Seçicilər haqqa və ədalətə səs verəcəklər
Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Gülarə Verdiyevanın "Qarabağ" kinoteatrında seçicilərilə görüşü keçirildi.
200 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşü giriş sözü ilə Gülarə Verdiyevanın səlahiyyətli nümayəndəsi Azər Süleymanov açıb, oktyabrın 15-dən başlayaraq, Milli Məclisə deputatlığı irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin davam etdiyini bildirdi. O, qeyd etdi ki, 21 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Gülarə Verdiyevanın seçicilərlə görüşləri mütəmadi olaraq davam etdirilir. Respublika ərazisində keçirilən prezident, parlament, bələdiyyə kimi seçkilərdə seçicilərin təcrübə qazandığını və maarifləndiyini bildirən səlahiyyətli nümayəndə bu seçkilərdə seçicilərin fəal olaraq namizədinə səs verəcəyini bildirdi:"Seçicilər arasında apardığımız təbliğat-təşviqat kampaniyası seçicilərə seçimdə şəffaflığa və ədalətə səs verməkdə yardımçı olacaq. YAP tərəfindən namizədliyi irəli sürülmüş Gülarə Verdiyevanın vəkillərinin seçiciləri ilə görüşləri yüksək səviyyədə aparılır. Demokratik ənənələrə, dövlətin bizə verdiyi azad seçim hüququna söykənərək, hər bir seçicini haqqa və ədalətə səs verməyə çağırıram. İanıram ki, 7 noyabr tarixində məntəqələrə gələrək, xalqın etimadını doğrulda biləcək namizədə səs verəcəksiniz. İnanıram ki, YAP-ın namizədi yüksək səs çoxluğu ilə seçkilərdə uğur qazanacaq, daim görüşünüzə gələrək, sizi narahat edən məsələləri parlamentdə qaldıracaqdır".
Görüşdə çıxış edən G.Verdiyeva, ilk növbədə, ona göstərilən etimada görə, minnətdarlığını bildirdi. O, qeyd etdi ki, YAP tərəfindən irəli sürülən bir namizəd olaraq, ona göstərilən bu etimadı əməli fəaliyyəti ilə doğruldacaq: "Müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsilin inkişafına söykənir. Azərbaycanda iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir. Hazırda dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrindəki azərbaycanlı tələbələr Türkiyə, Rusiya, Misir, Çin, Çexiya, Slovakiya, Rumıniya, Malayziya, Amerika və başqa ölkələrdə təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, doktorantura və diplomdan sonrakı digər proqramlar üzrə təhsil alanlardır. Bütün bu göstəricilər dövlət səviyyəsində Azərbaycan təhsilinə olan etimaddır. Mən də bir təhsil işçisi olaraq, Azərbaycanda təhsilin inkişfına dəstək olur, gənclərin sağlam düşüncə, əqidə ilə cəmiyyətə inteqrsiyasına var gücümlə çalışıram. Bu, mənim vətəndaşlıq borcumdur. Seçicilər heç zaman seçimlərində səhv etməyiblər və inanıram ki, yenə də azad seçim hüququndan istifadə edərək, obyektivliyi və şəffalığı qoruyacaqlar". O, əmin olduğunu ifadə etmişdir ki dairənin seçiciləri Azərbaycanın demokratik ənənələrini davam etdirməyə layiq olan insanlara səs verəcəklər".
Seçicilər görüş zamanı Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş G.Verdiyevanı YAP-ın layiqli namizədi kimi 7 noyabr seçkilərində dəstəkləyəcəklərini bildirdilər.