Ermənistanda ara qarışır: parlamentin növbədənkənar iclası çağırıldı
Ermənistan hökuməti parlamenti növbədənkənar iclas keçirməyə çağırıb. Milli.Az xəbər portalının Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, iclas dekabrın 13-də keçiriləcək. Onun gündəliyinin də məlum olduğunu bildirən mənbə gündəlikdə duran məsələlər haqda danışmayıb. Bircə o məlumdur ki, parlamentin gündəliyi də hökumət tərəfindən hazırlanıb. Bu arada prezident Serj Sarkisyanın gözlənilmədən ədliyyə naziri Qevork Danielyanı istefaya göndərməsi nazirin müavinini şoka salıb. Jurnalistlərə açıqlamasında nazir müavini Qevork Malxasyan deyib: "Axşam mən nazirə hesabat verməyə hazırlaşırdım. Bu zaman o dedi: mənə hesabat vermək lazım deyil. Mən artıq nazir deyiləm". Ermənistanın baş naziri Tiqran Sarkisyan hökumətin bu gün keçirilmiş iclasında bildirib ki, Danielyan "səlahiyyətlərini lazımi səviyyədə icra etmədiyi üçün" vəzifədən kənarlaşdırılıb. Hökumətin "etik normaların qorunmasına böyük önəm verdiyini" söyləyən Sarkisyan sabiq ədliyyə nazirini bu normalara riayət etməməkdə günahlandırıb.