PDF Oxu

Araşdırma

  • 6

Seçkinin taleyini məhz seçicilər həll edir

Seçkinin taleyini məhz seçicilər həll edir
Dünən - oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının 53 saylı Quba-Qusar seçki dairəsindən namizədi Yevda Sasunoviç Abramovun təşviqatı ilə əlaqədar Qusarın Qalacıq, Minaxur, Yeni Həyat kəndlərində görüşlər keçirilib. Görüşlərdə 700 seçici iştirak edib.
Keçirilən görüşlərdə YAP Qusar rayon təşkilatının sədri David  İbrahimxəlilov Milli Məclis üzvlüyünə namizəd Yevda Sasunoviç Abramovun həyatı və fəaliyyəti barədə məlumat verib. O, Milli Məclis üzvlüyünə namizəd kimi, Y.Abramovun seçicilər arasında böyük rəğbət qazandığını söyləyib. D.İbrahimxəlilov vurğulayıb ki, Y.Abramov bu etimadı, ötən beş il ərzində millət vəkili kimi, uğurlu fəaliyyəti sayəsində əldə edib. O, deputatlığa namizəd Y.Abramovun qanunvericilik sahəsində yaradıcılıq potensialına, şəxsi nüfuzuna və digər müsbət keyfiyyətlərinə görə, rəqiblərini əhəmiyyətli dərəcədə üstələdiyini söyləyib.
D.İbrahimxəlilov 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərini ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını söyləyib. O bildirib ki, partiyanın rayon təşkilatı ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə, qələbə əzmi ilə hazırlaşır: " Seçicilərin YAP namizədlərinin təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə mütləq səs çoxluğu ilə qələbə qazanacağıq. Partiyanın hər bir üzvü və tərəfdarı bu layiqli qələbə naminə təbiliğat-təşviqat kampaniyasında böyük fəallıq göstərir. Bu, arzuolunan və çox təqdirəlayiq haldır və Yeni Azərbaycan Partiyasının gözlənilən inamlı qələbəsini şərtləndirən amillərdən biridir".
D.İbrahimxəlilov seçicilərin deputatlığa namizəd Yevda Abramovu dəstəkləyəcəyinə inandığını söyləyib. O, görüşdə iştirak edən seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Yevda Sasunoviç Abramova səs verməyə dəvət edib.
Görüşlərdə çıxış edən deputatlığa namizəd Yevda Sasunoviç Abramov  bildirib ki, seçicilər kimi seçəcəkləri barədə ciddi götür-qoy etməli və sonra səs verməlidirlər: "Parlament seçkilərində hər bir seçicinin səsi həlledicidir. Seçicilərdən seçki günü böyük fəallıq gözləyirəm. Bu fəallıq arzuolunan və zəruridir. Çünki seçkinin taleyini məhz seçicilər həll edir. İnanıram ki, seçicilərin seçimi bu dəfə də doğru, ədalətli olacaq, onlar məhz "Güclü dövlət, yüksək rifah" naminə seçim edəcəklər. Ümid edirəm ki, sizin səsinizi qazanmaqla 53 saylı Quba-Qusar seçki dairəsinin seçicilərini ikinci dəfə Milli Məclisdə layiqincə təmsil edəcəyəm. Bütün seçiciləri 7 noyabr parlament seçkilərində fəal şəkildə iştirak etməyə çağırıram".
Keçirilən görüşlərdə seçicilər millət vəkili kimi, Yevda Abramovun ötən beşillik fəaliyyətindən razı qaldıqlarını bildiriblar. Yerli sakinlər yenidən millət vəkili seçiləcəyi təqdirdə, Y.Abramovdan səmərəli, uğurlu fəaliyyət gözlədiklərini söyləyiblər. Onlar deputatlığa namizəd Y.Abramovla seçiciləri maraqlandıran məsələlərlə əlaqədar fikir mübadiləsi aparıblar, öz qayğılarını, arzularını dilə gətiriblər.
Deputatlığa namizəd Yevda Abramovun təbliğat-təşviqat xarakterli görüşləri davam edir.

Digər xəbərlər