PDF Oxu

Araşdırma

  • 12

Ermənistan ordusu müdafiə funksiyasını yerinə yetirməkdan məhrum olub

Ermənistan ordusu müdafiə funksiyasını yerinə yetirməkdan məhrum olub
Noyabrın 20-də Ermənistan ordusunun işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən hissələrində baş verən atışma nəticəsində böyük bir insidentin yaranması faktı müşahidə olunmuşdur. Çoxlu sayda insan itkisi ilə nəticələnən bu insident ilkin məlumatlara görə, əsgərlər arasında mübahisə nəticəsində baş vermişdir. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın verdiyi məlumatda bildirilir ki, insidentin səbəbləri hələ də araşdırılır.
Qeyd edək ki, insidentin baş verdiyi zaman ilkin olaraq Ermənistan mətbuat orqanlarının yaydığı məlumatda hərbi hissədə 20 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilirdi ki, bu da çox böyük rəqəmdir. Lakin sonradan bu məlumatlar qondarma respublikanın rəhbərliyi tərəfindən təkzib edilmiş və 4 nəfərin yaralandığı, 4 nəfərin isə öldüyü qeyd edilmişdir. Bu məlumatın da nə qədər düzgün olması barədə yetərincə sübutun olmaması baş verən hadisənin bütün detallarının açıqlanmaması şübhəsi yaratmış olur. Yəni güman etmək olar ki, ermənilər orduda baş verən qırğın hadisəsini və yaxud onun nəticələrini gizlətmək niyyətində olduqlarından insident barədə geniş məlumat verməkdən çəkinirlər. Əlbəttə, baş verən hadisə öz miqyasına görə, heç də adi bir hadisə kimi qiymətləndirilə bilməz. Ölən və yaralananların sayını nəzərə alsaq, bunu normal bir orduda baş verə biləcək hal adlandırmaq olmaz.
Ermənistan ordusunda və onun Dağlıq Qarabağ ərazisində yerləşdirilən hissələrində bundan əvvəl də baş vermiş qanlı olayları nəzərə alsaq, demək olar ki, artıq belə hadisələrin baş verməsi adət halını alıb. Erməni əsgərlərin təhqir olunması, onlara qarşı güc və zor tətbiq olunması, onlar arasında ayrı-seçkiliyin salınması daha çox əsgərlərlə ordu rəhbərliyi arasında münaqişələrin yaranmasına səbəb olmuşdur. Bu hal, xüsusilə, Dağlıq Qarabağ ərazisində olan hərbi hissələrdə müşahidə olunmaqdadır ki, bunun da müəyyən səbəbləri var. Belə ki, Ermənistan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında olan məlum ziddiyyətlər özünü orduda da göstərməkdədir. Bu gün Ermənistanda yaşayan heç bir erməni gənc Dağlıq Qarabağda hərbi xidmət keçmək istəmir. Çünki burada olan ordu rəhbərləri tam özbaşınalıqla məşğuldurlar. Bu gün erməni separatçıları tərəfindən qondarma rejimin yaradılmasına baxmayaraq, Dağlıq Qarabağ ərazisi hələ də beynəlxalq ictimaiyyət tərəfindən nəzarətsiz zona kimi qəbul olunmaqdadır. Bu səbəbdən də burada baş verən hadisələrə heç bir beynəlxalq qurum tərəfindən nəzarət edilmir. Ermənilər isə bundan yararlanaraq, bu ərazilərdə istədikləri kimi hərəkət etməkla tam bir xaos yaratmağa nail olmuşlar. Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdə isə bu problem özünü daha qabarıq şəkildə göstərir. Dəfələrlə burada əsgərlərə qarşı qeyri-insani münasibətin göstərilməsinin istər rəsmi, istərsə də qeyri-rəsmi yollarla şahidi olmuşuq. Erməni tərəfinin rəsmiləri bunu gizlətməyə çalışsalar da, baş verən insidentlərin miqyası o dərəcədə böyük olub ki, sonda bunu etiraf etməyə məcbur olublar. Hətta vəziyyət o səviyyədə kritik olub ki, erməni əsgərlər hərbi hissəni tərk edərək, düşmən tərəfə belə keçməyə, ondan yardım istəməyə məcbur qalıblar. Belə hərəkət digər adi erməni vətəndaşları tərəfindən də edilmişdir.
Son olayın başvermə səbəbinin də məhz orduda olan yuxarıda sadaladığımız neqativ hallarla bağlı olmasını ehtimal etmək olar. Elə yayılan ilk versiyalarda da göstərilir ki, atışma əsgərlər arasında olan münaqişə nəticəsində baş verib. Güman etmək olar ki, bu münaqişə məhz yerli ermənilərlə Dağlıq Qarabağa xidmət etməyə gəlmiş ermənilər arasında olan ziddiyyətin nəticəsidir.
Ümumilikdə, götürdükdə isə, qeyd etmək lazımdır ki, bu və bundan əvvəlki neqativ hadisələr Ermənistan ordusunun bugünkü vəziyyətini əks etdirmiş olur. Dağlıq Qarabağda yaradılan separatçı rejimin özbaşınalıqla məşğul olması buradakı ordunun da öz vəzifəsini yerinə yetirməkdən məhrum olduğunu göstərmiş olur. Artıq birmənalı şəkildə qeyd etmək olar ki, belə bir ordu heç bir halda nə Dağlıq Qarabağın, nə də Ermənistanın müdafiəsini təşkil etmək iqtidarında deyil. Belə olan halda, Ermənistan prezidentinin Azərbaycanla Ermənistan arasında silahlı münaqişənin başlayacağı təqdirdə, erməni silahlı qüvvələrinin layiqli səviyyədə düşmənə cavab verə biləcəyi bəyanatı ilə çıxış etməsi isə çox gülüncdür. Artıq dağılmaq üzrə olan bir ordu haqqında belə bir sözün deyilməsi ən azından məntiqsizlikdir.

Digər xəbərlər