Ermənilərin müharibə bəyanatı şantaj xarakterlidir
Son zamanlar beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən bir durğunluq hiss olunur. Konkret olaraq, ATƏT-in Minsk Qrupu artıq 16 ildir ki, danışıqlar aparır, amma ortada məlum bir nəticə yoxdur. Bunu isə, bir növ Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi ilə də izah etmək olar.
Axı Rusiya, Fransa, Amerika Ermənistanı silah-sursatla təmin edirsə, maliyyələşdirisə, o zaman hansı ədalətli mövqedən danışmaq olar? Hətta həmsədrlərin regiona növbəti səfərinin də hesabatı açıqlanmayıb. Bu hesabatı tam hazırlayıb, ictimaiyyətə açıqlamaq üçün həmsədrlərə ən çoxu bir həftə vaxt lazım idi. Lakin həmsədrlərə uzun bir müddət gərək olur. Minsk Qrupunun həmsədrləri, çətin ki, Azərbaycanın mövqeyini yetərli formada müdafiə etsin. Sarkisyan da, bundan istifadə edərək öz sərsəm davranışlarından, məntiqsiz bəyanatlarından əl çəkmir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətlərinin o qədər də zəif olmadığını bildirdi. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, konkret olaraq, Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldurlar:" Əgər bu gün beynəlxalq təşkilatlardan məsələnin sülh yolu həlli istiqamətində hansısa konkret nəticələri görməmişiksə, bu, demək deyil ki, onlar passivdirlər, yetərli fəaliyyət göstərmirlər. Beynəlxalq qurumları çox böyük ittiham etmək lazım deyil, sadəcə olaraq, bu münaqişənin mürəkkəbliyini də nəzərə almaq lazımdır". Millət vəkili münaqişənin həll olunmamasında ermənilərin də rolunun çox böyük olduğunu qeyd etdi.
Millət vəkili bildirdi ki, beynəlxalq təşkilatlara ermənilər və onların arxasında dayanan qüvvələr mane olurlar. Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli neçə illərdir ki, davam edir. Ona görə də ortada konkret bir nəticə yoxdur.
R. Hüseynovun sözlərinə görə, beynəlxalq təşkilatların köməyindən imtina etmək lazım deyil.
Millət vəkili onu da qeyd etdi ki, Astana Sammitinin Dağlıq Qarabağ üçün uğursuz nəticələnməsi o demək deyil ki, beynəlxalq qurumların bu istiqamətdə fəaliyyəti zəifdir. Dağlıq Qarabağ üçün uğursuz nəticələnən sammitlərin hamısı Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha ortaya çıxarır və Ermənistanın ifşa olunmasına yaranan yeni bir imkandır. Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da müsbət irəliləyişə nail olunacaq.
Millət vəkili müharibə variantı ilə bağlı ermənilərin verdiyi bəyanatın şantaj xarakterli olduğunu bildirdi. Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında olmayan ölkədir. Ermənistanın, hətta dünyada mövcudluğu şübhə altına alınmağa başlayıb. Ermənistan əgər müharibəyə başlayarsa, mütləq nəzərə almalıdır ki, əhalisi də ondan üz döndərəcək. Çünki müharibə Ermənistanın bir ölkə olaraq tamamilə varlığına son qoya bilər. Artıq bütün beynəlxalq təşkilatların hüquqi gücü olan Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi müəyyən sənədlər var və həmin sənədlərin hamısı da onu göstərir ki, Azərbaycan dövləti sona qədər bütün diplomatik vasitələrdən istifadə edəcək. Əgər son anda müharibə zərurəti yaranarsa, Azərbaycan artıq müharibəyə də tam hazırdır. Ona görə də region dövlətlərindən Azərbaycanın xəttinə hər hansı bir ziyan törədəcək nəsə gözləmək ehtimalı yoxdur. Dünyanın bütün aparıcı dövlətləri böyük Azərbaycan dövlətinin və cılız, aciz, yararsız Ermənistanın hansı çəkiyə, nüfuza malik olduğunu artıq çoxdan bilirlər. Ermənistan bütün regional proyektlərdən tamamilə kənarda qalmış bir ölkədir. Azərbaycan isə, hərəkətverici mexanizmlərə malikdir, söz, nüfuz sahibidir və bütün regional proyektlərin hamısında aparıcı əsas fiqurdur. Azərbaycan dövlətinin mövqeyi olmadan heç bir layihələr gerçəkləşə bilməz. Ulu Öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı və qurucusu olduğu müstəqil Azərbaycan dövləti artıq bu gün bütün dünyaya açılıb. Hər bir yerdə dövlətimiz qürurla öz sözünü, fikrini deyə bilir. Bu, artıq Azərbaycanın və Azərbaycan xalqının uğuru deməkdir.
Millət vəkili onu da vurğuladı ki, müharibənin başlayacağı təqdirdə, Ermənistan tam bir nüvə dövləti olan Rusiyanın ermənilərə yardımçı olacağını düşünür. Lakin ermənilərin belə düşünməsi əvvəldən yanlış bir fikirdir. Rusiya o zaman Ermənistana kömək edə bilər ki, hansısa dövlət işğalçı Ermənistanın ərazisinə hücum etsin və Ermənistanın ərazisi hərbi təcavüzə məruz qalsın. Sarkisyan hansı yollara əl atsa da, sonda yenə də hər zaman reallıq, düzgünlük, konstruktivlik mövqeyindən çıxış edən Azərbaycan dövləti qələbə qazanacaq. Əsil reallıq budur.
Göründüyü kimi, Ermənistan adlı dövlət, artıq demək olar ki, məhvə doğru gedir, çünki orada səriştəsiz, bacarıqsız, sərsəm Sarkisyan hakimiyyəti hökm sürür. Sarkisyan kimi insanın, əgər ona insan demək mümkündürsə, başqa ölkələrdən kömək, yardım dilənməkdən başqa əlindən heç nə gəlmir. Sərsəm Sarkisyan düşünür ki, guya müharibə etmək niyyətində olduğunu bildirərsə, Azərbaycan dövləti geri çəkiləcək və işğal altında olan torpaqlarını ziyanvericilərdən tələb etməyəcək. Bu da, təbii ki, Sarkisyan düşüncəsinin, dünyagörüşünün dar olduğundan xəbər verir. Hətta bəzən Sarkisyana yazığımız da gəlir. Sarkisyan, Nalbandyan, Qukasyan, Köçəryan kimi iyrənc əməllər sahibi və bacarıqsız siyasətçi olmaqdansa, sadə bir vətəndaş olmaq daha şərəflidir.