Hazırda Ermənistan dövlətinin iqtisadi çöküş vəziyyətini yaşaması, sadə xalqın aclıq və səfalət içində çabalaması, bu səbəbdən də, işğalçı dövlətin beynəlxalq təşkilatların, lobbinin ianələrinə göz dikmələri kimsəyə sirr deyil. Eləcə də, daxili məhsulun, resursların qıtlığından ölkə iqtisadiyyatının tənəzzülə uğraması da aşkar reallıqdır.
Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinin acı nəticəsi olaraq respublikanın düşdüyü halı, durumu etiraf etmək yerinə ölkə rəhbərliyi, demək olar ki, olmayan "inkişaf", "iqtisadi artım" rəqəmlərindən danışır, özlərinin yalanlarına inanaraq, "gələcəyə nikbin" baxırlar. Lakin söylənilən yalanların növündən asılı olmayaraq, hansı yalanın nə cür və necə şəraitdə səsləndirilməsindən asılı olmayaraq işsizlikdən, aclıq və səfalətdən əziyyət çəkən əhalinin əsil olanları büruzə verməyən rəqəmlərlə başını qatmaq Ermənistan iqtidarına ciddi başağrıları verməkdədir.
Ermənistanın monopolist hakimiyyətinin qeyri-ciddi nikbinliyi ətrafında beynəlxalq aləmdə asılı qalaraq bir "tükdən sallanan" ölkə iqtisadiyyatının vəziyyəti getdikcə daha da pis duruma düşür. Təcavüzkar dövlətin iqtisadiyyatını qara bulud tək alan sarsıdıcı böhranın aradan götürülməsi yolları məlum olmadığından sözügedən proses səngiməməklə bərabər, daha da dərinləşir, bundan sonra uzun illər tələb edəcək ciddi fəsadlara aparıb çıxarır. Bunu erməni ekspertlər də öz özlərində təsdiqləyirlər. Məsələn, "Güclü Ermənistan Uğrunda" ictimai birliyinin iqtisadçı eksperti Karen Sarıbalyan yuxarıda qeyd olunan fikirləri bu cür izah edir: "Hakimiyyət yalanı yalana calayaraq hara kimi gedəcəyini heç özü də bilmir. Yox dərəcəsində olan Ermənistan iqtisadiyyatı, işsizlik və aclıq sonda xalqı üsyan etmək məcburiyyətində qoyacaq. Müharibə vəziyyətində olan Ermənistana isə bu lazım deyil. Hökumətin ciddi tədbirlər görməsi nə isə, demək olar ki, nə vaxtı, nə də pulu var".
İqtisadi böhran dənizində boğulub can verən Ermənistanın xarici dövlətlər qarşısında dilənçi payı umması da əl açdığı dövlətləri bezdirib. Məhz bu səbəb də təcavüzkar dövləti narahat etməyə başlayıb. Məhv olmuş iqtisadiyyatı bərpa edib yenidən ayağa qaldırmaq üçün bu dövlətin gücündə deyil. Hətta Ermənistanın bütün sahələrdə asılı olduğu Rusiya Federasiyasından da göstərilən iqtisadi yardımlar və qoyulan investisiyalarda xeyli azalma müşahidə edilməkdədir. Bu və digər səbəblərdən işğalçı dövlətin iqtisadiyyatının korroziyaya uğramaqda davam etməsi onun çıxılmaz vəziyyətdə olmasını təsdiqləyir. Eyni zamanda, sözügedən vəziyyətin davamlılığı nəticəsində ölkənin ilin sonuna qədər növbəti böhran fazası ilə qarşı-qarşı qalacağı artıq labüdləşmişdir. Buna səbəbə olan növbəti səbəblərdən biri isə, ilk növbədə, monopoliyanını geniş radiusu əhatə etməsi, bazar iqtisadiyyatının olmaması, rüşvətxorluq və korrupsiya, eləcə də, hakimiyyət dairələrindəki özbaşınalıqdır.
