Seçkilərin qalibi Yeni Azərbaycan Partiyası olacaq
Dünən YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun Ağstafa şəhərinin mərkəzində seçicilərlə növbəti görüşü keçirilib. 450 nəfərdən artıq seçicinin qatıldığı görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov YAP-ın Azərbaycanda yeganə aparıcı partiya olmasından danışıb. Bildirdi ki, YAP ümumxalq partiya adını cəmiyyətdə xeyirli, gərəkli fəaliyyəti ilə qazanıb.
Təşkilat sədri son illər ölkəmizdə YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu işlər nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşmasından, iqtisadi uğurlardan və geniş miqyaslı quruculuq-abadlıq işlərindən də söhbət açıb.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi Nizami Cəfərov da seçicilər qarşısında çıxış edərək, onları noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə aktiv olmağa çağırıb. N.Cəfərov bu günə qədər keçirilən seçkilərdə ağstafalıların YAP-ın namizədinə dəstək verdiklərini bildirərək, budəfəki seçkilərdə də düzgün seçim edəcəklərinə və Azərbaycanın ən böyük partiyasının namizədinə səs verəcəklərinə inandığını bildirib. N.Cəfərov seçicilərin YAP-ın namizədinə səs verməklə, həm də Azərbaycan dövlətçiliyinə, Azərbaycanın inkişafına və uğurlu gələcəyinə səs verdiklərini bildirib.
Görüşdə seçicilər də onları maraqlandıran məsələlərin həlli ilə bağlı fikirlərini açıqlayıblar. Ağstafa sakinləri builki parlament seçkilərində YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərovdan rayondakı bir sıra sosial problemlərin həllinə kömək göstərilməsini xahiş edərək, bütün seçkilərdə olduğu kimi, noyabrın 7-də də seçki məntəqələrinə gedərək, YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Dünən YAP-ın Ağstafa rayon təşkilatının rəhbərliyi ilə YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi Nizami Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində daha bir görüşü rayonun Dağ Kəsəmən kəndində keçirilib. 300 nəfərdən çox seçicinin iştirakı ilə keçirilən görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri R. Tatarov noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçiciləri məlumatlandırıb. Bildirilib ki, bu seçkilərdə YAP 108 saylı Ağstafa seçki dairəsindən hazırda Ağstafanın deputatı olan Nizami Cəfərovun deputatlığa namizədliyini irəli sürüb. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçicilərin ən layiqli namizədə səs verməkdə müstəqil olduqlarını bildirən YAP-ın 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədi N.Cəfərov isə öz çıxışında seçiciləri öz platforması ilə tanış edib. Ağstafa əhalisinin onu yaxından tanıdığını bildirən deputatlığa namizəd budəfəki seçkilərdə seçicilərin etimadını qazanarsa, onların problemlərinin həllinə yaxından kömək etməyə çalışacağını, bununla bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldıracağını bildirib. Həmçinin, N.Cəfərov bildirib ki, millət vəkilinin fəaliyyətinin əsasını qanunvericilik fəaliyyəti təşkil edir. Deputatlar müəyyən məsələlərin həlli ilə bağlı dövlət qurumları qarşısında yalnız təklif və təşəbbüslə çıxış edə bilirlər. Nizami Cəfərov bildirib ki, əgər noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçicilər yenidən onu öz millət vəkilləri seçərlərsə, həmin problemlərin həlli ilə yaxından maraqlanaraq, onların həllinə çalışacaq.
Görüşdə seçiciləri maraqlandıran bir sıra suallara cavab verilib. Dağ Kəsəmən kəndindən olan seçicilər kənddəki bəzi sosial problemlərin həlli ilə bağlı N.Cəfərovdan hökumət qurumları qarşısında məsələ qaldırmağı xahiş ediblər. Görüşdə çıxış edən qəsəbə sakinləri noyabrın 7-də bütün seçicilərin seçki məntəqələrinə gələrək, YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə namizədinə səs verəcəklərini bildiriblər.
YAP-ın 108 saylı Ağstafa seçki dairəsi üzrə deputatlığa namizədi N.Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.