Yeni Azərbaycan Partiyasının təbliğat və təşviqat kampaniyası davam edir
101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Məmmədov İlham Müseyib oğlu seçicilərlə növbəti görüşlərini keçirib. Görüşlər Göygöl rayonunun Xaqani, Quşqara, Nadil, Əlimədədli, Səmədli, Bəhrəmbəy kəndlərində keçirilib. YAP Göygöl rayon təşkilatı aparatının rəhbəri Rəşad Veyisov seçiciləri salamlayaraq, noyabrın 7-də keçiriləcək parlament seçkilərində göygöllüləri, həmişə olduğu kimi, böyük fəallıq nümayiş etdirməyə səslədi. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyası xalqın böyük sevgisi ilə əhatə olunduğu üçün bu seçkidə də vətəndaşlarımız, birmənalı şəkildə, "Güclü dövlət, yüksək rifah" prinsipinə dəstək olacaqlar.
Seçicilərlə görüşdə çıxış edən YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Məmmədov ölkəmizin hər bir bölgəsində görülən quruculuq-abadlıq işlərinin Göygöl rayonundan da yan keçmədiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycan özünün malik olduğu yüksək inkişaf strategiyası ilə dünyada ən qabaqcıl yerlərdən birini tutub. Məhz bu inkişafın kökündə Ulu Öndər Heydər Əliyev siyasətinin, cənab Prezident İlham Əliyevin böyük mütərəqqi ideyalarının dayandığını bildirən İ.Məmmədov qarşıdan gələn seçkilərin də ölkəmizdə demokratik dəyərlərin yenidən təzahürü baxımından, mühüm bir əhəmiyyətə malik olduğunu söylədi. Seçiciləri noyabrın 7-də seçki məntəqələrinə gələrək, YAP-ın namizədlərinə dəstək olmağa səsləyən İ.Məmmədov bu seçkinin də azad və ədalətli bir şəkildə yekunlaşacağına əminliyini ifadə etdi.