Üsyanın bir addımlığında
İşğalçı ölkədə hökm sürən monopoliya və rüşvətxorluq qiymətlərin günbəgün deyil, saatbasaat artmasına, nəticədə isə daxili istehsalın idxaldan da baha başa gəlməsinə səbəb olub. Bu dövlətdə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini, işsizlik artmasını müşahidə etdikdə, sözügedən durumda ən çox əzab çəkənlərin də məhz sadə vətəndaşlar oldduğunu görürük. Narazı xalq kütləsi isə bir işarəyə bənddir ki, iqtidarın hakimiyyət və dövlət strukturlarına qarşı qiyam qaldırsınlar.
Ermənistan Milli İstehsalatçılar Assambleyasının koordinator rəhbəri Melita Akopyan təşkilatların saytında verdiyi açıqlamasında bildirib ki, ölkədə davam edən sürətli bahalaşma orta yaşam səviyyəli əhalinin 40 faizini tamamilə kasıb, yəni ən aşağı yaşam səviyyəsinə endirib. O, həm də ölkə biznesmenlərinin, iş adamlarının və sahibkarların yeni il ərəfəsində bazar qiymətlərini durmadan artırmasında günahlandırıb. Akopyan açıqlayıb ki, ölkədə elektrotexnika və tikinti materialları istisna olmaqla, yerdə qalan bütün sahələrdə bahalaşma müşahidə edilir: "Noel bayramı ərəfəsində dünya miqyasında qiymətlərin ucuzlaşması müşahidə olunur. Amma bizdə hər şey tamamilə əksinədir. Ölkənin 85%-ni əhatə edən idxalçı işbazların qiymətləri yüksək faiz həddinə qaldırması erməni xalqını pis vəziyyətdə qoyub".
İşğalçı Ermənistan dövlətində bu cür açıqlamalar yüzlərlə, minlərlədir. Heç bir halda ekspert rəylərini, verilən proqnozları eşitməyən, qulaqardına vuran Sarkisyan hakimiyyəti qoluzorlu erməni milisinə və Qarabağdan gətirilmiş erməni qoçularına güvənərək, növbəti mart hadisələrini törətməyə hazırlaşırlar. Əldə edilən digər məlumatlara görə isə, Ermənistan müxalifəti hakimiyyətin heç bir şansının olmadığını bəyan edib. Ermənistanın ümummüxalifət hərəkatının liderlərindən biri Aram Karapetyan Yerevanın mərkəzində keçirilmiş sonuncu mitinqdə Sarkisyan iqtidarı qarşısında yalnız istefa şüarı qoyub. Mətndəki çıxışında o, bu ifadələri səsləndirib: "Ermənistanın daxili borcu xalqın boğazına qədər dirənib. Ümumilikdə, bu il ölkənin borcu 3,7 milyard dollara kimi yüksəlib. Son iki ildə isə Ermənistanın daxili borcu 200 milyon dollar artıb və dram ilə hesabda 165 milyard dollara çatıb".
Bütün bunlarla yanaşı, sadə erməni xalqı yaxınlarda Qarabağın işğal edilmiş ərazilərinə xaricdən köçürülmüş ermənilərə dövlət tərəfindən maddi dəstəyin artırılmasına da etirazını bildirib. Sarkisyan iqtidarının regionçuluq siyasəti fitə basılıb və "Qarabağ erməniləri Yerevanı tərk etsin" kimi şüarları səsləndirilib.
Əlvida, himayədarlar
Serjikin (Sarkisyanın ermənilər tərəfindən qoyulmuş ləqəbi-R.R.) səriştəsizliyi nəticəsində buraxdığı ardıcıl kobud səhvlər Ermənistanı parçalamaq həddinə çatdırıb. Bu parçalanmalar ilk öncə xaricdən başlayıb və hazırda ölkə içərilərinə doğru sürətlə irəliləyir. Məsələn, deyə bilərik ki, ayrı-ayrı xarici dövlətlərdə fəaliyyət göstərən erməni diaspor təşkilatları Sarkisyan iqtidarının və Ermənistanın beynəlxalq səviyyədə dəstəklənməsi məsələsində ciddi fikir ayrılıqları ilə qarşıya-qarşıya qalıb. Vəziyyət o həddə çatıb ki, bir-birinə etibar etməyən erməni maqnatlar qurduqları iş birliklərini, biznes planlarını belə dondurublar. Bu isə baş verən ziddiyyətlərin yaxın gələcəkdə də həll olunmamasına dair bir işarədir.
