PDF Oxu

Araşdırma

  • 12

Türkiyə-Azərbaycan qardaşlığına qarşı növbəti təxribat

Türkiyə-Azərbaycan qardaşlığına qarşı növbəti təxribat
Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı proseslərin normal şəkildə başa çatması, hər zaman olduğu kimi, budəfəki seçkilər zamanı da ölkəmizdə qarışıqlıq yaratmaq istəyən xarici qüvvələrin arzusunu ürəyində qoydu. Bununla belə, seçkilərlə bağlı proseslərə müdaxilə etmək üçün əlləri yetməyən xarici qüvvələr başqa yollara əl atmaqdan da çəkinmirlər. Elə bu günlərdə vaxtilə Azərbaycanda diplomatik vəzifədə çalışmış Turqut Ərin 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələrlə bağlı yazdığı kitabın ortaya çıxması da Türkiyə - Azərbaycan qardaşlığına kölgə salmaq və iki qardaş ölkə arasında süni şəkildə siyasi qalmaqal yaratmaq məqsədi daşıyır.
Məsələ burasındadır ki, kitab müəllifi 90-cı illərin əvvəllərində baş verən hadisələrə özünəməxsus şəkildə şərh verməklə yanaşı, o zamanlar Azərbaycan xalqının iradəsi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlı da reallığa uyğun olmayan və subyektiv mülahizələrə əsaslanan fikirləri qələmə almaqla, özünü bir növ həmin dövrün "qəhrəmanı" kimi təqdim etməyə çalışır. Başqa sözlə desək, Turqut Ər Azərbaycanda çalışdığı dönəmlərdə ondan- bundan eşitdiyi ara söhbətləri səviyyəsində olan əhvalatlar müstəvisində kitab yazaraq, bütün bunları reallıq kimi təqdim etməyə çalışır ki, bunun özü də özlüyündə kifayət qədər gülünc və qeyri-ciddi bir iş təsiri bağışlayır.
Məsələnin başqa bir tərəfi budur ki, Azərbaycan qəzetlərinə açıqlama verən T.Ər burada işlədiyi dövrlərdə müşahidə etdiyi hadisələri qələmə aldığını iddia edib. Amma nədənsə, o, elə 90-cı illərin əvvəllərində Türkiyənin Azərbaycandakı səfirliyinin, xüsusilə də özünün də yaxın münasibətdə olan Fərman Dəmirqolun da iştirakı ilə Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərməsi, bu çevrilişi törətmək istəyənlərin əsl məqsədləri və öz mahiyyətləri barədə kitab yazmaq istəmir. Çünki bu hadisələr o vaxt, nəinki Azərbaycanın yeganə dəstəyi və arxası olan Türkiyə ilə siyasi münasibətlərə xələl gətirə bildi, əksinə, Ulu Öndər Heydər Əliyevin baş verən proseslərlə bağlı olduqca düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Türkiyə-Azərbaycan qardaşlığı bu imtahandan ziyansız çıxa bildi.
Elə Turqut Ərin öz kitabında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəli də hədəf seçməsi təsadüfi deyil. O, özünə sərf etməyən məsələlər barədə yazmaq istəməsə də, Süleyman Dəmirəllə bağlı yazılardan hiss olunur ki, müəllif Türkiyənin o vaxtkı prezidentinin bu hadisələrdə Azərbaycan rəhbərliyini, xüsusilə də Ulu Öndər Heydər Əliyevin qərarlarını dəstəkləməsindən bərk qəzəblidir. Halbuki Turqut Ərin özünün diplomatik fəaliyyəti araşdırılsa, onun bu xidmətdən nə səbəbə uzaqlaşdırılması ilə bağlı ortaya çıxan məlumatlar istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti üçün daha maraqlı ola bilər.
Amma bu kitabın ortaya çıxması başqa mətləbləri də açır. Məsələ burasındadır ki, son illər Azərbaycan-Türkiyə münasibətləri elə səviyyədə inkişaf edib ki, bu, dünyanın heç bir başqa iki ölkəsi arasında olan münasibətlərlə müqayisə edilə bilməz. Təbii ki, bu, xaricdə, hətta bəzən hər iki ölkənin daxilində də bəzi qüvvələri narahat edir. Odur ki, son illərdə Azərbaycan-Türkiyə münasibətlərinin pozulması və ya münasibətlərə hər hansı şəkildə sərinlik gətirilməsi istiqamətində müəyyən xarici qüvvələr öz səylərini səfərbər ediblər.
Götürək, elə son iki ildə DQ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı Azərbaycan-Türkiyə münasibətlərində yaranmış durumu. Birləşmiş Ştatlar da daxil olmaqla, əksər Qərb ölkələri Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini ortaya atmaqla iki qardaş ölkə arasında münasibətlərdə gərginliyin pik həddə çatdırılmasına cəhdlər göstərərək, süni şəkildə siyasi və diplomatik qalmaqal yaratmağa çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyevin bütün baş verənlərlə bağlı səbrli və müdrik davranışı Türkiyə rəhbərliyinin bu məsələdə Qərb dövlətləri qarşısında qəti və sərt mövqe nümayiş etdirməsi ilə müşayiət olundu. Başqa sözlə desək, xarici qüvvələrin qardaş Türkiyənin əli ilə Azərbaycanı zəif yerindən vurmaq cəhdləri puça çıxdı.
Elə Azərbaycanda keçirilən son parlament seçkilərindən sonra ciddi kitabdan daha çox, bir şəxsin fantaziyaları və subyektiv mülahizələri üzərində yazılan, kim bilir hansı xarici donor təşkilatın maliyyəsi hesabına ortaya çıxan kitabla bağlı süni ajiotajın yaradılması təsadüfi deyil. Hər halda, indiyə qədər də Türkiyə-Azərbaycan münasibətlərində problemlər yaratmaq üçün bu kimi təxribatlar edilib və proseslərin hansı səviyyəyə qədər inkişaf etməsinə baxmayaraq, Azərbaycan və Türkiyə rəhbərliyi vəziyyəti düzgün qiymətləndirərək, proseslərin istiqamətini düzgün məcraya yönəltməyə və bundan iki ölkənin qardaşlığına ziyan dəyməməsinə nail ola bilib. Bu baxımdan da Turqut Ər və onun kitabındakı sayıqlamalara Azərbaycanda bəzi müxalifət qəzetlərinin can-başla yer ayırıb bunun ətrafında şou yaratmaq səylərinə rəğmən, bu yazılanların sayıqlama statusundan o tərəfə keçmək perspektivi yoxdur.

Digər xəbərlər