Qazaxıstanın paytaxtı Astananın Müstəqillik Sarayında keçirilən ATƏT-in zirvə toplantısında, çox təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinini həlli ilə bağlı razılaşma əldə olunmadı. Azərbaycana təcavüz etmiş işğalçı, terrorçu Ermənistanı sülhə məcbur etmək istiqamətində hansısa qərarlar qəbul edilmədi.
Ermənistan prezidenti Serj Sarkisyan ənənəvi ampluasından çıxış edərək, hər zamankı kimi, bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv mövqe nümayiş etdirərək, qeyri-real fikirlər səsləndirdi. Sarkisyan qeyri-səmimi olmasının ATƏT-in Astana sammitində bir daha şahidi olduq. O öz iyrənc əməllərini, terrorçu, işğalçılıq siyasətini həyata keçirmək üçün yenə də boş-boş danışıqların imitasiyasını aparır. Hələ 2009-cu ildə Almaniya Bundestaqı və Avropa Parlamenti Cənubi Qafqaz üzrə qəbul etdiyi qərarda Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Təbii ki, işğalçı dövlət bunu qəbul etmək istəmir. Astana sammitinin uğursuz nəticələri ilə bağlı millət vəkilləri Elman Məmmədov və Asim Mollazadəyə müraciət etdik.
Millət vəkili Elman Məmmədov:
- Çox təəssüflənirik ki, bizim bölgədə sabitliyin, sülhün bərqərar olunması istiqamətində ATƏT öz təməl sənədlərinə uyğun olaraq hüquqi-siyasi müstəvidə öz qiymətini vermədi. Bundan istifadə edən Ermənistan da yürütdüyü təcavüzkar siyasətini bitirmək istəmir. ATƏT-in prosesə sanki laqeyd müstəvidə yanaşması bölgəmizdə sabitliyi və stabilliyi poza bilər. Ermənistan isə münasibətdən istifadə edərək, yenidən öz aqressiv siyasətini həyata keçirməyə və ən azı öz ərazi iddialarını davam etdirməyə başlaya bilər. Biz bir dövlət olaraq torpaqlarımızın azad olunması üçün bütün qüvvəmizlə çalışacağıq. Ermənilərin ucbatından nə qədər həmvətənimiz öz yurd-yuvalarından didərgin düşüblər. Onların öz doğma, isti yurd-yuvalarına qayıtması hər bir azərbaycanlının ən böyük arzusudur. Bu arzu heç vaxt arzu olaraq qalmayacaq və bir gün mütləq reallığa çevriləcəkdir. Ərazi bütövlüyümüz bərpa olunana qədər bu yolda öz səylərimizi davam etdirəcəyik.
Millət vəkilinin sözlərinə görə Sarkisyanın ATƏT-in Astana sammitində konstruktiv mövqedən çıxış etməməsi onun müstəqil olmamasından və hansısa dövlətlərin dəstəyinə çox böyük ehtiyacı olmasından xəbər verir.
E. Məmmədov onu da qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyündən söhbət getdiyi üçün, hətta Sarkisyan Lissabon sammitinə də qatılmamışdı. Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan, mütəmadi olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə davam etdirilməsi istiqamətində öz işlərini davam etdirəcəkdir. Bütün beynəlxalq təşkilatlar işğalçı siyasət yürüdən Ermənistanı sülhə məcbur etməklə bağlı müvafiq qətnamələr qəbul etməlidir.
Millət vəkili Asim Mollazadə:
- Sammitdə gözləntilərimizin tam əksinə olaraq, heç bir razılaşma əldə olunmadı. Ermənistan yenə də heç bir addım atmadı və ermənilərə məxsus olan məşhur "gözləmə" taktikasını seçdi. Azərbaycan hakimiyyətinin yürütdüyü konstrukiv siyasət hamıya bəllidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın bir qarış torpağı nəinki verilə, hətta müzakirə obyekti də ola bilməz. Azərbaycanın artan qüvvəsi, gücü və qüdrəti erməniləri qorxuya salır. Çünki onlar başqa dövlətlərin köməyinə arxalanır. Böyük Azərbaycan Ordusu isə hər bir təcavüzü dəf etməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Sarkisyan müharibə yolunu da seçmək istəmir, çünki dövlətinin hansı gücə qadir olduğunu çox yaxşı bilir.
Millət vəkili vurğuladı ki, hətta həyasızcasına Sarkisyan bu məsələ də Azərbaycan dövlətini günahlandırır və bildirir ki, danışıqları Azərbaycan uzadır. Nə qədər qorxunc, həyasız, simasız insan olasan ki, bu kəlmələri söyləyəsən. Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin dövründən indiyə qədər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə güclü dövlətə çevrilib. Təxribat etməyə bizim heç bir ehtiyacımız yoxdur. Döyüşə hər an hazır əsgərimiz, hərbi silahımız, yenilməz ordumuz və güclü iqtisadiyyatımız var. Hələ ki, Azərbaycan dövləti sülh yolu mövqeyindədir. Əgər sülh yolu ilə danışıqlar baş tutmasa, dövlətimiz müharibə yolu ilə də olsa, torpaqlarını işğaldan azad edəcək və bir gün isə günahsız canlar alan Ermənistanın işğalçılıq siyasətinə son qoyulacaqdır.