YAP-ın məqsədi Azərbaycanı daha qüdrətli görməkdir
Dünən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatı YAP tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Sevinc Həbib qızı Fətəliyevanın təşviqatı ilə əlaqədar rayonun Zığ qəsəbəsinin sakinləri ilə görüşü keçirilib. Görüşdə 1000 nəfərə yaxın seçici iştirak edib.
Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açıb. O, Milli Məclis üzvlüyünə namizəd Sevinc Həbib qızı Fətəliyevanın həyat və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. V.Seyidov çıxışı zamanı qeyd edib ki, partiyanın rayon təşkilatı həmişə ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə, qələbə əzmi ilə hazırlaşır: "Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı partiyanın "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Bu baxımdan, Milli Məclisə növbəti seçkilərlə əlaqədar Suraxanıda Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərin YAP namizədlərinin təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq. Çünki 7 noyabr parlament seçkilərinə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik".
YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu söylədi. Əhalinin bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduğunu deyən F.Rəsulov suraxanılıların bu prosesdə də fəallıq göstərəcəklərini bildirib: "Mən inanıram ki, hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən Suraxanı rayonunun, o cümlədən, Zığ seçiciləri bu dəfə də inkişafa - yəni, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
Görüşdə çıxış edən deputatlığa namizəd Sevinc Həbib qızı Fətəliyeva qeyd edib ki, seçicilərin yüksək dəstəyi sayəsində Suraxanı camaatını Milli Məclisdə təmsil edəcəyinə inanır: "Son illər Suraxanı öz simasını tanınmaz dərəcədə dəyişib, insanların yaşayışı daha da yaxşılaşıb. İnsanların işıqlı sabaha, xoşbəxt gələcəyə, yüksək rifaha inamı bir qədər də artıb. Ölkədə baş verən sürətli, davamlı sosial-iqtisadi inkişaf hər kəsi qurmağa, tikməyə, yaratmağa həvəsləndirir. Seçicilər bunu yaxşı bilir və yüksək qiymətləndirirlər".
Milli Məclis üzvlüyünə namizəd Sevinc Fətəliyeva görüşdə öz seçki platforması barədə seçicilərə geniş məlumat verib. Sevinc Fətəliyeva müvafiq dairədə hər bir seçicinin səsini qazanmaq üçün çalışdığını, seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağına inandığını və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib. O, seçkilərdə qalib gələcəyi təqdirdə, seçicilərinin etimadını doğrultmağa çalışacağını söyləyib.
Görüşdə namizədin səlahiyyətli vəkilləri Zəkiyyə Musayeva, Hikmət Babayev də Zığ seçicilərini əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Keçirilən görüşdə seçicilər namizədlə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, öz qayğılarını, arzularını dilə gətiriblər.