“Azərbaycana qarşı daimi diqqətsizlik ABŞ-ın mövqeyinə, ölkənin regiondakı nüfuzuna xələl gətirə bilər"
"Amerika Birləşmiş Ştatlarının Qarabağ münaqişəsinin həll edilməsinə daima etinasız münasibəti Vaşinqtonun mövqeyinə xələl gətirə və hərbi fəaliyyətin baş verməsinə təkan verə bilər. SİA-nın xəbərinə görə, bu barədə Amerikanın Pensilvaniya Ştatının tədqiqat mərkəzlərindən birinin eksperti Stefan Blank "National Review" jurnalına müsahibəsində bildirib. Amerikalı ekspert bu münaqişənin ABŞ-ın strateji maraqlarına daha çox nə üçün vacib olduğunu izah edib: "Bu məsələyə müdaxilə etməməsi ilə Vaşinqton nəinki Ermənistanın Moskvadan asılılığını, Türkiyə və Avropadan uzaqlaşmasını gücləndirir, eyni zamanda Avropanın enerji sektorunda Qərbin mövqeyini möhkəmlənməsi ilə bağlı Azərbaycanın müəyyənləşdirdiyi uğura xələl gətirir. Azərbaycana və Qafqaz regionuna qarşı daimi diqqətsizlik həm ABŞ-ın mövqeyinə, ölkənin regiondakı nüfuzuna xələl gətirə bilər, digər tərəfdən isə Rusiyanın keçmiş Sovet İttifaqı ərazisində əsas oyunçu olması ilə bağlı əminliyini möhkəmləndirə bilər". Analitik əmindir ki, effektiv danışıqların olmaması münaqişənin müharibə yolu ilə həllinə münbit şərait yarada bilər. Hərbi əməliyyatların canlanmasının humanitar fəlakətə gətirib çıxaracağını qeyd edən amerikalı analitik hadisələrin inkişafı üçün özünün ssenarisini təqdim edib: "Azərbaycanın çox böyük hərbi büdcəsinə baxmayaraq əksər ekspertlər hələ də hesab edir ki, Bakının hərbi potensialı Ermənistanın imkanlarına uyğun deyil və ilkin hücumdan sonra Azərbaycan məğlub ola bilər. Bundan başqa, Azərbaycanın qələbəsinin qarşısını almaq üçün Rusiya 90-cı illərdə olduğu kimi müharibəyə müdaxilə edəcək, eyni zamanda 90-cı illərdən fəqli olaraq indi nəinki Azərbaycanla, həm də Rusiya ilə kifayət qədər yaxşı münasibətdə olan Türkiyəni pis vəziyyətdə qoyacaq", - deyə analitik vurğulayıb.