Ermənistanda əhalinin sayı azalmaqda davam edir
Ermənistan da yaşanan xaos, korrupsiya, hərc-mərclik əhalinin bu ölkədən axınının güclənməsinə, demoqrafik problemin fəlakət həddinə çatmasına səbəb olmuşdur. Erməni sosioloqları da etiraf edirlər ki, hazırda bu respublikanın elə ucqar kəndi var ki, orada bir ailə olsun belə yaşamır.
Maddi durumun ağırlığı, kommunal xidmətlərin yox dərəcəsində olması, infrastrukturun dağılması demoqrafik prosesin rayon mərkəzlərində də kəskin xarakter almasına gətirib çıxarıb.
Ermənistanda iqtisadi islahatlar aparılmır. İnhisarçılıq halları gündən-günə güclənir. Bu isə iş yerlərinin bağlanmasına gətirib çıxarır. Əmək haqlarının minimum həddə olması da gənclərin, orta yaşlıların ölkəni kütləvi şəkildə tərk etməsinə şərait yaradır. Yaşlı əhali isə vaxtlı-vaxtında təqaüd almaq imkanından məhrumdur. Gənclərin ailə qurmaq arzuları da əksər hallarda reallaşmır. Maliyyə, məişət-mənzil problemləri buna imkan vermir. Qarşıdakı illərdə bu vəziyyətin daha da pisləşəcəyi proqnozlaşdırılır. Erməni gözlənilir. Ekspert Ruben Yeqanyan mətbuata verdiyi açıqlamasında da bu məsələyə aydınlıq gətirərkən bildirib ki, Ermənistanda yeni doğulan uşaqların 50 faizdən çoxu ilk övladlardır: "Ailələrdə hazırda belə bir rəy formalaşıb ki, ikinci uşağın dünyaya gəlməsi gələcək məhrumiyyətlərə yol açmaq deməkdir. Bu gün Ermənistanda reproduktiv yaş həddində olanlar 1980-ci il təvəllüdlülərdir. Yaxın gələcəkdə isə reproduktiv yaş həddinə 1990-cı illərdə doğulanlar çatacaq. Yalnız bundan sonra doğum səviyyəsi ilə əlaqədar problemlər kəskinliyi ilə özünü büruzə verəcək. Belə ki, 1990-cı illərlə müqayisədə 1990-cı illərdə doğulanların sayı 2-2,5 dəfə az olub. Bu isə qarşıdakı dövr ərzində doğum səviyyəsinin kəskin düşəcəyindən xəbər verir".
Ermənistanın demoqrafik fəlakətlə üzləşdiyini bu ölkənin rəsmi statistikası da təsdiqləyir. Respublikanın Milli Statistika Xidmətinin yaydığı məlumatda bildirilir ki, təkcə son 10 il ərzində Ermənistanı 1,5 milyon insan tərk edib. Onlar əsasən Rusiya, Polşa, Braziliya, Avstriya, Kanada kimi dövlətlərə üz tutublar. Nəzərə alsaq ki, Ermənistanı tərk edib xarici ölkələrə gedən hər bir adamdan icazə üçün 10 min dollar pul tələb edirlər, onda son 10 ildə gedənlərdən 15 milyard dollar rüşvət alındığı məlum olur. Bu da Ermənistanda korrupsiyanın hansı səviyyəyə çatmasının parlaq göstəricisidir. Aparılan araşdırmalara görə, təkcə Rusiya Federasiyasında hazırda 1 milyon erməni miqrant yaşayır... Onu da xatırladaq ki, BMT ekspertlərinin, o cümlədən USAİD beynəlxalq təşkilatlarının araşdırmaları yaxın bir neçə il ərzində Ermənistan miqrantlarının sayının daha da artacağından xəbər verir.
Ermənistan Milli Statistika Xidmətinin rəqəmləri digər bir məqama da aydınlıq gətirir. Bu, əhalinin artımı ilə bağlıdır. Diqqət yetirək: əgər 2001-ci ilin sonuna bu ölkədə əhalinin sayı 3 milyon 213 min nəfər təşkil edibsə, cari ilin yanvarın 1-nə həmin göstərici 3 milyon 250 min nəfər olub. Yəni, 9 il ərzində Ermənistanda əhalinin artımı cəmi 37 min nəfər təşkil edib.
Lakin bu göstərici ilə erməni müxalifəti razılaşmır. Başqa sözlə, müxalifət Ermənistanda 3 milyon 250 min əhali yaşamasını şişirdilmiş göstərici sayır. Müxalifətin iddiasına görə, hazırda bu ölkədə 2 milyona yaxın əhali yaşayır və bunun da getdikcə azalacağını proqnozlaşdırır.
Burada bir məqamı da xatırlatmaq yerinə düşər. Hazırda respublikada ikili vətəndaşlıq haqqında qanun qüvvədədir və bu qanuna əsasən, başqa ölkədə yaşayan, oranın vətəndaşı olan ermənilər bu gün həm də Ermənistan sakini hesab edilir. Belədə isə, onların Ermənistana heç bir dəxli olmadığı halda, əhalinin say tərkibində göstərilir. Bu isə, şişirdilməyə əsasən bildirilir.
Onu da qeyd edək ki, demoqrafik vəziyyət Ermənistan ordusuna da təsirsiz ötüşmür. Belə ki, Milli Statistika Xidmətinin demoqrafiya xidmətinin müdiri Karine Kuyumçiyanın çıxışında da bu məqam öz əksini tapıb: "Son 10 ildə ölkədə demoqrafik durum fəlakətli həddə çatıb. Əsgəri yaş həddinə çatanların sayı hərbi səfərbərliklə bağlı tələb olunan normativlərə görə, mənfi dərəcəyə enib. Vəziyyətin belə davam edəcəyi təqdirdə yaxın 10-15 ildə hərbi səfərbərliklə bağlı orduya çağırılanların sayı orta hesabla 60-70 faiz azalacaq... Düzdür, silahlı qüvvələrlə bağlı məlumatlar gizli saxlanılmalıdır. Amma yuxarıdakıları demək, həyəcan təbili çalmaq bir erməni olaraq mənim xalqım qarşısında vətəndaşlıq borcumdur".
Ermənistan ordusunda dözülməz şərait hökm sürdüyündən gənclər müxtəlif yollarla orduya getməkdən yayınırlar. Hərbi komissarlıqlarda rüşvət, korrupsiya halları geniş yayılıb. Erməni sosioloq Anaut Simonyanın yazdığına görə, Ermənistan ordusunda hərbi xidmətdən yayınanların təxminən 60 faizi hərbi komissarlıqlara rüşvət verməklə guya ali təhsil aldıqları barədə "əsgəri möhlət" arayışını təqdim edirlər. Tələbələrlə söhbətdən də aydın olmuşdur ki, onların 30 faizdən çoxu məhz orduya getməmək naminə ali təhsil almaq qərarına gəlmişdir.
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətində xaos, özbaşınalıq, korrupsiya halları əhalini çıxılmaz duruma salıb, narazılıq əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxarıb. Bu da əsas etibarilə demoqrafik vəziyyətin son dərəcə gərginləşməsinə, əhalinin Ermənistandan kənara axınının artmasına səbəb olub.