Ermənistan 2011-ci ildə də Rusiyadan hərbi yardım almaq niyyətindədir
Dağılmaq üzrə olan Ermənistan dövlətinin yaşamaq şansı yalnız onun himayədarlarının ümidinə qalıb. Müharibə vəziyyətində olan ölkənin hərtərəfli tənəzzül etməsi onun mövcudiyyətini şübhə altında qoyub. Yalnız xaricdən alınan yardımlar və ianələr hesabına dolanan Ermənistan artıq idarə olunmaz cəmiyyətə çevrilib.
Ötən ili birtəhər yola verən Ermənistan rəhbərliyi qarşıdan gələn ildə də öz havadarlarından dəstək almaq üçün plan cızmağa başlayıb. Əlbəttə ki, həmişə olduğu kimi, Ermənistana əsas təsir qüvvəsi və yardım mənbəyi olaraq Rusiya çıxış edir.
Daim Rusiya ilə sıx əlaqələr saxlayan və ondan hərtərəfli dəstək alan Ermənistan hakimiyyətinin bu günlərdə 2011-ci ildə də Rusiyadan maliyyə yardımı almaq barədə razılığı əldə etdiyi barədə məlumatlar yayılıb. Rusiyanın Ermənistan üzərində əsas təsir qüvvəsi kimi çıxış etməsi və Ermənistan rəhbərliyinin də, demək olar ki, Rusiyanın əlində olması heç kimdə şübhə doğurmur. Təsadüfi deyil ki, bəzi hallarda, hətta Ermənistanı Rusiyanın bir vilayəti kimi də göstərirlər. Dağlıq Qarabağın işğal altında saxlanılmasında da məhz Rusiyanın rolunun olduğu bildirilir. Onun, mütəmadi olaraq, Ermənistana müxtəlif maliyyə yardımları ayırması, onu hərbi cəhətdən maliyyələşdirməsi dağılmaqda olan Ermənistana yaşamaq üçün imkan yaradır. Bu isə Rusiyanın Azərbaycanla Ermənistan arasında münaqişənin həll edilməsində vasitəçilik missiyasına ziddir. İşğalçı ölkənin maliyyələşdirilərək, onun öz mövqeyində daha da möhkəmlənməsinə şərait yaratmaq yolverilməzdir. Bu səbəbdəndir ki, Ermənistan danışıqlarda günü-gündən daha çox qeyri-konstruktivlik göstərməyə meyil edir. Onun bu mövqeyini digər dövlət və qurumlarla yanaşı, Rusiyanın "himayədarlığı" ilə də əlaqələndirmək olar.
Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri və Azərbaycanla münasibətlərdə yaxın tərəfdaş kimi tutduğu mövqe də onun adıçəkilən mövqeyi ilə üst-üstə düşmür. Münaqişəyə daha yaxşı bələd olan və tərəflər arasında vasitəçilik edən Rusiyanın Ermənistan üzərində təsir imkanlarından istifadə edərək onu daha konstruktiv mövqeyə çəkmək əvəzinə, işğalçı tərəfə yardım göstərməsi heç bir halda müsbət dəyərləndirilə bilməz.
Bir müddət bundan öncə, Gümrü müqaviləsi ilə yenidən gündəmə gələn Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığın gələn ildə də davam etdirilməsi və daha da möhkəmləndirilməsi barədə planların cızılması birbaşa olaraq, Rusiyanın işğalçı rejimi dəstəkləməsi və ona hərbi yardım göstərməsinə sübutdur. Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığı göstərən daha bir cəhət onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də bir-birinə qarşılıqlı hərbi yardım göstərməsi ilə bağlı aralarındakı razılaşmadır. Hətta bu razılaşmaya əsasən tərəflərdən hər hansı birinə qarşı silahlı hücum olarsa, digəri ona əsgəri və silahlı qüvvə ilə yardım edə bilər.
Bu gün özünü qorumaq qabiliyyətinə malik olmayan və müdafiə qabiliyyətini itirmiş Ermənistan ordusu yalnız və yalnız Rusiya tərəfindən göstərilən yardımlar hesabına ayaqda qalmağı bacarır. Ermənistan rəhbərliyinin ordunun gücü ilə bağlı etdikləri pafoslu çıxışlar isə heç bir əhəmiyyətə malik deyil. Bu, yalnız daxili auditoriyaya hesablanmışdır. Nə qədər ki, Ermənistan sərhədlərini rus əsgərləri qoruyurlar, erməni ordusunun gücündən danışmaq yersiz olar. Rusiyanın isə tutduğu mövqe ilə bağlı, demək olar ki, onun artıq Ermənistana bu tipli yardımları kəsməsinin vaxtı çatıb. Əgər Rusiya, həqiqətən də, Azərbaycanla Ermənistan arasında münaqişənin öz həllini tapmasını və bununla da bilavasitə olaraq regionda sülh və təhlükəsizliyin bərpa olunmasını istəyirsə, bu addımı atmalıdır.