PDF Oxu

Araşdırma

  • 18

Seçicilər haqqa və ədalətə səs verəcəklər

Seçicilər haqqa və ədalətə səs verəcəklər
Dünən Sabunçu rayonunun Ramana qəsəbəsinin seçiciləri ilə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Qalib Aslan oğlu Salahzadənin görüşü keçirilib.
Qəsəbənin mədəniyyət klubunda keçirilən görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva seçicilərə deputatlığa namizəd Qalib Salahzadənin fəaliyyəti barədə məlumat verib. 7 noyabr parlament seçkiləri ilə bağlı YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva qeyd edib ki, Sabunçuda deputatlığa namizəd Q.Salahzadənin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. M.Abasquliyeva seçicilərin Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərinə əminliyini söyləyib. Rayon təşkilatının sədri onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası indiyə kimi, iştirak etdiyi bütün parlament seçkilərində qalib olub, böyük, inamlı qələbə qazanıb: "Yeni Azərbaycan Partiyasının amalı "Güclü dövlət, yüksək rifah" şüarıdır. Partiyamızın, 7 noyabr seçkilərində başlıca meyar kimi, müəyyənləşdirdiyi bu şüar heç də təsadüfi seçilməyib. Yeni Azərbaycan Partiyası hər zaman ölkəmizin güclənməsinə, tərəqqisinə, ölkə əhalisinin sosial rifahına səy göstərib. Başqa sözlə, YAP-ın belə bir şüarı başlıca hədəf kimi seçməsi partiyanın ali məramı, ülvi məqsədləri ilə bağlıdır. Bu gün ölkəni tərəqqiyə, inkişafa aparan yeganə siyasi qüvvə məhz Yeni Azərbaycan Partiyasıdır. Biz Yeni Azərbaycan Partiyası ilə birgə yüksək rifaha doğru irəliləyirik. Partiyamız yarandığı gündən milli dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın yüksək sosial rifahı naminə fəaliyyət göstərir. Bununla bağlı əldə edilən nailiyyətlər, uğurlar göz qabağındadır. Odur ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yenidən böyük və inamlı qələbə qazanacağına əminəm".
Sonra deputatlığa namizəd Qalib Aslan oğlu Salahzadə seçiciləri qarşısında çıxış edib. Namizəd seçicilərin ona göstərilən etimadlarına görə minnətdarlığını bildirib. Qalib Salahzadə millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib. Namizəd Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin uğurlarından ətraflı bəhs edib. 2003-cü ildən bu günə qədər Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayan Qalib Salahzadə bütün bu görülən işlərin hamısının insanların rifahının yüksəlməsinə xidmət etdiyini bildirib və seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. O, qeyd edib ki, YAP tərəfindən irəli sürülən bir namizəd olaraq, ona göstərilən bu etimadı əməli fəaliyyəti ilə doğruldacaq.
Deputatlığa namizəd millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə seçicilərə dolğun və ətraflı məlumat verib.
Rayonun sakinləri Qalib Salahzadəni yaxşı tanıdıqlarını, bir eloğlu kimi, xeyirxah bir insan kimi, ona böyük hörmət bəslədiklərini, bu seçkilərdə, məhz Yeni Azərbaycan Partiyasının namizədi olan Qalib Salahzadəyə səs verəcəklərini söyləyiblər.

Digər xəbərlər