Dövlət Departamenti Azərbaycana qarşı qərəzli mövqe tutur
Məlum olduğu kimi, noyabr ayının 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Ölkədə keçirilən digər seçkilər kimi, bu seçkidə də yüksək demokratiya təntənəsinin qeyd olunması müşahidə olundu. Yüksək şəffaflıq və demokratiya şəraitində keçirilən seçkilər tam obyektiv şəkildə xalqın rəyini nəticələrdə əks etdirmiş oldu. Dövlətimiz tərəfindən istər seçkiöncəsi təbliğat, istərsə də seçki prosesi beynəlxalq standartlara müvafiq olaraq təşkil olunmuş və namizədlərin öz təbliğatlarını, seçicilərin isə öz rəylərini formalaşdırması üçün hər bir şərait yaradılmışdı.
Bu məsələ öz əksini, eyni zamanda, seçkini müşahidə edən yerli və beynəlxalq təşkilatların da hesabatlarında çox aydın şəkildə tapmışdır. Onlar öz hesabatlarında Azərbaycanda keçirilən seçkini yüksək qiymətləndirdiklərini və hər hansı bir ciddi qanun pozuntusunun qeydə alınmasının şahidi olmadıqlarını bildirmişlər. Lakin çox təəssüf ki, bu beynəlxalq təşkilatlar içərisində yalnız ABŞ Dövlət Departamentinin hesabatı seçkilərin keçirilməsində problemlərin olduğunu bildirmişdir.
Qeyd edək ki, Azərbaycanda keçirilən parlament seçkilərini ABŞ səfirliyi və ABŞ Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iştirakı ilə, ümumilikdə, 76 nəfər amerikalı Bakıda və regionlarda müşahidə edib. Bu müşahidə missiyasının verdiyi hesabatlar nəticəsində seçkilər haqqında rəyini formalaşdıran ABŞ Dövlət Departamenti seçkilərdə müəyyən problemlərin olduğunu qeyd edib. Problem kimi KİV-də müxtəlif namizədlərin işıqlandırılmasında bərabərliyin olmamasından, sərbəst toplaşmaq və fikir azadlığının məhdudlaşdırılmasından, eləcə də, namizədlərin qeydiyyata alınması prosesinin pozulması göstərilir. Əlbəttə, belə bir bəyanatın verilməsindən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən məsələyə reaksiya göstərilmişdir. Azərbaycan XİN-in verdiyi bəyanatda ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı verdiyi bəyanatını rəsmi Bakı təəssüf və təəccüblə qarşılandığını bildirmişdir. Dövlət Departamentinin öz bəyanatını verərkən, istinad etdiyi qurumların hesabatlarında hər hansı bir pozuntunun olmaması ilə bağlı məsələ yer alsa da, Dövlət Departamentinin bəyanatı bu sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanır ki, seçkilər dinc və debat şəraitində keçirilib, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnmiş və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndiriblər.
Dövlət Departamentinin belə bir ziddiyyətli bəyanat yayması isə təəssüf doğurur. Bu gün dünyada gedən prosesləri demokratiya baxımından qiymətləndirən Dövlət Departamentinin Azərbaycandakı tam demokratik və şəffaf şəraitdə keçirilən parlament seçkilərinə kölgə sala biləcək bəyanatla çıxış etməsi anlaşılmazdır. Özünü demokratiyanın beşiyi sayan bir dövlətin xarici işlər idarəsinin belə bir bəyanatla çıxış etməsi onun məsələlərə qeyri-obyektiv mövqedən yanaşmasını göstərmiş olur. Bu bəyanatın hansı məqsədlə bu cür mövqe tutmasını dəqiq bilməsək də, bunun arxasında ABŞ-ın öz maraqlarını təmin edəcək müəyyən subyektiv amillərin dayandığını güman etmək olar.
Ümumiyyətlə, Dövlət Departamentinin bundan öncə də bir sıra bu yönümlü bəyanatlarının şahidi olmuşuq. Xüsusilə Azərbaycan və Azərbaycanda olan ictimai-siyasi vəziyyətlə bağlı mütəmadi olaraq bəyanatlar hazırlayan Dövlət Departamenti bu sahədə yol verdiyi müəyyən nöqsanlarla da yadda qalmışdır. Misal üçün bir müddət bundan öncə, Dövlət Departamenti Azərbaycan gənclərinin böyük bir hissəsinin narkomaniyaya qurşandığını öz hesabatında qeyd etmişdi. Lakin sonradan istər Azərbaycan dövləti, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən verilən sərt reaksiya nəticəsində məsələ yenidən araşdırılmış və hesabatın dəyişdirilməsi qərara alınmışdır. Dövlət Departamentinin öz səhvini boynuna alaraq, verdiyi qərarı dəyişdirməsi onun ölkədə olan vəziyyətə nabələd ola-ola qərar çıxarması olmuşdu. Budəfəki hesabatın da məhz belə bir qeyri-obyektiv mövqe tutması, görünür, ABŞ Dövlət Departamentinin parlament seçkiləri ilə bağlı dolğun məlumata malik olmamasından irəli gəlir. Onun məsələyə, detallarına qədər bələd olmadan mühakimə yürütməsi isə, Dövlət Departamentinin bir tərəfdən səriştəsizliyini göstərirsə, digər bir tərəfdən, onun nüfuzunu aşağı salmış olur. Artıq bu cür bəyanatlardan sonra onun nə qədər obyektiv mövqe tutması ilə bağlı bir daha düşünməyə ehtiyac var. Bu gün Azərbaycana qarşı tutulan bu qərəzli mövqeyin gələcəkdə hansısa başqa bir ölkədə və ya regionda özünü göstərəcəyini istisna etmək olmaz. Bunları nəzərə alaraq, demək olar ki, ABŞ Dövlət Departamenti öz işində daha səriştəli siyasət yeritməli və buraxdığı nöqsanları tezliklə düzəltməlidir. Əks təqdirdə isə, bu gün ABŞ-ın özü üçün mühüm müttəfiq saydığı Azərbaycanla münasibətlərə yenidən baxılması mümkündür.