Xalqın seçimi Yeni Azərbaycan Partiyasıdır
Dünən 107 saylı Qazax seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Ürkməzli və Dəmirçilər kəndlərində seçicilərlə görüşü keçirilib. Ürkməzli kəndində keçirilən görüşdə 500-ə yaxın kənd sakini iştirak edib. Görüşdə çıxış edən YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandırıb.
Bildirib ki, Yeni Azərbaycan Partiyası 107 saylı Qazax seçki dairəsindən professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Əhməd Vəliyevin Azərbaycanın görkəmli ziyalılarından olduğunu qeyd edən H.Pənahov bu vaxta qədər onun əsas fəaliyyətinin elm-təhsil istiqamətində olduğunu söyləyib.
Təşkilat sədri noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçiciləri fəal olmağa və YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevi dəstəkləməyə çağırıb.
Tədbirdə çıxış edən Qazax Müəllimlər İnstitutunun rektoru, YAP seçki qərargahı Qazax rayon şöbəsi təbliğat qrupunun üzvü, professor İsa Veyisov Yeni Azərbaycan Partiyasının Azərbaycanda xalq tərəfindən dəstəklənən və böyük potensiala malik ən güclü partiya olduğunu bildirib. YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərindən, sosial-iqtisadi uğurlardan danışan İ.Veyisov YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevin görkəmli alim olduğunu vurğulayıb. Ə.Vəliyevi elinə-obasına bağlı insan kimi tanıdığını bildirən İ.Veyisov seçiciləri noyabrın 7-də keçiriləcək parlament seçkilərində aktiv olmağa və YAP-ın deputatlığa namizədi Ə.Vəliyevə səs verməyə çağırıb.
YAP Siyasi Şurasının üzvü Abbas Göyüşov isə Ə.Vəliyevin bir insan kimi şəxsi keyfiyyətlərindən və ölkəmizin ictimai-siyasi həyatında seçilən fəaliyyətindən söz açıb. Bildirib ki, Ə.Vəliyev YAP-ın ilk fəallarından olmaqla yanaşı, həm də Azərbaycanda elmin və təhsilin inkişafında böyük rol oynamış şəxsiyyətlərdən biridir. Abbas Göyüşov noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərində bütün seçiciləri aktiv olmağa və professor Əhməd Vəliyevə səs verməyə çağırıb.
Görüşdə seçicilər qarşısında çıxış edən Əhməd Vəliyev Yeni Azərbaycan Partiyasının ölkəmizin uğurlu iqtisadi inkişafına yeni çalarlar gətirəcək vahid seçki platformasından danışıb. Seçici dəstəyi qazanarsa, hər zaman seçicilərinin yanında olacağını və problemlərinin həlli ilə bağlı dövlət qurumları qarşısında müvafiq məsələlər qaldıracağını bildirib. 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsinə görə, YAP-ın rəhbərliyinə təşəkkür edən deputatlığa namizəd öz fəaliyyəti ilə həm partiya rəhbərliyinin, həm də seçicilərinin etimadını doğrultmağa çalışacağını söyləyib. Deputatlığa namizəd noyabrın 7-də keçiriləcək seçkilərdə seçiciləri aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırıb. Deputatlığa namizəd kənd sakinlərinin fikirlərini dinləyərək, onların problemləri ilə də maraqlanıb.
YAP - ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən, həmçinin Qazağın Dəmirçilər kəndində də seçicilərlə görüşüb. 450 - dən artıq kənd sakininin iştirakı ilə keçirilən görüşdə çıxış edən YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandırıb. Təşkilat sədri Yeni Azərbaycan Partiaysı tərəfindən 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş professor Əhməd Vəliyevin fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandırıb. YAP-ın Azərbaycanda yeganə aparıcı siyasi partiya olduğunu diqqətə çatdıran H. Pənahov YAP-ın və onun namizədlərinin hər zaman xalq tərəfindən dəstəyini qazandığını bildirərək, budəfəki seçkilərdə də seçicilərin bu dəstəklərini bir daha nümayiş etdirəcəklərinə əmin olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Qazax Müəllimlər İnstitutunun rektoru, YAP seçki qərargahı Qazax rayon şöbəsi təbliğat qrupunun üzvü, professor İsa Veyisov, YAP Siyasi Şurasının üzvü Abbas Göyüşov və digərləri çıxış edərək, noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərində bütün seçiciləri aktiv olmağa və YAP-ın Qazaxdan deputatlığa namizədi, professor Əhməd Vəliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev seçilərsə, öz fəaliyyəti ilə həm partiya rəhbərliyinin, həm də seçicilərinin etimadını doğrultmağa çalışacağını bildirib. Əhməd Vəliyev noyabrın 7-də keçiriləcək seçkilərdə seçiciləri aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırıb. Deputatlığa namizəd kənd sakinlərinin fikirlərini dinləyərək, onların problemləri ilə də maraqlanıb.
Görüşdə Dəmirçilər kəndindən olan seçicilər çıxış edərək, Əhməd Vəliyevi yaxşı tanıdıqlarını və noyabrın 7-də seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevə səs verəcəklərini bildiriblər.
YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevin təşviqat kampaniyası davam edir.