, qeyd edə bilərik ki, müharibə şəraitində olan Ermənistanda daha bir müharibə qığılcımı alovlanmaqdadır. Bu, isə vətəndaş müharibəsinin başlanması xəbərini verən amillərdəndir. Belə getsə, iqtisadiyyatı çökmüş, xarici ölkələrdən dilənçi payı uman və ordusu, eləcə də, xalqı tənəzzülə uğrayan Ermənistan, nəinki düşdüyü məngənədən çıxa biləcək, eləcə də, klanlararası başlayan savaş təlatümlərində bütövlükdə məhv olacaq.

Digər xəbərlər