Hüseynbala Mirələmov:”Bütün bu hadisələr Fuad Qəhrəmanlının hakimiyyəti təhqir etməsi səbəbindən başlandı"
33 saylı Xətai I seçki dairəsindən namizədliyi qeydə alınmış AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhkəməyə verilib. SİA-nın xəbərinə görə, 33 saylı Xətai I seçki dairəsindən Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Hüseynbala Mirələmov və 31 saylı Suraxanı II seçki dairəsindən namizəd Hafiz Hacıyev AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı Yasamal rayon Məhkəməsinə şikayətlə müraciət ediblər. Buna cavab olaraq Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deputatlığa namizəd Hüseynbala Mirələmovu məhkəməyə verib.
Məsələyə aydınlıq gətirmək üçün hər bir iddiaçı ilə əlaqə saxlamağa çalışdıq.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev SİA-ay açıqlamasında faktı təsdiqləyib və bildirib ki, şikayət ərizəsini noyabrın 2-də Yasama Rayon Məhkəməsinə təqdim edib. O vurğulayıb ki, bu addımı atmasına səbəb oktyabrın 30-da İctimai Televiziyada namizədlər üçün seçkiqabağı ödənişsiz efir vaxtı F.Qəhrəmanlı tərəfindən şərəf və ləyaqətinin təhqir edilməsidir.
"F.Qəhrəmanlı televiziya vasitəsilə məni açıq şəkildə təhqir etdi. Mən də onu buna görə məhkəməyə vermişəm. Onlar artıq məhkəmə qarşısında cavab verəcəklər. Mən belə düşünürəm ki, bu gün Azərbaycan cəmiyyəti Əli Kərimov, İsa Qəmbərovun kimliyi barədə kifayət qədər məlumatlıdır. Hər halda Kərimovlar Qərbdə ermənipərəst dairələrin əlindədir. Ona görə də həmin insanlar siyasətdəki bugunki uğursuzluqlarını kimlərisə təhqir etməklə, məhkəməyə verməklə ört-basdır etmək, sığortalamaq istəyirlər. Onlar heç bir şeyə nail ola bilməyəcəklər. Biz də addımlarımızı siyasi müstəvidən hüquq müstəvisinə keçirmişik. Hüquq müstəvisində məhkəmə nə qəbul edəcəksə biz ona qane olacağıq. Düşünürəm ki, nə Qəmbərov İsanın, nə də Kərimov Əlinin Azərbaycan siyasətində heç bir nailiyyəti olmayacaq. Seçkidən sonra da onlara qarşı çox ciddi addımlar atacağıq", - deyə o əlavə edib.
Hüseynbala Mirələmov isə SİA-ya açıqlamasında bildirib ki, Fuad Qəhrəmanlı oktyabrın 30-da keçriilən teledebatda onun şərəf və ləyaqətini təhqir etdiyinə görə Yasamal Rayon Məhkəməsinə müracitə edib.
"Fuad Qəhrəmanlı çıxışı zamanı Hafiz Hacıyev və Əhəd Abıyevin ötən verilişdə Əli Kərimova qarşı olan fikirlərinə münasibət bildirmək əvəzinə hakimiyyətə qarşı təhqir dolu fikirlər söyləməsi və bu hadisəni"hakimiyyətin əxlaqsızlığının və mənəviyyatsızlığının göstəricisi" olduğunu deməsi məni onun barəsində bir neçə kəlmə fikir deməyə vadar etdi. Bu hadisə onun hakimiyyəti təhqir etməsi səbəbindən başlandı. Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri kimi onun təhqirlərinə cavab verməyə borclu idim", - deyə o qeyd edib.
Daha sonra H.Mirələmov İsa Qəmbərin buna cavab olaraq onu məhkəməyə verməsinə də münasibət bildirib:"Bu onu göstərir ki, biz hüquqi və sivil dövlətdə yaşayırıq. Hadisələr məhkəmədə araşdırıldıqdan sonra kimin haqlı və ya haqsız olduğu müəyyən olunacaq".
Əhəd Abıyev də SİA-ya açıqlamasında Əli Kərimliyə qarşı daha sərt addımlar atacağını deyib.
Məhkəmə ilə əlaqədar olaraq F.Qəhrəmanlının fikrilərini öyrənməyə çalışsaq da onunla əlaqə saxlaya bilmədik. Məsələ ilə bağlı 3-cü tərəfin - Fuad Qəhrəmanlının da fikirlərini dinləməyə və dərc etməyə hazırıq.