İqtisadi böhran Ermənistanı iflic vəziyyətə salıb
Ermənistanın düşdüyü ağır-iqtisadi və sosial vəziyyət getdikcə dərinləşməkdədir. Ölkədə böhranlı vəziyyətin hökm sürməsi ermənilərin ümumi yaşayış səviyyəsini günü-gündən aşağı salmaqdadır. Acınacaqlı vəziyyət əhalinin bütün təbəqələrinə öz təsirini göstərməkdədir. Bundan əziyyət çəkən əhalinin daha çox aşağı təbəqədən olduğunu nəzərə alsaq, onların bu günlərdə baş qaldıran kütləvi etirazlarını da başa düşmək olar. Səriştəsiz rəhbərliyin yeritdiyi məntiqsiz siyasi xətt əhalinin etirazlarının baş qaldırmasına səbəb olub.
Son zamanlarda Ermənistanda baş verən kütləvi etiraz halları, nəinki Ermənistanda, onun hüdudlarından kənarda da böyüyk əks-səda doğurmağa başlayıb. Artıq demək olar ki, regionun və dünyanın diqqətini özünə cəlb etməyi bacaran ermənilər öz dövlətlərindən narazılıqlarını gizlətmirlər. Əhalinin gəlirlərinin aşağı düşməsi, onların bir hissəsinin isə, demək olar ki, adi maaşı belə ala bilməməsi kütlə ilə yanaşı müxalifətin də fəallaşmasına səbəb olub. Təsadüfi deyil ki, artıq Ermənistan müxalifəti bir neçə aydır ki, fəal kütləvi etiraz mitinqləri keçirməkdədir. Onlar ölkə rəhbərliyinin yeritdiyi siyasətə qarşı öz etirazlarını bildirməklə onun tezliklə istefasını tələb edirlər. Bu isə ölkədə qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Bir müddət bundan öncə paytaxt Yerevanda baş tutmuş mitinq zamanı da bunun şahidi olduq. Erməni müxalifətçilər Ermənistanda baş verən hadisələrin Avropada düzgün qiymətləndirilməsini tələb edərkən, onlarla polis arasında yaşanan qalmaqal heç bir demokratik prinsiplərə uyğun gəlmirdi. Hüquq-mühafizə orqanları ilə mitinq iştirakçılarının əlbəyaxa olması və nəticədə bir neçə etirazçının həbs olunması Ermənistanda insan hüqüq və azadlıqlarına nə dərəcədə hörmət edildiyini göstərmiş olur. Artıq ölkə idarəçiliyinin əldən çıxması nəticəsində bu cür qeyri-demokratik davranış özünü göstərir.
Əlbəttə ki, bütün bu qeyri-insani və qeyri-demokratik halların baş verməsinə əsas səbəb kimi Ermənistandakı iqtisadi böhran göstərilir. Ölkənin əhalinin əksər hissəsinin çalışdığı iri müəssisələrin bağlanması və yaxud da insanların bu müəssisələr tərəfindən istismar olunması, onların əmək haqlarının verilməməsi iqtisadi böhranın təzahürlərindəndir. Maraqlı bir cəhət də ondan ibarətdir ki, verilən proqnozlar və ehtimallar heç də bu vəziyyətin tezliklə düzələcəyini vəd etmir. Belə ki, bu günlərdə qəbul olunmuş 2011-ci il üçün dövlət büdcəsinin də ölkəni düşdüyü vəziyyətdən çıxara bilməyəcəyi göstərilir. Bu barədə açıqlama verən Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirib ki, 2011-ci il üçün qəbul edilən dövlət büdcəsi 2008-ci ildə başlayan və bu gün də davam edən ölkə iqtisadiyyatının düşməsininin göstəricisidir. O, artıq "səssizlik büdcəsi" adını almış bu büdcə layihəsini "arzular və imkanların kompromisi"ni özündə əks etdirən büdcə adlandırıb. Onun sözlərinə görə, 2011-ci ilin büdcəsində büdcənin gəlir hissəsi 850 milyard dram təşkil edir. Bu isə 2008-ci ildə qəbul edilmiş büdcənin gəlir hissəsindən 746 milyard dram və ya 13,9 faiz çoxdur. Ancaq ötən 4 il ərzində ölkədə qiymətlər 26,3 faiz artıb. Bu da onu göstərir ki, indiki büdcə o vaxt qəbul ediləndən 12,4 faiz azdır. Q.Baqratyan parlamentdə yenidən müzakirələrin aparılmasının vacibliyini qeyd edib. O, həmçinin, bu illər ərzində ölkədə hansısa inkişafın olmadığını, hökumətin isə hələ də bunu anlamaqda çətinlik çəkdiyini bildirib.
Keçmiş baş nazir vurğulayıb ki, gələn ilin büdcəsi səfil büdcədir. Onun fikrincə, vəziyyət olduqca pisdir və belə davam etsə, Ermənistanı 2012-ci ildə defolt gözləyir. Onun sözlərinə görə, gələn ilin büdcəsində ölkənin daxili borcunda dəyişiklik edilib.
Keçmiş baş nazir xüsusilə vurğulayır ki, Ermənistanda bu sahədə heç bir inkişaf gözlənilmir. Əksinə, ölkə hakimiyyəti köhnə borcları ödəmək üçün yenidən borca girməli olacaq. 2011-ci ilin birtəhər yaşanacağını ehtimal edən Q.Baqratyan 2012-ci ildə bütün bunların əvəzinə 3 qat ödənməli olacağını vurğulayıb. Köhnə borcların ödənilməsi, sonda Ermənistanı defolt təhlükəsi ilə üz-üzə qoyacaq.
Keçmiş baş nazirin bu səpkili bəyanatı artıq ölkənin hansı vəziyyətə düşdüyünü və bu vəziyyətdən çıxış yolunun olmadığını bir daha sübut edir. Hər halda əgər bu vəziyyət keçmiş dövlət rəsmisi tərəfindən etiraf olunursa, onda məsələnin nə dərəcədə ciddi olmasına inanmaq olar. Bunu bir növ həyəcan təbilinin çalınması kimi qəbul etmək olar. Artıq çökmək üzrə olan Ermənistan iqtisadiyyatının bu durumunu gizlətmək və yaxud onu danmaq mümkün deyil. Ölkə rəhbərliyinin yeritdiyi səriştəsiz siyasətin nəticəsi olaraq bu gün Ermənistan regiondan və dünyadan təcrid olunmaqla bütün sahələri əhatə edən böhrana düşmüşdür ki, onun bu vəziyyətdən çıxması isə, hələ ki, qeyri-mümkündür. Hətta belə proqnozlar da verilir ki, bu böhranlı vəziyyət hakimiyyətin öz mövqeyini dəyişməyincə bir dövlət kimi Ermənistanı süquta apara bilər.