Digər yandan, ABŞ və Avropa Birliyi Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesinin gələcək taleyini bu cür ümidsiz şəkildə təhlükə altına alınmasını rəsmi Yerevana bağışlamaq istəmir. Belə qənaətə gəlmək mümkündür ki, ABŞ və Avropa Birliyi artıq Ermənistanı və Sarkisyan iqtidarını istər beynəlxalq səviyyədə, istərsə də ianələr hesabına himayə etmək fikrindən daşınıb. Bununla yanaşı, Rusiya da Ermənistandan tamamilə narazı qalmağa başlayıb. Səbəbi isə ABŞ-ın, eləcə də, Avropa Birliyinin Ermənistanın xəyanətkar və naxələfliyini ifşa etməsidir. Bu, Rusiyanın diqqətindən yayınmayıb. Ermənistanın üzüdönüklüyü, yaltaqlıq üzərində qurulmuş siyasəti istər-istəməz Kremli narahat etməyə başlayıb. Belə siyasətin məqsədəuyğun olmaması Kremli dərindən düşündürüb və nəticəyə gəlinib ki, Kreml artıq öncələrdəki olduğu kimi, Ermənistanı himayə etməkdən elə də maraqlı tərəf deyil.
Təcavüzkar Ermənistan dövlətinin İranla olan qarşılıqlı münasibətlərinə nəzər saldıqda isə, həmin münasibətlərin Sarkisyan hakimiyyətinin ümidlərini doğruldacağı heç bir inam ifadə etmir. Belə ki, son dövrlər ərzində İran-Türkiyə yaxınlaşması, isti diplomatik münasibətlərin sərgilənməsi işğalçı dövləti rəsmi Tehrana sığınmaqdan məhrum edir. Bu isə, o anlamı verir ki, Ermənistan hazırkı variantda, eləcə də, bundan sonra beynəlxalq himayədarlar ordusunu mərhələ-mərhələ, pilə-pillə itirməkdədir.
Həm daxili, həm də xprici siyasətində ardıcıl nöqsanlara yol verərək, naşılıq və yersiz inad sərgiləyən səfil Ermənistan artıq təklənmiş vəziyyətdədir. Belə halların baş verməsi yaxın-uzaq tarixdə də cərəyan edib. Bir çox dövlətlər bu tipli siyasət üzündən yox olaraq məhvə sürüklənib. Və belə təklənmə indi Ermənistanı xoflandırmağa başlayıb. Ən azı ona görə ki, bir zamanlar işğalçı dövlətə külli miqdarda valyuta yatırmaları edən dövlətlər artıq buna heç bir maraq göstərmirlər. Qarşılıqlı ziddiyyətlər nəticəsində parçalanmış erməni lobbisi isə düşdüyü bu cür vəziyyətdə Ermənistan dövlətini maddi vəsaitlərlə təmin etmək gücündən məhrumdur. Əslinə baxanda, erməni diaspor təşkilatlarının bu günə qədər etdiyi maddi yardımları da nüfuzlu Qərb dövlətlərinin təcavüzkar və işğalçı ölkəyə maliyyə dəstəyini təmin etmək üzərində gerçəkləndirmişdi. Hazırda isə, sözügedən məsələ, faktiki olaraq, öz əhəmiyyətini tamamilə itirib. Yuxarıda qeyd edildiyi kimi, demək olar ki, heç bir malliyə qaynağı olmayan, daxili bazarı tükənmiş səfil Ermənistan üçün düşdüyü bu situasiya özünün-özünə qazdığı məzara gedən yolun başlanğıc nöqtəsidir. Sarkisyan hakimiyyətinin Ermənistan dövlətini dəfn olunmağa aparan yoldan geri qaytara biləcəyinə inanmaq isə mümkün deyil.