PDF Oxu

Araşdırma

  • 14

Tərəqqi və inkişafa doğru

Tərəqqi və inkişafa doğru
Dünən YAP Suraxanı rayon təşkilatının qərargahında 30 saylı Suraxanı birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Fətəliyeva ilə seçicilərin görüşü keçirilib.
Görüşdə YAP Suraxanı təşkilatı aparat rəhbəri Fərman Rəsulov çıxış edərək, noyabrın 7-də səsvermə günü seçiciləri düzgün seçim etməyə səslədi: "İnanıram ki, bu gün Azərbaycanımızın uğurlu gələcəyini düşünən hər bir seçici Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməklə, düzgün seçim etmiş olacaq. Çünki bu seçim uğurlu, xeyirli və faydalı bir seçimdir".
Seçkilərdə müxtəlif partiyalar və fərdi namizədlərin iştirak etdiyini söyləyən F.Rəsulov parlament seçkiləri ilə bağlı öz namizədlərini irəli sürdüyünü vurğuladı. Bildirdi ki, YAP hər bir seçkidə iştirak edərkən, həmişə daha layiqli namizədləri irəli sürüb. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən F.Rəsulov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından ətraflı bəhs etdi. Onun sözlərinə görə, 2005-ci ildən indiyə qədər Azərbaycan böyük inkişaf yolu keçib və bu, hər birimizin gözü qarşısında baş verib: "Bu müddət ərzində iqtisadiyyatımızın yüksəlməsi nəticəsində insanların əmək haqları, pensiyalar artıb, regionlarımızda böyük yeniliklər baş verib. Bu gün xalqımızın yaşayış səviyyəsi xeyli dəyişib. Bütün bu görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir".
F.Rəsulov Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı birinci seçki dairəsindən Milli Məclisə namizədi Sevinc Həbib qızı Fətəliyevanın həyat və fəaliyyəti barədə seçicilərə məlumat verdi. YAP Suraxanı rayon təşkilatının sədri, eyni zamanda, seçiciləri 7 noyabrda keçiriləcək parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırdı.
Görüşdə YAP Suraxanı rayon təşkilatı idarə heyətinin üzvləri Camal Əlirzayev, Oqtay Səmədov, YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Tünzalə Süleymanova, namizədin vəkilləri Zəkiyyə Musayeva və Hikmət Babayev çıxış edərək, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu gün xeyli güclənərək, ətrafında 500 mindən çox üzvü birləşdirdiyini söylədilər. Bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə partiyamız inkişafının yeni mərhələsinə qədəm qoyub. Görüşdə 30 saylı Suraxanı birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Fətəliyeva çıxış edərək, bildirdi ki, YAP-ın Seçki Proqramında göstərilən sahələrə daha çox diqqət yetirəcək. S.Fətəliyeva daha sonra platforması və seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində geniş məlumat verdi: "Partiyamız öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir. Bu faktor vətəndaşların YAP-a olan inamını daha da artırır. Mən sizi əmin edirəm ki, əgər Milli Məclis üzvlüyünə seçiləcəyəmsə, sizləri ləyaqətlə təmsil edəcəyəm. Bütün problemlərinizin həllinə çalışmaq, kömək etmək bir suraxanılı kimi mənim borcumdur. Amma mənim ən böyük məqsədim və vəzifəm Konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində Azərbaycanın inkişafına yardım etməyə çalışmaqdır".
Görüşdə çıxış edən seçicilər də bildirdilər ki, onlar artıq öz seçimlərini ediblər. Onlar üçün başlıca amil ölkəmizin inkişafı və sabitliyin möhkəmlənməsidir. Ona görə də, onlar hakim Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.

Digər xəbərlər