Dünən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən namizədi Ağalar İsrafil oğlu Vəliyevin Qaradağ rayonunun "Ümid" qəsəbəsinin seçiciləri ilə görüşü keçirilib. Milli Məclis deputatlığına namizəd Ağalar İsrafil oğlu Vəliyev, Qaradağın digər yaşayış məntəqələrində olduğu kimi, "Ümid" qəsəbəsində də səmimiyyətlə, xoş münasibətlə, gülər üzlə qarşılanıb.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ölkədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb: "Çox sevindirici haldır ki, bu gözəl işlərin nəticələrini "Ümid" qəsəbəsinin dəyişən, gözəlləşən simasında da müşahidə edirik. Çünki bu qəsəbənin əsasını 1999-cu ildə Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur. Bu gün ölkə Prezidenti İlham Əliyev cənabları Qaradağ rayonunun bütün seçicilərinə böyük diqqət və qayğı ilə yanaşır. Ona görə də, qaradağlılar həmişə Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyirlər".
Ağalar Vəliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən A.Hüseynov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin ən güclü, aparıcı siyasi təşkilatı kimi, hər zaman ölkənin tərəqqisi, inkişafı, xalqın rifahı, firavanlığı naminə fəaliyyət göstərir: "Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyası 7 noyabr parlament seçkilərində məhz "Güclü dövlət, yüksək rifah" şüarı ilə iştirak edir. Milli dövlətçiliyimizin möhkəmlənməsi, ölkənin sosial-iqtisadi qüdrətinin artması Yeni Azərbaycan Partiyasının başlıca amalı, əsas hədəfidir. İnanıram ki, qəsəbə sakinləri qurub-yaratmaq kimi bütün müsbət keyfiyyətlərə malik YAP-ın namizədi Ağalar Vəliyevə səs verəcəklər".
Ağalar Vəliyevin vəkili Abidə Baxşəliyeva da namizəd haqqında məlumat verməklə yanaşı, onun bir çox xüsusiyyətlərini də seçicilərə açıqlayıb: "Ağalar İsrafil oğlu Vəliyevin yüksək təşkilatçılığı, peşəkarlığı və daim yeniliyə can atması nəzərə alınmaqla, son illər məhz Prezident İlham Əliyevin göstərişi ilə "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması işlərinin yerinə yetirilməsi həvalə edilib. Ölkənin tikinti sektorunda uzun illər səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Respublikanın "Əməkdar mühəndisi" fəxri adına layiq görüldüyünü söyləyən vəkil bildirib ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib. Vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib.
A.Baxşəliyeva onu da bildirdi ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib. Qeyd edib ki, Ağalar Vəliyevin köməkliyi ilə 10 nəfərdən çox insan müqəddəs Həcc ziyarətində olub və bu ənənə indi də böyük həvəslə davam etdirilir. Respublikamızın rayonlarında bir neçə müqəddəs ziyarətgah məhz Ağalar Vəliyev tərəfindən bərpa olunaraq, yenidən əhalinin istifadəsinə verilib.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyev bildirib ki, seçicilərə təbliğat-təşviqat kampaniyasında onu səmimi qarşıladıqlarına, fəal şəkildə dəstəklədiklərinə görə, öz minnətdarlığını bildirdi. Namizəd onu da vurğuladı ki, seçicilərə böyük vədlər vermək niyyətində deyil: "Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma insanların dəstəyilə parlamentə seçilən şəxs də həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən sizə nəyi vəd edirəmsə, onu da edəcəyəm".
Ağalar Vəliyev qəsəbə sakinlərinin ona səs verəcəyi və seçicilərin etimadı nəticəsində deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirdi: "Mən sizə hansı vədləri verirəmsə, onların həyata keçirilməsi üçün var gücümlə çalışacağam".
Görüş iştirakçılarından Niyaməddin Aslanov, Ramin Həsənzadə, Nəbi Yunusov, Ələkbər Babaşov, İsmayıl Ağayev, Hümbət Hüseynov, İbrahim Qasımov və başqaları çıxış edərək, mövcud problemlər barədə namizədə məlumat verdilər, təkliflər irəli sürdülər. Sonda görüşdən razı qalan "Ümid" qəsəbəsinin sakinləri də Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizəd Ağalar İsrafil oğlu Vəliyevə səs verəcəklərini söylədilər.