Ermənistan hökuməti siyasi böhranla üzləşib
Son günlərdə Ermənistan hakimiyyətində müşahidə olunan olaylar geniş əks-səda ilə qarşılanıb. Artıq ölkənin hüdudlarından kənarda da böyük miqyasda yayılan bu məlumatlar Ermənistan hakimiyyətinin acınacaqlı vəziyyətini özündə əks etdirməkdədir. Vəziyyətin mürəkkəbliyindən irəli gələrək Ermənistan hakimiyyətindəki qalmaqallar dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarında da yer almaqdadır. Artıq bir neçə rəsmi şəxsin istefasına səbəb olmuş bu vəziyyətin səbəbi kimi isə müxtəlif bəhanələr göstərilir.
Cari həftə ərzində Ermənistan hakimiyyətində siyasi böhranın baş qaldırması bir sıra istefalarla nəticələnib. Yerevan meri Qaqik Beqlaryan və ədliyyə naziri Gevork Danielyanın istefaları siyasi böhranın nə dərəcədə dərin olduğunu göstərmiş olur. Əgər Q.Danielyanın istefası onun etik normalara riayət etməməsi ilə izah olunursa, Yerevan merinin istefasına əsas səbəb kimi bu günlərdə tamaşaya qoyulmuş bir konsert zamanı baş vermiş olay göstərilir. Belə ki, dekabrın 7-də Yerevanda keçirilən konsertdə Yerevan merinin arvadının prezidentlə yanaşı oturmasına icazə verilməməsi onun hiddətinə səbəb olub və nəticədə bu məsələdə günahlandırılan Sarkisyanın köməkçisi ilə əlbəyaxa olaraq onu döyüb. Bu isə sonda onun istefa verməsi ilə nəticələnib. Qeyd edək ki, Qaqik Beqlaryan təxminən bir il bundan öncə Yerevanda keçirilən mer seçkiləri zamanı Sarkisyanın özü tərəfindən qeyri-qanuni şəkildə mer vəzifəsinə gətirilmişdi. Yəni, Q.Beqlaryanın onun "adamı" olması faktı danılmazdır. Lakin yol verdiyi səhvin bağışlanılmaz olması Beqlaryanın istefa verməyə məcbur edilməsinə səbəb olub. Onun arvadını hansı məqsədlə prezidentlə yanaşı oturtmaq istəməsinin isə, səbəbləri bəlli olmasa da, bunun ona baha başa gəlməsi məlumdur. Çünki o, mer kreslosundan məhrum olub.
Digər bir istefanın səbəbi isə ədliyyə naziri Gevork Danielyanın öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi ilə izah edilir. Baş nazir Tiqran Sarkisyan onun iş prosesi zamanı işçilərinə qarşı qeyri-etik davranmasının ədliyyə nazirinə qarşı belə bir tədbir görülməsinə gətirib çıxardığını bildirib. Lakin qeyri-rəsmi mənbələrdən verilən məlumatlara görə isə Q.Danielyanın prezident Sarkisyanla mübahisəsinin düşməsi onun işdən çıxarılmasına şərait yaradıb.
Ermənistanda digər bir işdən çıxarılma xəbəri isə prezident aparatının işçiləri barədə yayılıb. Aparatın baş mühasibi və mühasibatlığın dörd işçisi də işdən çıxarılıb. Onlar barəsində cinayət işi açılıb. Buna səbəb kimi baş mühasib Anait Zəkəryanın külli miqdarda vəsait mənimsəməsi göstərilir. Onun keçmiş prezident Robert Köçaryanın adamı olması faktı da aşkarlanıb.
Ermənistan hakimiyyətində baş verən son olaylar heç də Ermənistan rəsmi dairələrinin etdiyi kimi üstü örtülməli və yaxud əhəmiyyətsiz bir məsələ kimi nümayiş etdirilməli proses deyil. Məsələnin ciddiliyi artıq öz həddini aşıb. Hakimiyyət böhranının başlanması və onun artıq qarşısıalınmaz bir prosesə çevrilməsi danılmazdır. Üç-dörd gün ərzində bir neçə istefa və işdən çıxarılma hallarının qeydə alınması hakimiyyətin dayaqlarının zəifləməsinin göstəricisidir. Sarkisyan hakimiyyətinin uğursuzluğu özünü ardıcıl istefalarda göstərməkdədir. Artıq iqtisadi və sosial böhranın siyasi böhranla əvəzlənməsi mövcud hakimiyyəti də sarsıtmaqdadır. Görünür, bu istefaların ardı da olacaq. Bunun sonda ümumi hakimiyyətin istefası ilə nəticələnməsi də istisna edilmir. Məlumdur ki, Ermənistan xalqı da məhz bunun tərəfdarıdır. Hakimiyyəti himayə edən xarici qüvvələrin də belə olacağı təqdirdə, onu müdafiə etməyəcəyi güman edilir. Belə ki, qeyri-rəsmi mənbələrdən yayılan məlumatlardan aydın olur ki, son istefalarda məhz Ermənistanın ən böyük himayədarı Rusiyanın əlinin olması göstərilir. Sarkisyanın son zamanlar Qərbə meyilli siyasət aparması və onlarla gizli danışıqlara girməsi Rusiyanın qəzəbinə səbəb olub. Buna görə də, Rusiya Sarkisyan hakimiyyətinin dayaqlarını sarsıtmağa qərar verib. Buradan belə bir qənaətə gəlmək olar ki, bu gün Ermənistan hakimiyyəti tam təklənmiş haldadır və onun istefası labüddür.