YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov:
Əvvala, "Səs" qəzetinin 20-ci illik yubileyi münasibəti ilə qəzetin rəhbərliyi başda olmaqla bütün kollektivi təbrik edir, nailiyyətlər və uğurlar arzulayıram. 20 il böyük ömürdür və bu ömrü "Səs" qəzeti çox ləyaqətlə keçiribdir. Ən başlıcası isə ondan ibarətdir ki, o ağır günlərdə Naxçıvana Ulu Öndərimiz Heydər Əliyevin yanına heç bir qəzet gedə bilmirdi. Çünki Xalq Cəbhəsinin hakimiyyəti dövrü idi. Hər kəs bu addımı ata bilmirdi, lakin "Səs" qəzeti hər hansı bir təzyiqdən çəkinmədi. Ulu Öndər Heydər Əliyev siyasətini Naxçıvandan başlayaraq respublikamızın hər yerinə yayan və səsini qaldıran ancaq və ancaq "Səs" qəzeti oldu. O vaxt "91-lər"dən olan qəzetin redaktoru Ağabəy Əsgərov Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranmasında, regionlarda ilk təşkilatların yaranmasında çəkinmədən birbaşa iştiakçısı olub. Onu da bildirim ki, "91-lər"in müraciətin və Dahi Öndər Heydər Əliyevin bu müraciətə cavabının "Səs" qəzetində çap olunması bu qəzetin bütün kollektivi üçün hər dəqiqə, hər saniyə ölümlə üz-üzə gəlmək idi. Çünki həmin hadisədən sonra "Səs" qəzeti və kollektivi böyük təqib və təhqirlərə tuş gəldi. Bütün bunlar onu deməyə əsas verir ki, "Səs" qəzeti çox əlamətdar yol keçib və bu gün də bu yolu davam etdirir. Ən başlıcası isə, ondan ibarətdir ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana ikinci dəfə ali siyasi hakimiyyətə gəlməsində "Səs" qəzetinin xüsusi yeri var. Bunu çox yüksək qiymətləndirirəm. Çünki mən də dəfələrlə o ağır vaxtlarda "Səs" qəzetində Ulu Öndərimizə qulluq edən bir qəzet kimi bütün müsahibələrim bu qəzetdə çap olunub. "Səs" qəzeti bu gün də Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasəti ilə bağlı materiallar bu qəzetin səhifəsində geniş yer tutur. "Səs" qəzetinin əməkdaşları hər bir yazını çox ədalətli, düzgün, hər şeyə obyektiv yanaşmaqla qələmə alırlar. Çünki bu qəzetin əməkdaşları öz işlərinə məsuliyyətlə yanaşırlar. "Səs" qəzetinin ən yaxın adamlarından biri olaraq, deyərdim ki, mənim həyatımda böyük yeri var. Çünki "Səs" qəzeti fədakar, qorxmaz bir mətbuat olaraq bütün sınaqlardan həmişə üzüağ çıxıb. "Səs" qəzeti 20 il ərzində mübarizə yolunda qəhrəman bir mətbuat kimi Ulu Öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin həm xarici, həm də daxili siyasətini obyektiv işıqlardırmaqla öz əqidəsinə sadiqliyini nümayiş etdirir. "Səs" qəzetinə bu yolda böyük uğurlar arzulayıram və qəzetin bütün kollektivinə "qələmləri iti olsun" deyirəm. Gün o gün olsun ki, "Səs" qəzetinin 50 illik yubileyini qeyd edək.