Jurnalist və ictimai təşkilatların nümayəndələrindən ibarət növbəti heyət Masazır Duz Zavodunun istehsal prosesi ilə yaxından tanış oldular
Kütləvi informasiya vasitələri və Qeyri Hökumət Təşkilatlarının təmsilçiləri "Bizim Duz" və "Azərduz" markalarının istehsal edildiyi Masazır Duz Zavodunu ziyarət etdilər. Görüş zamanı müxbirlər zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi prosedurlar ilə yaxından tanış oldular.
Müəssisə ilə tanışlıq zamanı qonaqlar istehsalat sahəsini, xammal əldə edilən sahələri və müasir texnologiyaların tətbiq edildiyi laboratoriyada olmuş, duzun istehsalı prosesini mərhələ-mərhələ əyani şəkildə müşahidə etmiş, ilk olaraq xammal sahəsini, sonra isə duzun işlənmə prosesi ilə tanış olmuşlar. Zavod mütəxəssisləri tərəfindən geniş və ətraflı şəkildə məlumatlandırılan jurnalistlərin bütün sualları cavablandırıldı.
KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izlədilər. Onlar burada son texnologiya ilə təchiz olunmuş zavodun istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış oldular. Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada qonaqlara duzun tərkibi və yodlaşdırılması prosesi barədə ətraflı məlumat verildi. Yodsuz, natəmiz, keyfiyyətsiz və insan sağlamlığında təhlükəli fəsadlar yaradan duzun mənfi keyfiyyətləri ilə yanaşı, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun istehsal edilən yodlu duzun bir çox müsbət cəhətləri haqqında KİV nümayəndələrinə məlumatlandırıldı.
Xatırladaq ki, özünəməxsus mənzərəsi ilə göz oxşayan Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 21 iyul tarixində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açıldı. Müəssisənin açılışı Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal etməkdədir. Dünya standartlarına uyğun yüksək səviyyəli texnologiya ilə çalışan Masazır Duz Zavodunda 130 nəfər işlə təmin edilmişdir. Duz zavodunun gündəlik emal gücü 100 tondur. Zavod tam gücü ilə işə düşdükdən sonra isə bu rəqəmin 300 ton olacağı nəzərdə tutulmuşdur. İldə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edən zavod Azərbaycanı duz idxalçısından ixracatçısına çevirmək iqtidarındadır.
Yodlaşdırılmış, yüksək keyfiyyətli süfrə duzu olan Azərduz yerli bazarlarda istehlakçıların ixtiyarına verilməklə, ilk növbədə insan sağlamlığına xidmət edir. Bir sıra hökumət və qeyri-hökumət orqanlarının ölkədaxili bazarlarda yod çatışmazlığı problemi ilə mübarizə aparmalarına baxmayaraq, adı çəkilən problemin indiyə qədər mövcudluğu "Azərsun Holdinq" Şirkətlər Qrupunu bu sahə üzrə ciddi addımlar atmağa sövq etmişdi.
Uzun sürən çalışmalar nəticəsində ərsəyə gələn Masazır Duz Zavodu hazırda istehsal etdiyi Azərduz ilə ölkə bazarlarında və satış şəbəkələrində yod çatışmazlığı problemi ilə mübarizə aparmaqdadır.
Masazır Duz Zavodunun əsas xammal mənbəyi Masazır duz gölüdür. Texnoloji sxemdə xam duzdan istifadə olunması da nəzərdə tutulmuşdur. Bu yalnız qış aylarında göldəki duz konsentrasiyası aşağı olan zaman tətbiq olunacaqdır. Qeyd edək ki, xam duz anbarının tutumu 6000 min ton təşkil edir.
Zavodun texnoloji sxemində Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edilir.